2017-ci ilin aprelində Qarabağda dönüş gözlənir

Gələn il Ermənistanda baş verəcək hadisələrin münaqişənin həllinə təsiri olacaq



Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar bu il istənilən nəticəni vermədi. "Dördgünlük” aprel döyüşlərindən sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində intensiv danışıqlar prosesinə start verildi. May və iyun ayları ərzində Vyana və Sankt-Peterburq şəhərlərində münaqişə tərəfləri arasında yüksək səviyyədə iki görüş baş tutdu.

Ancaq proseslərin gedişi mövcud vəziyyəti dəyişmədi. Reallaşan bütün görüşlər nəticəsiz qaldı. Düşmən tərəfin qeyri-konstruktiv mövqeyi, danışıqlardan qaçması real addımların atılmasına imkan vermədi. Qarabağ münaqişəsi ilə bağlı ilin sonuncu müzakirəsi isə dekabrın 9-da Almaniyanın Hamburq şəhərində keçirildi. Lakin bu dəfə də erməni tərəfi Azərbaycan rəsmiləri ilə müzakirələrdən boyun qaçırdı. Ekspertlərə görə, bu il Dağlıq Qarabağ münaqişəsi ətrafında ən çox "aktivlik” nümayiş etdirən həmsədr ölkə Rusiya olub. Ələlxüsus aprel döyüşlərindən sonra Moskva prosesi ələ almağa qərar verib. Kreml rəsmiləri münaqişənin həlli istiqamətində gələn il ərzində də məşğul olacaqlarını deyiblər. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirməyə çalışacaq: "Normallaşma prosesinin dayanmaması, əksinə, sürətlənməsinə çalışacağıq”. Amma nəticə etibarı ilə münaqişə həll olunmadan növbəti ilə qədəm qoymaqdayıq. Gələn il Qarabağla bağlı proseslərin hansı müstəvidə cərəyan edəcəyi ilə bağlı ekspertlərin fikirləri isə birmənalı deyil.

Millət vəkili, politoloq Elman Nəsirov münaqişənin həll imkanlarının kifayət qədər mürəkkəbləşdiyi qənaətindədir.
Onun fikrincə, 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı elə də nikbin proqnoz vermək mümkün deyil: "Aprel döyüşləri nəticəsində həmsədrlərin münaqişənin həlli istiqamətində qətiyyət nümayiş etdirəcəklərinə ümid yarandı. Lakin bu, olmadı. Ermənistan köhnə ampluasındadır, tənzimlənmə prosesində müsbət dinamika müşahidə edilmir. Həmsədrlər ilin sonuna doğru prezidentlərin növbəti görüşünü təşkil edə bilmədilər. Hətta Hamburq şəhərində münaqişə tərəflərinin xarici işlər nazirlərini belə görüşdürə bilmədilər. Bu onu göstərir ki, artıq tənzimlənmə prosesinin dərin bir dalana dirəndiyini həmsədrlərin özləri də etiraf edirlər. Hesab edirəm ki, 2017-ci ildə prosesin sülh yolu ilə tənzimlənməsi istiqamətində elə də geniş imkanlar yoxdur”. Ekspertin fikrincə, nikbinlik üçün də müəyyən əsaslar var: "Rusiya özünün yeni xarici siyasət konsepsiyasını qəbul edib. Bu, 2013-cü ildə qəbul olunan konsepsiyanın bir qədər təkmilləşdirilmiş variantıdır. Həmin konsepsiyadakı bəndlərdən biri də postsovet məkanında dondurulmuş münaqişələr adlanır. Münaqişələrlə bağlı bu hissədə Dağlıq Qarabağ məsələsi haqqında xüsusi fikirlər əksini tapıb. Onu oxuduqca, bu qənaətə gəlməyə ümid yaranır ki, sənəddə Azərbaycanın xeyrinə olan məqamlar var. Burada həmsədr dövlətlərin rəhbərlərinin qəbul etdiyi bəyanatlar əsasında münaqişənin həll edilməsi məsələsi qoyulub”.

Politoloq İlqar Vəlizadə isə deyib ki, 2017-ci ilin aprelindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət dəyişikliklər gözləmək olar:
"2017-ci il çox güman ki, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən rol oynaya biləcək. Çünki gələn ilin aprelində Ermənistanda parlament seçkisi keçiriləcək. Seçki bu və ya digər şəkildə məsələyə təsir edə bilər. Son günlər Ermənistan rəhbərliyi qeyri-konstruktiv addımlar ataraq münaqişənin hərb yolu ilə həllinə üstünlük verməyə çalışır. Belə ki, Ermənistan Prezidenti Serj Sarkisyan cəbhə bölgəsinə səfər edərək müxtəlif bəyanatlar səsləndirir. Bu da təbii ki, onun məsələyə destruktiv yanaşmasından xəbər verir. Amma yaranmış müəmmalı vəziyyət Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin mərhələli həll planı haqqında tezislər səsləndirib. Petrosyanın hakimiyyətdən uzaqlaşdırılmasının səbəbi də münaqişənin mərhələli həll planını dəstəkləməsi olub. 18 ildən sonra Petrosyan açıq şəkildə bu tezislə yenidən çıxış edib”. İ.Vəlizadə bildirib ki, Azərbaycan da münaqişənin mərhələli həllini dəstəkləyir: "Burada müsbət amillər ondan ibarətdir ki, Ermənistan cəmiyyətində ciddi fikir ayrılığı var, amma konstruktiv meyillər də artır. Hesab edirəm ki, gələn ilin aprelindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət dəyişikliklər gözləmək olar. Əgər Ermənistanın siyasi elitasının digər nümayəndələri mərhələli həll planı ilə bu və digər şəkildə razılaşsa, müsbətə doğru irəliləyiş gözləmək olar”.

İsmayıl