"2-3 ildən sonra seriallarımız da mükəmməl olacaq"
Ülfət Bəşirova: "Vaxt var idi aktyor qrimi üzündən silmədən qaçırdı ki, taksi kimi işləyib evinə çörək aparsın"
Kino sahəsində çalışanlar serialı ciddi kino əsəri kimi qəbul etməsələr də, bir həqiqət danılmazdır ki, bu gün serialları izləyən böyük tamaşaçı kütləsi var. Bu, təkcə bizdə deyil, bir çox ölkələrin də statistikasında özünü göstərib. Yerli seriallara da münasibət birmənalı deyil. Onları izləyənlər olduğu kimi, yerli seriallara maraq göstərməyənlər də var. Bəs, niyə yerli serialların keyfiyyəti hələ də bizləri qane etmir? Yeri gəlmişkən, yerli ekran işlərində gənc aktyorlar, aktrisalar da var ki, onlar digərlərindən fərqlənə bilirlər. Son illər yerli seriallarda adına daha çox rast gəldiyimiz gənc aktrisa Ülfət Bəşirova «Şərq»in budəfəki qonağı oldu. Onunla bu günün ekran işlərindən danışdıq.
- Azərbaycan reallığında bir xanımın səhnəyə gəlməsi, aktrisa olması birmənalı qarşılanmır. Çətin olmadı bu seçimi etmək?
- Mən sənətə bu sahəni sevərək gəlmişəm. Amma sənətə gələndə ailədən elə bir ciddi, sərt təpki almadım. Demirəm, seçimim ürəklərincə oldu. Amma qarşı da çıxıb qadağa qoymadılar, yolumu kəsmədilər. Yəni ailədən tək bu dəstək oldu. Seriallara çəkilməyə başlayanda ailəm gördü, sonralar hətta sevindilər də. Əslində mən hələ məktəb illərindən, 8-9-cu sinifdən çəkilməyə başlamışam. Bir dəfə kastinqlərdən birində seçildim, seriala dəvət etdilər. O serialda da məni görüb digər seriala dəvət etdilər. Yəni qısa zamanda bir neçə çəkilişə dəvətlər aldım.
- Tanınmışların həyatlarına paxıllıq, qibtə edənlər də olur. Amma sizin həyatınızın görünməyən tərəfləri və çətinlikləri diqqətdən qaçır. Son vaxtlar seriallarda ən çox çəkilən gənc aktrisasan...
- Hər mövsüm bir serialda çəkilirəm. Təbii ki, dəvətlər gəlir, seçim edirəm. Qaldı paxıllıqlara, qibtəyə, mən bilmirəm kim mənə paxıllıq edir. Mənim üçün bunun qətiyyən bir önəmi yoxdu. Çünki sadəcə məqsədlərimə doğru addımlayan insanam. Seriallarda çox görünməyimə gəlincə isə son vaxtlar seriallara ara verməyə qərar verdim. İstəmirəm tamaşaçının gözü yorulsun. Bir az kənara çəkilmək, müşahidə etmək, bir az tamaşaçını darıxdırmaq lazımdır. Bizdə serial sferası o qədər də inkişaf etməyib. Hələ təzə-təzə serial təcrübəsi yaranır. Təbii ki, əvvəlki illərlə müqayisədə indi serial, film çəkilişlərində irəliləyiş var. 5-10 il əvvəl kino sənəti tamamilə sükut içində idi. Yəni o illərlə müqayisədə, bu gün əməlli-başlı kino sahəsində ciddi işlər görülür. Amma bu, yetərli deyil. Keyfiyyət məsələsində problemlər var. Təbii ki, bir neçə il əvvəl 1-2 serial çəkilirdi, tamaşaçı seçim imkanı əldə edə bilmirdi. Ən yaxşı halda yerli seriallara baxılmırdı. İndi bir mövsümdə bir neçə serial çəkilir, tamaşaçı seçmək imkanı əldə edib. Müşahidə etmişəm. Tamaşaçı hər serialı da izləmir.
- Türk serialları ilə yerli seriallar tez-tez müqayisə olunur. Niyə biz türklər kimi maraqlı seriallar çəkə bilmirik?
- Türk serialları bizim tamaşaçı üçün maraqlıdır. Çünki orda keyfiyyət hiss olunur. Maraqlı ssenari, rejissor işi, aktyor oyunu biri-birini tamamlayır. Bizdəki serialların ssenarisi çox zəifdir. Təkrarçılıq, oxşarlıq çoxdu. Amma əsas bir səbəb var. Mənə elə gəlir, bütün bunlar maddiyyatla bağlıdır.
