Pərvin: "Son vaxtlar müşahidə edirəm ki, uşaqlarımızı daha çox serial səviyyəsində tərbiyə edirik. 16 yaşlı qızın çəkdiyi videodan görünürdü ki, uşağın danışığında həmin serialların leksikonu yer alıb"Fərqanə Mehmanqızı:"Bu sadəcə insanın psixologiyasında uzun müddət yığılan “yaranın” açılmasıdır "
Bu il may ayının 27-də Biləsuvar rayonunun Ağalıkənd kəndində məktəbli qız özünə qəsd edib. 16 yaşlı Səkinə Məmmədova nişanlısının ona xəyanət etməsini əsas gətirərək həyətlərinin tövləsində özünü asıb. Səkinənin intiharından öncə özünü videolentə alması, çəkdiyi videoda ifadə etdiyi fikirlər mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Son illərdə sevgi məsələsinə görə, intihar faktlarının artması isə cəmiyyəti ciddi narahat edən problemlərdəndir. Psixoloqlar və ictimaiyyət nümayəndələri də bu tipli hadisələrin artıq siqnal olduğunu diqqətə çatdırırlar.
Bu barədə "Sherg.az”a danışan tanınmış yazar Pərvin 16 yaşlı qızın intiharı məsələsində əsas yükün təhsilin, maarifin boynuna düşdüyünü vurğulayıb. Onun fikrincə, yeniyetmələrin bu tip səbəblərdən intihara əl atması ailənin uşağının tərbiyəsi ilə bağlı buraxdığı boşluqdan, təhsilin və elmin aşağı səviyyədə aşılanmasından irəli gəlir:"Son vaxtlar müşahidə edirəm ki, uşaqlarımızı daha çox serial səviyyəsində tərbiyə edirik. Bu o deməkdir ki, dünyadan xəbəri olmayan uşaq türk seriallarının təsirinə düşür, fikirləşir ki, həyat elə budur. Serialların təqdim etdiyi hadisələr isə real həyatla heç vaxt uzlaşa bilməz.
16 yaşlı qızın çəkdiyi videodan görünürdü ki, uşağın danışığında həmin serialların leksikonu yer alıb. 16 yaşlı qız "mən ya sənin olacağam, ya da qara torpağın”, "sənə başarılar diləyirəm”, "həyatında mən olmasam da, arzu edirəm ki, ən gözəl qadın sənin həyat yoldaşın olsun” və s. ifadələr işlədir. Bunu hər kəs dərk edir ki, 16 yaşında uşaq bu təfəkkürdə heç vaxt ola bilməz. Sadəcə, o baxdığı serialların təsiri ilə, həmin psixikada addım atır. Nəyə xəyanət deyir, bunu belə bilmir, amma "xəyanət”lə üzləşməsinin həyatının sonu olduğunu fikirləşir”.
Pərvin hesab edir ki, cəmiyyətdə yaranmış boşluqları aradan qaldırmaq üçün maarifçilərin XX əsrin əvvəllərində başladığı işi davam etdirməliyik:
"Qadınların maarifləndirilməsi, təhsilin önəmi bütün bölgələrdə aşılanmalıdır. Bu mövzuya cəmiyyətdə, sosial şəbəkələrdə tez-tez toxunulur. Qızların erkən ailə qurması, təhsildən yayınması Səkinənin simasında yeniyetmə qızlarımızı uçuruma aparır. Səkinənin intiharı, özünü öldürməzdən əvvəl video çəkməsi, ifadə etdiyi fikirləri cəmiyyət üçün həyəcan təbilidir.
Bu məsələdə elmi yanaşmanın qoyduğu tələblər də nəzərə alınmalıdır. Hər bir valideyn bilməlidir ki, müəyyən yaş dövründə uşaqların ən çətin və ziddiyyətli vaxtıdır. Bu müddətdə uşağı nəzarətsiz buraxmaq olmaz. Bu o demək deyil ki, arxasınca gəzib, hər addımını izləməlisən. Uşağın nə düşündüyü, necə yaşadığı ilə maraqlanmalısan. Səkinənin ailəsini ittiham etmək fikrim yoxdur. Amma bu hadisə bütün valideynlərə, cəmiyyətə mesajdır. Biz uşaqlarımızı nə ilə tərbiyə edirik, bunu düşünməli, övladlarımızı gözü açıq böyütməliyik”.
Psixoloq Fərqanə Mehmanqızı isə Səkinənin dəfələrlə intihara cəhd etdiyini, videoda dediyi kimi rəfiqələrinin bunu hiss edib, onu fikrindən daşındırdığını xatırladıb. O bildirib ki, intiharın səbəbi baş verən hadisə deyil:"Bu sadəcə insanın psixologiyasında uzun müddət yığılan "yaranın” açılmasıdır. İntihar tək Azərbaycanda deyil, bütün dünyada bir dalğa kimi yayılır. Üzdə göstərilən səbəblər nə olur olsun, əsl mahiyyət daha dərindədir. 16 yaşında yeniyetmə, həyatının vacib qərarlarını verməyə belə çətinlik çəkən şəxs ən önəmli addımı atır, düşünmədən ailə qurur. 16 yaşında qızın sevməsi normal hadisədir. Amma bu ötəri hisslərin üzərində ciddi qərarların verilməsi düzgün hal deyil.
İntihar cəhdi baş tutan hər kəs əvvəllər də bunu edib, amma alınmayıb. İntihar qısamüddətli depressiyaların kuliminasiya nöqtəsi, inanın özünü dəyərsiz hiss etdiyi son məqamdır. Halbuki insan psixologiyası özünü dəyərli hiss etmək, özünü qorumaq instinktləri ilə qurulub. İntihara cəhd edən hər bir şəxsin qısamüddətli depressiyaları olub. Uşaqlıqdan onunla necə rəftar olunması, şəxsiyyətin möhkəm formalaşması şəxsin gələcəyi üçün mütləq rol oynayır. Kiçik depressiyadan əziyyət çəkənlər deyir ki, mühit məndən kobud şəxsiyyət formalaşdırdı. Əgər ətrafın buna gücü çatırsa, deməli, yaxşı insan kimi də şəxsi yetişdirə bilər. Amma biz yaxşı insan olduqda bunun üçün özümüzə minnətdar oluruq, pis olduqda isə məsuliyyəti mühitin üzərinə atırıq. Mənəvi dəyərlərin qorunması dedikdə geyim, digər dəyərlər düşünülməməlidir. Mentalitetin daha müsbət keyfiyyətlərini qabarda bilərik”.
Aysel Aslan