2016-cı il nə ilə yadda qaldı?- EKSPERTLƏR DANIŞIR (SORĞU)

2016-cı ili başa çatmasına sayılı günlər qalıb. Bu il ölkəmiz üçün hərbi, iqtisadi, siyasi, tibbi, sosial və başqa sahələrlə bağlı bir sıra mənfi və müsbət hadisələrlə yadda qaldı. Ümumi formada bu ilin dəyərləndirilməsi üçün müxtəlif sahələrin ekspertlərinə, ictimaiyyət nümayəndələri və deputatlara müraciət etdik.
2016-cı il Azərbaycan üçün sınaq ili oldu
Elə iqtisadçı-millət vəkili Vahid Əhmədov danışır: "
2016-cı il Azərbaycan üçün sınaq ili oldu. Bu sınağın 2017-ci ildə də davamı olacaq. 2017-ci ildə də çox ciddi islahatlar Azərbaycanı gözləyir. Cənab prezidentin imzaladığı "Strateji Yol Xəritəsi”nə uyğun tədbirlər həyata keçiriləcək. 2016-cı il iqtisadi cəhətən ağır il olsa da, dövlət sosial layihələri lazımınca yerinə yetirə bildi. Bildiyimiz kimi, bu il ən çox yaddaşda qalan məqam hərbi sahədə baş verən dəyişikliklər idi. Aprel döyüşləri torpaqlarımızın azad olunmasında düşmənə göz dağı verə biləcək real müharibə vəziyyətini canlandırdı. Dünyada iqtisadi, qlobal dəyişikliklər isə olduğu kimi davam etdi”.
Heç bir arzum, ümidim yoxdur
Şair, publisist Aqşin Yenisey isə bu ilin narazılıqlarla yadda qaldığını bildirib: "
Bütün dünya gərgin siyasi və iqtisadi problemlərlə üzləşib. Şəxsi yaradıcılıq üçün lazımi vəziyyət formalaşmayıb. Biz dünya müharibəsi dövründə yaşayırıq. Qulağımızın dibində gedən müharibənin səbəbləri onun dünya müharibəsi olduğunu sübut edir. Ona görə, geniş mənada ürəkaçan bir şeydən danışmaq üçün hissiyyatını itirmək lazımdır. Məqsədlər kimi düşüncə və hisslərin də qarışıq, anlaşılmaz, ən təhlükəsi isə problemlərin sonu görünməyən acınacaqlı bir ili başa vururuq, daha doğrusu faciələrimizin şifrəsini dəyişirik. 2016 adı altında gizlədiyimiz nifrət, kin, beş-altı gündən sonra 2017 adı altında alovlanacaq. Belə bir dövrdə şəxsi uğurlarla öyünmək üçün adamda gərək həya hissi olmasın. Zəmanəmizi lənətləyirəm, heç bir arzum, ümidim yoxdur".
Azərbaycan əsgərinin mənəvi-psixoloji imkanları üzə çıxıb
Hərbi ekspert İbrahim Rüstəmli 2016-cı ili Azərbaycan Silahlı Qüvvələri üçün çox uğurlu və dinamik bir il kimi dəyərləndirib. Xüsusilə aprel hadisələrindən sonra ordumuzun döyüş hazırlığı sahəsində əldə etdiyi uğurlardan danışan ekspert, Azərbaycan əsgərinin mənəvi-psixoloji imkanlarının üzə çıxarıldığını qeyd edib:
"Bu, cari ilin ən böyük tarixi hərbi hadisəsi idi. Son illərdə Azərbaycan ordusu heç vaxt belə geniştərkibli və xüsusi əhəmiyyətli hərbi əməliyyatlara imza atmamışdı. Şəxsi heyətin sərgilədiyi böyük şücaət nəticəsində qarşı tərəfin növbəti təxribatına layiqli cavab verildi, erməni işğalçılarının nəzarətində olan ərazilərimizin bir qismi düşməndən geri alındı. Yəni hərbi qulluqçularımızın döyüş hazırlığı əməli olaraq ön planda özünü göstərdi. Son günlərin analoqu olmayan möhtəşəm hərbi təlimləri də Silahlı Qüvvələrimizin həyatında ən yadddaqalan hadisələrdəndir”.
