20 müqavilənin imzalanması böyük göstəricidir
Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanı deməkdir
Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf tempi yüksəkdir və ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün böyük potensial var. Prezident İlham Əliyevin Türkmənistana son rəsmi səfəri və səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər belə deməyə əsas verir ki, hər iki ölkə rəhbərliyi iki qardaş və dost xalq arasında tarixi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır. Ümumiyyətlə, Azərbaycan və Türkmənistan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. 2017-ci ildə "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Bu bəyannamə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir.
Prezident İlham Əliyevin 21-22 noyabr tarixli rəsmi səfərində də milli maraqlarımıza uyğun bir sıra mühüm sənədlər imzalandı. Müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanan 20 müqavilə tərəflər arasında siyasi-iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün münbit şərait yaradır. Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Məlumdur ki, hər iki ölkə arasında quru, dəniz və dəmiryolu nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir, iki ölkənin maraqlarına, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan və Türkmənistan müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edir. Prezidentlərin fəal siyasi təmasları ölkələr arasında əlaqələrin intensiv inkişafı üçün möhkəm təməl rolunu oynayır. Heç kimə sirr deyil ki, tərəflər bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensiala malikdirlər. Regionda yaranmış yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda iki dost və qardaş xalqlar arasında siyasi-iqtisadi münasibətlərin daha da dərinləşməsi siyasi və iqtisadi rifah baxımından böyük əhəmiyyət kəsb edir. Ekspertlər də iki ölkə arasındakı əlaqələri yüksək dəyərləndirirlər.
Azərbaycan-Türkmənistan münasibətləri ilə bağlı "Şərq”ə danışan "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində 20 müqavilənin imzalanması bu görüşün əhəmiyyətindən və iki dövlətin münasibətindən xəbər verir. Politoloq bildirib ki, Azərbaycan həmişə Türkmənistana sərfəli təkliflər edib:
"Xüsusən, Xəzər dənizində mübahisəli ehtiyatlar məsələsində Bakı Aşqabadın lehinə addımlar atıb. Bu görüş Azərbaycan-Türkmənistan münasibətlərinin yaxınlaşmasına səbəb olacaq. Azərbaycanla Türkmənistan arasında müxtəlif projelərin imzalanması hər iki tərəf üçün çox önəmlidir. Ortaq layihə çərçivəsində türkmən qazı üçün yeni istiqamətlər açılacaq. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanla eyni kökə malik olmasını bildirməsi iki qardaş ölkənin yaxınlaşmasına böyük təkan verəcək. Əməkdaşlığın inkişafı transxəzər qaz kəmərinin çəkilməsi məsələsini də gündəmə gətirəcək və bu istiqamətdə razılaşmanı sürətləndirəcək”.
İqtisadçı-ekspert Pərviz Heydərov da "Şərq”ə bildirib ki, iki ölkə arasında qarşılıqlı mal mübadiləsi və idxal-ixrac sahəsində çox böyük imkanlar və potensial mövcuddur:
"Prezident İlham Əliyevin Türkmənistana səfəri böyük əhəmiyyət daşıyır. Düzdür, iqtisadi cəhətdən ölkələrimiz arasında münasibətlər və əlaqələr real olaraq, pis vəziyyətdə deyil. Səfər zamanı Prezidentlərin geniştərkibli görüşündə Prezident Qurbanqulu Berdiməhəmmədov da qeyd etdi ki, bu ilin ilk 9 ayı ərzində əmtəə dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artması sevindirici haldır. Və əlavə etdi ki, kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyillər var. Amma dövlət başçımız bildirdi ki, əmtəə dövriyyəsi artsa da, ölkələrimizin potensialını tam əks etdirmir və bu sahədə hələ çox işlər görmək lazımdır. Söhbət kənd təsərrüfatı, sənaye və ümumiyyətlə, qeyri-neft emalı sahələrindən və burada istehsal olunan məhsullardan gedir.
Türkmənistan bu sahələrdə Azərbaycan üçün çox əlverişli bazar ola bilər. Əks tərəfin də buna ciddi maraq göstərdiyi gizli deyil. Türkmənistan ilə Azərbaycanın bu sahədə böyük təbii ehtiyatlara malik ölkələr olduğu bəllidir. Və odur ki, dövlət başçımızın qeyd etdiyi kimi, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Özü də bu əməkdaşlıq mübadiləni əhatə etmir və yalnız bununla xarakterizə olunmur, oluna da bilməzdi. Söhbət, bazarlara çıxışdan gedir. Azərbaycan bir sıra regional əhəmiyyətli strateji layihələrin təşəbbüskarı və icraedicisidir, həm də sahibidir ki, bunlar Bakı-Tbilisi-Ceyhan neft ixracına aid boru kəməridir, artıq istismarına başlanmış "Cənubi Qafqaz" qaz boru kəməridir, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bunların hər biri bütün region ölkələri üçün çox böyük gəlir gətirmək iqtidarında olan infrastruktur vasitələr sayılır.
O cümlədən, Türkmənistanın özü üçün də olduqca vacib və əhəmiyyətli hesab olunur. Təkcə bu layihələrin özü, Aşqabadın Bakı ilə olduqca sıx münasibətdə və əlaqələrdə olmasını vacib edir”.
Ekspertin fikrincə, Azərbaycan-Türkmənistan əlaqələrinin yüksək səviyyədə olması əslində, Aşqabada Bakıdan daha çox vacibdir:
"İlk növbədə ona görə ki, Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanı deməkdir. Türkmənistan neftinin real olaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilməsi əməkdaşlığın bu mənada ilkin özülünü təşkil edir. O cümlədən, Türkmənistan böyük qaz resurslarına malik ölkədir. Bu mənada, Cənubi Qafqaz qaz boru kəməri də Türkmənistan üçün ölkəmizə olandan daha əhəmiyyətli və cəlbedici xarakter daşıyır. Hər iki ölkə bu tranzit imkanlarından birgə çıxış etmək və Asiya-Avropa, Avropa-Asiya arasında enerji resurslarının daşınmasında eyni siyasət yürütmək perspektivinə malikdirlər. Təsadüfi deyil ki, hər iki ölkə arasında imzalanan sayca 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə məhz qeyd olunan sahələrdə, yəni nəqliyyat üzrə əməkdaşlıq məsələlərini əhatə etdi. Bu, Şərq-Qərb nəqliyyat dəhlizinin möhkəmləndirilməsi işinə xidmət edəcək”.
İsmayıl