20 ildir biz ruslardan qardaşlıq görməmişik

Ekspertə görə, generalın sözləri başımızın altına yastıq qoymaq üçündür



"Rusiya-Ermənistan qoşun qruplaşması Azərbaycana qarşı deyil”. 

Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, Hava Desant Qüvvələrinin keçmiş komandanı Vladimir Şamanov deyib.

General bildirib ki, birləşmiş qoşun qruplaşmasının yaradılması sırf müdafiə məqsədi daşıyır:
"Bu, Rusiyanın cənub sərhədlərini qorumaq üçün yaradılıb. Sovet İttifaqı dövründə Bakı Hava
Hücumundan Müdafiə Dairəsi vardı və SSRİ-nin cənub sərhədlərini qoruyurdu. ErmənistanRusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqidir. Ona görə də Rusiya bu
ölkə ilə hava hücumundan müdafiə sistemini birləşdirib”. Şamanov bəyan edib ki, söhbət quru
qoşunlarından deyil, hava hücumundan müdafiə qoşunlarından gedir. Saziş müdafiə xarakteri
daşıdığı üçün Komitə tərəfindən dəstəklənib: "Bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana
qarşı ola bilməz”. 

Generalın açıqlaması ilə bağlı "Şərq”ə danışan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib ki, Şamanovun açıqlaması qeyri-səmimidir. 

Ekspertə görə, generalın sözləri başımızın altına yastıq qoymaq üçündür:


 "Şamanov Azərbaycana "qardaş” ölkə deyir, amma biz 20 ildə Rusiyanın həqiqi qardaşlığını görməmişik. Məgər düşmənlərimizi himayə edən, onlara hər cür yardım göstərən Moskva deyilmi? Bizə "qardaş” deyən Şamanov bir dəfə olsun ermənilərin işğalçılıq siyasətini pisləməyib. Rusiya 20 ildən artıqdır bizi barmağına dolayır. General Şamanov Prezident Putinin yaxın çevrəsindəndir və Dövlət Dumasında önəmli komitəyə sədrlik edir. Görünür, özünü ağıllı sayan general Azərbaycana milyardlarla dollar dəyərində yeni silahlar satmaq üçün fürsət axtarır. Rusiya zənn edir ki, Azərbaycana silah satdığı üçün istədiyi addımı ata bilər. Azərbaycan müstəqil siyasət yeridir. Biz hamıya öz yerini göstərməyə qadir dövlətik”. 

Ü.Cəfərov bildirib ki, Rusiya Federasiyasının 2049-cu ilədək Ermənistanda yerləşəcək 102-ci hərbi bazası ən müasir silah və texnika ilə hərtərəfli təchiz olunub: 

"Rusiyanın və yaxud onun Cənubi Qafqazdakı ən sadiq və birmənalı vassalı Ermənistan üçün hansı təhlükə mövcuddur ki, onlar əlavə birləşmə yaradılması haqqında qərar qəbul edirlər? Hərbi birləşmə
regionda sadəcə iki dövləti təhdid edir - Gürcüstanı və Azərbaycanı. Gürcüstan NATO-nun
himayəsi altında olduğuna görə, yeganə təhlükə Azərbaycan üçün qalır. Özü də bu birləşmənin
komandanı qatı millətçi, erməni generalı Arkadi Makaryandır. Kim qarantiya verir ki, sabah erməni
generalı birləşmiş ordudan kefi istədiyi kimi istifadə etməyəcək”.

İsmayıl