Bu il Silahlı Qüvvələrimizin həyatında çox uğurlu il oldu
Bütün bunlarla yanaşı, Milli Ordunun təchizatından söz açan İ. Rüstəmli 2016-cı ildə ayrı-ayrı hərbi hissələrdə, eyni zamanda ön xəttə xeyli quruculuq işləri aparıldığıını söyləyib: 
"Məhz bu quruculuq işlərinin nəticəsidir ki, bəzi hərbi hissələrimiz hətta Avropa ölkələrinin və digər inkişaf etmiş dövlətlərin hərbi birləşmələrini belə öz modernliyilə arxada qoyub. Bir sıra dünya dövlətlərinin orduları ilə yaxından tanış olan bir hərbçi kimi inamla deyə bilərəm ki, bu həqiqətən danılmaz faktdır. Müasir standartlara cavab verən əsgər qışlaları, yeməkxanalar, camaşırxana və s. sistemləri daha da təkmilləşdirilərək şəxsi heyətin istifadəsinə verilib. Hətta ön xəttə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş postlarında belə əsgərlərin döyüş hazırlığının və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Burada ən müasir texnologiyaların istifadəsi və ordunun hərtərəfli təchizatı şəxsi heyətin uğurlu xidmətini stimullaşdırıb. Mən özüm də bu il bir sıra hərbi hissələrimizə və döyüş postlarına baş çəkmiş, yuxarıda sadalananların şəxsən şahidi olmuşam. O üzdən bu ili Silahlı Qüvvələrimizin həyatında çox uğurlu bir il kimi dəyərləndirirəm. Hesab edirəm ki, gələn il bu inkişafı daha intensiv şəkildə izləyə biləcəyik. Müdafiə sahəsinə ayrılan vəsaitin artırılması və bu vəsaitin şəffaf şəkildə öz təyinatı ilə xərclənməsi dediklərimizə əyani sübutdur. Əlbəttə, ordumuzun həyatında qeydə alınan nəzərəçarpacaq inkişafda şəxsən Müdafiə nazirinin tələbkarlığı, vətənpərvərliyi və şəxsi nümunəsi də əhəmiyyətli dərəcədə böyük rol oynayıb. Bunu danmaq olmaz”.
Qəzaların statistikasında azalma müşahidə olundu
"Avtosfer" saytının baş redaktoru Elməddin Muradlı deyib ki, bu il nəqliyyat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və aktivlik baxımından dəyişikliklərlə xatırlanacaq: "
2016-cı ildə yol qəzalarının statistikasında bir qədər azalma müşahidə olundu.
Lakin qanuvericilkdə bu sahədəki mövcud boşluqlar da özünü göstərir. Bu il kifayət qədər qayda pozuntusuna, sürücülərin səriştəsizliyinə rast gəlmişik. Tanınmış insanlar var ki, qayda pozuntularını hətta sosial şəbəkələrdə paylaşıblar. Bu isə əlbəttə ki, cəmiyyətə mənfi nümunə olur. Belə hallara qarşı tədbirlər gücləndirilsə də ictimai qınaq lazımi səviyyədə olmadığından qayda pozuntuları davam edib. Ümumilikdə, nəqliyyatın idarə edilməsinə uyğun qanunvericilikdə çox dəyişikliklər olunub. İnzibati Xətalar Məcəlləsinim tam yeni forması mart ayında qüvvəyə mindi. Orada taksilərin, avtobusların idarəsi, ictimai nəqliyyatın nizama salınması, parketmə məsələləri üzrə dəyişikliklər yer alıb. Bəzi cərimələr ləğv olundu, əksəriyyəti isə sərtləşdirildi. Qanunvericiliyin təkmilləşməsi yerində olsa da, onun tətbiqi tam qaydasında deyil. Ümid edək ki, növbəti ildən nəqliyyata intensiv nəzarət və ictimai şüur müəyyən səviyyədə inkişaf edəcək".
2016 dünyanın əsaslı "təmir" dövrünün pik nöqtəsidir
"Qoroskop” jurnalının baş redaktoru, astroloq Səbuhi Rəhimli isə təxminən 15 il öncə mediaya verdiyi açıqlamanı xatırlayıb və hələ o zamandan 2003-2022-ci illər arası dünyanın əsaslı "təmir" dövrü keçirəcəyini proqnozlaşdırdığını deyib:
"Hazırda bütün bəşəriyyət bu ağır dövrü yaşamaqdadır. 2016 və 2017-ci illər isə bu prosesin pik nöqtəsidir. Bu səbəbdən baş verən və gözlənilən hadisələrə real yanaşmaq vacib olduğu qədər də belə zaman kəsimindən minimal itki ilə qurtulmaq üçün baş işlətmək lazım gəlir. Təəssüf ki, bəzən bu təfəkkürlər tərsinə işləyir və ya çox istədiyindən azdan da olur.