- Nədənsə, yerli seriallardakı bütün çatışmayan qüsurları hamı maddiyyata bağlayır. Doğrudanmı təkcə maddiyyatın təsiri var? Burda ssenari, aktyor plastikası, professional rejissor işi niyə nəzərə alınmır?
- Demirəm bütün problemlər maddiyyatla bağlıdır. Amma keyfiyyətli ekran işi üçün maddiyyatın önəmi böyükdür. Təbii ki, sizin qeyd etdiyiniz amillərin də təsiri var. Amma ən böyük problem maddiyyatla bağlıdır. Türklərin bir bölümə xərclədiyi vəsaitə bizdə bütünlükdə serial çəkilir. Burda fərqin olmaması mümkün deyil. Aktyora, rejissora yaxşı qonorar verilirsə, o, daha ürəklə işini görür. Bizdə aktyorlar ora-bura qaçır ki, evinə 5 manat pul apara bilsin. Onun sosial qayğıları yaradıcılığına təsirsiz ötüşmür. Şahidi olduğum bir hadisəni danışım. Bir aktyorumuz səhnədə oyununu oynayan kimi, demək olar ki, qrimi üzündən tam silmədən səhnədən çıxıb getdi ki, taksi sifarişim var. Bu, bizim teatrlarımızdan birində yaşanıb. Hardasa 6 il əvvəl, şahidi olduğum səhnə bu gün də məni düşündürməyə vadar edir. Aktyor səhnədən çıxandan sonra taksi sürücüsü kimi axşamlar çalışırdı ki, evinə çörək aparsın. O aktyorun sizcə səhnədə təqdim edəcəyi potensial nə qədər çox ola bilər?
- Təsadüfi aktyorların, sənətdən xəbəri olmayanların bu gün seriallarda çəkilməsi, 50 manat qonorarla çəkilən aktyorların necə, günahı yoxdu? Axı keyfiyyətsiz seriallarda belələrini daha çox görmək olur.
- Bilirsiz, təbii ki, savad, təhsil vacibdir. Mən özüm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olmuşam. Əvvəllər düşünmürdüm ki, ali təhsil alaraq aktrisa olacam. Həvəskar aktrisa kimi də bu işi görə biləcəyimə əmin idim. Çünki bu sənətə sevgim var idi. Amma ali təhsil alanda sənətin ciddi tərəflərini də öyrənmiş oldum. Digər bir məqamı da diqqətdən qaçırmayaq. Kino deyəndə ilk əvvəl Hollivud aktyorları gözümüzün önündə canlanır. Onların böyük əksəriyyəti nə qədər tanınmış məşhurlar olsalar da, ali təhsilləri olmayıb. Mən onların həyatları ilə maraqlanmışam. Onların demək olar heç biri universitet bitirməyib, amma kino sahəsində uğur qazana biliblər, dünyaca məşhurlaşıblar. Sonralar özüm üçün onu da bir daha təyin etdim ki, Hollivudla Azərbaycan reallığı eyni deyil. 50 manatlıq aktyorların seriallarda çəkilməsinə gəlincə, nəyə görə onlara müraciət edilir? Bayaq dediyimiz maddiyyatla bağlıdır. Az pula iş ortaya qoymaq sərfəli görünür. Bizdə əvəz olunmayan aktyor, aktrisa da yoxdu. Mən çəkilmərəm, Minayə çəkilər, ya Cəlalə. Sənətə dəyər qalmayıb. - Bəzən sənətə gələnlər kimisə görüb, ona bənzəyərək aktyor olmağı düşünür. Kiməsə bənzəmək istəmisiz?
- Kimsəyə bənzəmək istəmirəm. Film izləməyi sevirəm. Lakin kimdənsə örnək götürmürəm. Film izləmək mənim üçün vaxt keçirmək deyil. Bu bir prosesdir. Rahat başla, diqqətlə izləyirəm.
- Yeni çəkilən yerli filmləri izləmisiniz, onlara münasibətiniz necədir?
- Çox adam deyir ki, bizdə kino yoxdur. Bu fikirlər mənə çatmır. Sevinmək lazımdır ki, son 3-4 ildə filmlər çəkilir. Nədənsə başlanılıb. 2-3 ilə hər şey mükəmməl olacaq. Əlbəttə, qədim filmlərimiz tarixdir, o səviyyəyə çatmağa hələ çox var. Amma 4 il öncə çəkilən ilə indiki filmlər arasında çox fərq var. Hər şey yaxşılığa doğru gedir. Bu, sevindirici haldır. Heç kimi qınamaq lazım deyil.
