2017-ci ilin başa çatmasına sayılı günlər qalıb. Şübhəsiz ki, bu il də əvvəlki illər kimi ölkəmiz üçün bir çox mənfi və ya müsbət hadisələrlə yadda qaldı.
Biz də "Sherg.az" olaraq bu faktı nəzərə alıb baş yazarlar arasında soğru keçirdik.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev 2017-ci ili sabitləşmə ili kimi qiymətləndirib. Baş redaktorun sözlərinə görə, əvvəlki illərdə dünya bazarlarında neftin qiymətinin ucuzlaşması, milli valyutanın dəyərdən düşməsi nəticəsində yaranan problemlər bu il nisbətən sabitləşdi:
"Bu il iqtisadiyyatda müsbət çalarla müşahidə olunmağa başladı. Bütün bunlar ölkənin sosial həyatında və medianın durumunda özünü göstərdi. Bu baxımdan hesab edirəm ki, 2017-ci il 2018-də gözlədiyimiz uğurların əsasını qoydu”.
2018-ci ildən gözləntilərə gəlincə, İ.Quliyev bu il 2 əlamətdar hadisə - "Əsrin müqaviləsi”nin müddətinin uzadılması və Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini vurğulayıb. O deyib ki, bu layihələrin müsbət nəticələrini 2018-də görə bilərik:
"Bundan əlavə İran, Rusiya və Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizinin işə salınması ilə bağlı əlamətdar addımlar region üçün əhəmiyyətli layihələrdən biridir. Bütün bunlar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə yönəlib. Müsbət nəticələri artıq gələn il görməyə başlayacağıq. Belə nəhəng transmilli layihələrdən Azərbaycan dövləti böyük gəlirlər əldə edəcək. Nəticədə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına, mətbuatın da maddi-texniki bazasının gücləndirilməsinə dəstək olacaq”.
"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov xatırladıb ki, 2017-ci ildə Azərbaycan mətbuatı üçün əsas əlamətdar hadisə ölkə başçısı tərəfindən 256 jurnalist ailəsinə mənzillərin hədiyyə edilməsi idi:"Yəqin ki, növbəti illərdə digər dövlətlər də Azərbaycan nümunəsindən yararlanaraq, öz jurnalistlərini mükafatlandıracaqlar. Azərbaycan Prezidenti tərəfindən mənzil hədiyyə olunan jurnalistlər arasında hökuməti tənqid edən kifayət qədər Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri var. Buradan bir daha aydın olur ki, Azərbaycan dövləti müstəqil və sağlam medianın inkişafında maraqlıdır”.
Baş redaktor növbəti yaddaqalan hadisələrdən biri kimi "reket mətbuat”la mübarizəni qeyd edib:
"Jurnalistikanın nüfuzuna xələl gətirən bu kimi halların qarşısının alınması üçün vacib addımlar atıldı. Sonda isə ümid edirəm ki, onlayn mətbuata dövlət dəstəyi olaraq, maddi vəsaitin ayrılması ilə bu ili yekunlaşdıracağıq”.
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev də öz növbəsində 2017-ci illə bağlı fikirlərini bölüşüb. O vurğulayıb ki, hər yola saldığımız ili Azərbaycan üçün yeni-yeni nailiyyətlərlə başa vururuq:"Ən vacibi ölkə iqtisadiyyatı 2016-cı ilin devalvasiya təsirlərindən fərqli olaraq daha sabit qaldı. 2017-ci ildə Azərbaycanın inkişafına stimul verən Azəri-Çıraq-Günəşli yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalandı.
İdman sahəsində Bakıda ikincisi dəfə keçirilən Formula yarışları, İslam Həmrəyliyi Oyunları yadda qalan hadisələrdən oldu. Eyni zamanda "Qarabağ” Futbol Klubunun Çempionlar Liqasında çıxışı isə, şəksiz ölkəmiz üçün sürpriz oldu. Şahmat idman növü üzrə Şəhriyar Məmmədyarov dünya reytinqində 3-cü yerə yüksəldi.
Azərbaycan jurnalistlərinə də 2017-ci ilin uğurlarından pay düşdü. 256 jurnalist həmkarımız mətbuat işçiləri üçün tikilmiş ikinci binadan mənzil aldılar. Bu il həm də jurnalistlər üçün nəzərdə tutulan üçüncü binanın təməli qoyuldu.
Bütövlükdə, 2017-ci ili Azərbaycan üçün uğurlu il hesab edirəm”.
2017-ci ilin onun üçün əsəbi və ağır il olduğunu deyən "Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə səbirsizliklə gələn ilin gəlməsini gözləyir:"İstəyirəm ki, 2017 tez çıxıb getsin. Gələn ilin daha gözəl olacağına inanıram.
Ölkə üçün çətin il olacağı gözlənilirdi, amma elə olmadı. İqtisadiyyatda sabitlik və manatın kursu qorundu. Qeyri-neft sahəsində prinsipcə yeni iqtisadiyyatın qurulması davam etdirildi. İslam Həmrəyliyi Oyunları uğurla keçirildi”.
"Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru Aqil Camal isə 2017-ci ilin Azərbaycan tarixində bir sıra əlamətdar hadisələrlə qeyd olunacağını bildirib. Baş redaktor diqqətə çatdırıb ki, bunlardan biri IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsidir:"Çünki, bu təkcə idman oyunları deyildi, bütövlükdə Azərbaycanın İslam aləmində, Şərqdə önəmli bir ölkə olaraq özünü təsdiqi, nüfuzunun, gücünün ifadəsi idi.
Digər bir tarixi hadisə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi oldu. Bununla da Azərbaycan daha bir tarixi layihənin gerçəkləşməsində əsas təşəbbüskar və təşkilatçı qismində öz iradəsini nümayiş etdirdi.
2017-ci il əvvəlki iki illə müqayisədə iqtisadiyyatda sabitləşmə ili kimi də xarakterizə oluna bilər. Bu özünü 2018-ci il üçün qəbul olunan dövlət büdcəsinin rəqəmlərində də göstərdi”.
A.Camal bu il üçün media sahəsinin uğurlarına da toxunub:
"Bizim üçün də yaddaqalan bir il oldu. Ölkə prezidentinin qərar və göstərişi ilə tikilmiş ikinci bina media işçilərinin istifadəsinə verildi.
İnternet mediasının inkişafı və müasir tələblərə cavab verən informasiya siyasətində iştirakı bir qədər də genişləndi.
Ümid edirəm ki, yola saldığımız ildə bütün sahələrdə əldə olunan nəticələr növbəti illər üçün təməl rolunu oynayacaq və qarşıdan gələn 2018-ci ildə ölkəmiz əldə olunan nailiyyətləri daha da gücləndirə biləcək”.
Hazırladı: Aysel Aslan