Bu il planetimiz çox narahat dövr yaşadı. Demək olar ki, bütün qitələrdə terror ya da məhəlli münaqişələrə şahid olduq. Azərbaycan da haqqı olan Qarabağ uğrunda savaşa başlamaq istədi. Döyüş müddətinə görə əldə etdiyimiz ərazilər yaxşı göstərici olsa da, itki sayına görə kədərli oldu. Maliyyə böhranı, devalvasiya, iş yerlərinin bağlanması və digər məsələlər barədə hamı bildiyi üçün əlavə şərh vermək istəmirəm”.
Səbuhi Rəhimli şəxsi nəaliyyətlərindən və çətinliklərindən də danışıb:
"Mən də 2016-cı ildən razı qalmadım. Hər il qısamüddətli olsa da, Gürcüstana, Dağıstana və ya Türkiyəyə istirahətə getdiyim halda bu il heç rayona belə gedə bilmədim. Çünki çoxları kimi yaşamaq uğrunda mübarizə aparırdım. Hətta 17 il fasiləsiz çıxardığım "Qoroskop" qəzetinin dərcini belə 2 ay dayandırmalı oldum. Buna baxmayaraq, boş dayanmamağa, ümumi duruma anlayışla yanaşmağa çalışdım. 2016-cı ildə Kəlbəcərdə girov götürülən dostlarım Dilqəm Əsgərov, Şahbaz Quliyev və mərhum Həsən Həsənov barədə "Dünya susmasın!" adlı sənədli film çəkdik. Əslində bunu da uğur saymıram, borc bilirəm. Uğur yalnız onlar azad olunanda sayıla bilər. Bu il həm də kitablarımın sayını 37-yə çatdırmışam. Üzümüzə gələn ildə daha böyük uğurlar qazanacağımıza ümid edirəm”.
Strateji yüksəkliklər ələ keçirdik
Millət vəkili Tahir Kərimli bəyan edib ki, bu il Azərbaycan daxil olmaqla iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün çətin keçdi : 
"Hətta ölkəmizdə bu problemi yüngülləşdirmək üçün intensiv inzibati tədbirlər görüldü. İqtisadiyyatda etatizm siyasətinin artırılması müəyyən qədər tənzimlənməni təmin edib. Buna baxmayaraq, 2017-ci ildə də bu çətinliyin qismən davam edəcəyi gözlənilir. Azərbaycanda yaradılan logistika mərkəzləri, kənd təsərrüfatındakı dəyişikliklər, prezidentin elan etdiyi 11 istiqamət üzrə islahatlar vəziyyətin düzəlməsinə inamı artırıb. 2016-cı il bildyimiz kimi aprel döyüşləri ilə yadda qaldı. Azərbaycan şəhidlər verərək, strateji yüksəklikləri ələ keçirdi. İtkilərimiz çox olsa da, bu qısamüddətli müharibə dövlətimizin siyasi cəhətdən nüfuzunu gücləndirdi. 2016-cı ildəki çətinliklərin ölkəni ümidi kəsiləcək vəziyyətə gətirib çıxarmasına imkan verilmədi. Rəhbərliyin müdaxiləsi və islahatların həyata keçirilməsi ilə bu yoluna qoyuldu. İdarəçilikdə 2016-cı il prezidentin fərmanları və Milli Məclisin aktiv fəaliyyəti ilə yadda qaldı. Artıq gələn ildən bu qərarlar tam şəkildə həyata keçiriləcəkdir".
Referendum baş tutub
Millət vəkili sentyabr ayında referendumun keçirilməsini xüsusi vurğulayıb:
"Konstitusiyaya dəyişikliklərin təsdiq edilməsi ilə yadda qaldı. İnsan haqları, idarəçilik və digər sahələrdə dəyişikliklər təsdiq edildi. Göründüyü kimi 2016-cı il ölkəmiz üçün xeyli dinamikliyi ilə seçildi. Bütün bu dəyişikliklərdən gələcək üçün daha səmərəli istifadə edəcəyimizi düşünürəm".
İcbari tibbi sığorta ilə bağlı pilot layihə....
