"200 manatlığ tədavülə buraxılması iqtisadi amillərlə bağlı deyil" - Deputat

Vahid Əhmədov:"Devalvasiya, manatın ucuzlaşacağı barədə söyləntilər isə əsassızdır"
"200 manatlıq əsginaslar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə tədavülə buraxılıb”.
Bu barədə "Sherg.az”a iqtisadçı, millət vəkili Vahid Əhmədov bildirib.
O diqqətə çatdırılıb ki, yubileylər münasibətilə 200 manatlıq əsginasla bərabər xatirə medalları da təsis olunub:
"Kağız pul və medallar ən gec iyun ayının birindən dövriyyəyə buraxılacaq. 200 manatlıq əsginasların tədavülə buraxılması düşünüldüyü kimi iqtisadi amillərlə bağlı deyil. Devalvasiya, manatın ucuzlaşacağı barədə söyləntilər isə əsassızdır.
Neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında isə müsbət saldo müşahidə olunur. Mərkəzi Bank dövriyyədə olan pul kütləsinə nəzarət edir. 200 manatlıq əsginaslar Mərkəzi Bankın qərarı ilə istənilən vaxt tədavülə buraxıla və tədavüldən çıxarıla bilər”.
Bu kağız pulların dövriyyədə olduğu müddətdə nə qədər aktiv istifadə olunacağına gəlincə, Vahid Əhmədov bununla bağlı fikir söyləməyin tez olduğunu deyib:
"Ola bilər, 200 manatlıqlar dövriyyəyə az, ya da çox buraxılsın. Onun nə qədər çox istifadə ediləcəyini isə zaman göstərəcək. Qeyd etdiyim kimi, Mərkəzi Bankın son bir neçə ildə əldə etdiyi nəticələrdən biri pul kütləsinə nəzarət mexanizminin qurulmasıdır. Ona görə, dövriyyədə olan pul kütləsinin vəziyyətinə baxılacaq və baş bank buna uyğun addım atacaq”.
Qeyd edək ki, gələn aydan Azərbaycanda dövriyyəyə 200 manatlıq əsginaslar buraxılacaq.
Aysel Aslan