- Yaşlı nəsillə gənc nəslin davası hər zaman hiss olunur. Köhnə, sizdən sənətdə daha yaşlı sənətçilərlə problemlər yaşanırmı? Sizi sıxıb, məhdudiyyətlər yaradırlarmı?
- Mənim belə bir çətinliyim olmayıb. Heç bir yaşlı sənətçi ilə çətinlik yaşamamışam. Təbii eşitmişəm, amma başıma gəlməyib. Mənim müəllimim Xalq artisti Zemfira Nərimanova olub. Onun kimi bir pedaqoq, sənətçi görməmişəm. O mənə həmişə dəstək olub. O bizə təkcə dərslə bağlı
üçün, məsləhət edir ki, çəkiliş meydançasına gedəndə öz qrim kistiniz, şotkanız olsun ki, başqasının üzündəki tər sizin üzünüzə dəyməsin, səpki yaratmasın.
- Heç deyiblərmi oxşarlığınız var. Hətta sizə həvalə olunan obrazların xarakterləri də Zemfira xanımın vaxtilə yaratdığı obrazlara yaxındır.
- (Gülür). Mən 1-ci kursa daxil olanda Xalq artisti Valeh Kərimovun kursuna düşmüşdüm. Valeh müəllimin kursu estrada teatrı ixtisası üzrə idi. Dekanlığa müraciət etdim ki, məni dram aktyoru fakültəsinə keçirsinlər, dram aktrisası olaraq təhsil almaq istəyirəm. Hətta Valeh müəllim də mənə dedi ki, sən Zemfira Nərimanovaya çox oxşayırsan. Çox sevdiyim aktrisa olduğu üçün səni öz kursumda görmək istərdim. Elə oldu ki, mən kursumu dəyişdim, Zemfira xanımın tələbəsi oldum. Mən özümü şanslı hesab edirəm ki, elə bir müəllimim olub, məni ona oxşadırlar. Həyatda da sanki oxşarlıqlarımız var. Mənim üçün böyük bir fəxrdir ki, Zemfira xanıma oxşayıram. Hətta tələbəlik dönəmində tamaşalar hazırlayardıq. Həmişə deyirdim ki, istəyirəm xarakterik obrazlar oynayım. Zemfira xanım deyirdi ki, elə obrazı yaratmaq hərdən çətin də olmur. Lirik obraz oynamaq da aktyor potensialını göstərməyə imkan yaradır. Mənim elə bil başıma daş düşür lirik obraz həvalə ediləndə. Özümü çox narahat hiss edirəm. Deyək ki, Culyetta kimi obrazlarda özümü narahat hiss edirəm. Mənə tam əks bir obrazdı. Çoxları Culyetta obrazını yaratmağı arzulayır. Mən isə o obrazı qətiyyən sevə bilmədim. Hətta yadımdadı, 2-ci kursda oxuyanda tamaşalar hazırlayırdıq. Zemfira xanım bizimlə məşqlər edirdi. Mən də bir tamaşada Esmiraldo obrazına hazırlaşırdım. Zemfira xanım gəldi, ciddi şəkildə mənə bildirdi ki, xeyr, sən bunu oynamayacaqsan.
Sən Culyettanı oynamalısan. Mən darmadağın oldum, ümidlərim puç oldu. Axı başqa tamaşaya, başqa obraza hazırlaşmışam. Mən və Culyetta fərqli xarakterlər... Səhnədə tamamilə kompleksiz insanam. Hətta tələbə vaxtı hazırladığımız tamaşada doğum səhnəsini də oynamışam. Təsəvvür edin ki, mənim kimi komplekssiz insan, bütün uşaqlardan xahiş edirdim ki, məşqimi ən sona saxlasınlar ki, hamı getsin, məni görən olmasın. Axırda tamaşaya 2-3 gün qalmış tamaşa izlənməlidir, səhnədə əlim-ayağım əsirdi. Ən böyük istəklərimdən biri isə səhnədə qadın olaraq Hamlet obrazını yaratmaqdır. Bu bəlkə də ən çox arzuladığım obrazdı. Qadın olsam da, səhnədə Hamleti oynamaq istəyirəm.
Tahirə Məmmədqızı