Səhiyyə sahəsində baş verən dəyişikliklərdən danışan həkim-pediatr Vaqif Qarayev də bu ilin bütövlükdə səmərəli il olmadığını söylədi: "
Bir vətəndaş kimi iqtisadi çətinliklər mənə də mənfi təsir göstərib. Xüsusilə kommunal xərclərlə bağlı son qərarlar əhalini çətin duruma salıb. Səhiyyədə icbari tibbi sığorta ilə bağlı pilot layihəsinin işə düşməsi və bununla bağlı tədbirlərin görülməsi təqdirəlayiq hal oldu. Lakin bu qərarın bütün ölkə üzrə tətbi edilməsi daha məqsədəuyğun addım olar. Bununla bərabər 2016-cı ildə səhiyyəmizdə ciddi dəyişikliyin olmadığını deyə bilərəm”.
Ermənistan ordusunu sındırdıq
Analitik Arzu Nağıyev hərbi, siyasi və iqtisadi məsələlərdə müəyyən addımlar atılsa da, ümumilikdə 2016-cı ilin yüngül il kimi yadda qalmadığını bildirib.
Ekspert söyləyib ki, Dağlıq Qarabağ münaqişələrinin həllində aprel hadisələri müsbət hal kimi tarixə yazıldı və bununla Ermənistan ordusunun gücü bir mənada sınmış oldu:
"İqtisadi cəhətdən Azərbaycana dünyada baş verən proseslərin təsiri özünü göstərdi. Siyasi məsələrdə də ölkəmizin bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə, forumlara ev sahibliyi etməsi diqqətəlayiq hal oldu. Məşhur Formula yarışlatı başda olmaqla çox layihələr Azərbaycanda baş tutdu. Bunlar 2016-cı ilin müsbət cəhətləri olaraq yadda qaldı. 2017-ci ilə isə böyük arzularla qədəm qoyuruq. Hazırda Qarabağ probleminin həlli prioritet məsələ olduğundan bu sahədə də irəliləyişlər olacağı istisna deyil".
A.Nağıyev əlavə edib ki, 2017-ci ilin proqnozlarına görə bu ilin qalıqları gələn il də özünü biruzə verəcək iqtisadi, qlobal, siyasi, təhlükəsizlik və s. məsələlərdə müəyyən problemlərin qalacağı gözlənilir:
"2017-ci ildə prioritet məsələ yenə də Dağlıq Qarabağ münaqişəsinin həlli, neftin qiymətinin və hasilatının nizamlanması, qeyri-neft sektorunun inkişafı kimi məsələlər olmalıdır. Ümumilikdə, 2017-ci ilin gözlənilən qədər uğurlu olacağını hesab etmirəm".
"Köhnə hamam, köhnə tas"
Azərbaycan Jurnalistlər İttifaqının sədri, "Ayna-Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı da 2016-nın ağır il olduğunu vurğulayıb:
"Aparılan iqtisadi siyasət müəyyən mənada iflasa gətirib çıxardı. Neftin ucuzlaşması bizi hazırlıqsız yaxaladı. Manatın dəfələrlə devalvasiyaya uğramasının şahidi olduq. Neftin qiyməti bir qədər tənzimlənsə də, hasilatı azalmaqda davam edir. Maliyyə sahəsində isə Sovet təfəkkürlü kütbeyin oğrular at oynadır. Gələn il daha biabırçı olacaq. Köhnə hamam, köhnə tas olduğundan Dağlıq Qarabağdan heç danışmıram. Dünyada da nələrin baş verdiyini hər gün görürük. Xoş bir şey olmaması istənilən mənada təəssüfləndiricidir. Bir sözlə, çətin olsa da, həyatdır.
Yeni iliniz mübarək!
Kommunal ödənişlərin qaldırılması narahatlıq doğurdu
"Sağlam Toplum" İctimai Birliyinin sədri, TvPress İnformasiya Agentliyinin baş redaktoru Lalə Mehralı bildirib ki, dünyada iqtisadi yöndə gedən proseslər bizə də təsirsiz ötüşmədi: "
Çətinlik hiss etdik, bunu danmaq olmaz, amma bunlar gözlənilən və qaçılmaz proseslər idi. Elektrik enerjisinə, suya, təbii qaza görə ödənişlərin qaldırılması bir qədər narahatlıq doğurdu, amma unutmayaq ki Azərbaycan hələ də bu kommunal xidmətlərə görə ən az ödəniş tələb edilən azsaylı ölkələrdəndir. Bütün hallarda yaddaqalan il oldu. Yeni ilin hamımız üçün müsbət mənada yaddaqalan olmasını arzu edirəm.
HAZIRLADI: Aysel ASLAN