28 maya qədər əfv olacaq

Müraciətlər çoxdur, amma bu dəfə xeyli ailə sevinəcək




Əfv Komissiyasının üzvü Mehdi Mehdiyev "Şərq”ə açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə qədər Komissiyanın iclaslarının başa çatacağını və əfv siyahısının ölkə başçısına təqdim ediləcəyini deyib.

M.Mehdiyevin sözlərinə görə, komissiyaya daxil olan müraciətlərin sayı ümumilikdə mindən çoxdur: "Bütün müraciətlərə baxılır. Say demək çətindir. Çünki proses gedə-gedə də müraciət edənlər olur. Müraciətlərə baxılması başa çatdıqdan sonra siyahı ölkə başçısına təqdim ediləcək. İnşallah, xeyli sayda məhbus ailələri sevinəcək.

Elə müraciətlər var ki, onun cinayət işinin tərkibi azdır və nisbətən asan baxılır. Elə müraciətlər də var ki, bir neçə maddə ilə təqsirli biliniblər. Belə müraciətlər müzakirə olunur, buna görə də çox vaxt aparır. Biz müraciətlərin hamısına müsbət rəy verə bilmirik. Elə məhbus var ki, eyni cinayəti dəfələrlə törədib. Təbii ki, biz bu cür insanların adını əfv siyahısına salmırıq. Bizim məqsədimiz islah olunan, törətdiyi əmələ görə peşmanlıq hissi yaşayan məhbusların azadlığa buraxılmasına bir vasitəçi olmaqdır. Məhbusun törətdiyi cinayətin dərəcəsi, çəkdiyi cəzanın müddəti nəzərə alınır. Bütün məsələlər ciddi şəkildə müzakirə edilir, sonunda qərar verilir”.

Komissiya üzvünün sözlərinə görə, amnistiya Milli Məclisin səlahiyyətində olan məsələdir: "Amnistiya elədir ki, qanunvericiliyin müəyyən maddələrinə aidiyyəti olursa, həmin maddələrlə cəza çəkənlərin hamısına şamil olunur. Amma əfv fərdi qaydada olan müraciətlər arasında baxılır. Amnistiyanın olub-olmayacağı barədə dəqiq bir söz deyə bilmərəm, ancaq 28 may ərəfəsində ölkə başçısının Əfv sərəncamı imzalaması gözləniləndir. Möhtərəm prezidentimizin konstitusion hüququ olduğundan əfvin nə zaman veriləcəyini deyə bilmərik, buna heç ixtiyarımız da yoxdur. Komissiyanın işi yekunlaşandan sonra cənab prezident bir daha humanist addımlarını atacaq.

M.Mehdiyev siyasi məhbusların adının əfv siyahısında olub-olmadığına dair konkret bir söz deməyib: "Əfv sərəncamı imzalandığı zaman adı siyahıda yer alan şəxslər bəlli olacaq. Komissiyada məhbusların ictimai- siyasi mövqeyinə görə yox, tutduğu əməldən peşman olub, əfv üçün dövlətə müraciət edən şəxslərin işinə baxılır.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hökumətin heç vaxt əfvlə bağlı konkret zamanı açıqlamadığını bildirib:

 "Siz nə vaxtsa eşitmisiniz ki, hökumət konkret tarixdə əfv sərəncamı verəcəyini bəyan etsin. Məsələn, deyiblər ki, Novruz bayramında əfv olacaq, amma konkret günü özlərində saxlayıblar. Ombudsman dedi ki, AXC-nin yüz illiyi ilə bağlı amnistiya olsun. Ona görə bu vəziyyət yaranır ki, sənədə prezident qol çəkir. Heç kim də bu tarixi bilə bilməz. Bundan sonra da konkret tarix barədə bir söz deyilməyəcək. Unutmaq olmaz ki, həm əfv, həm də amnistiya var. Elə məhbuslar var ki, əfv üçün müraciət ediblər, amma amnistiyaya düşə bilərlər. Həmin məhbusun maddəsinə baxmaq lazımdır. Söhbət əfv və amnistiyada yalnız siyasilərdən getmir. Çünki ədalətli və ya ədalətsiz tutulan o qədər məhbus var ki. Amnistiya və ya əfv olarsa, kimlərin düşəcəyi məlum olmalıdır. Proses çox çətindir. Müraciətlər də durmadan artır. Məhbusların yaxınları çox aktiv olmalıdır. Hazırda vəkilliklə bağlı da ciddi problemlər var. Bu və ya digər problemlərin may ayına saxlanılmasının prezident seçkiləri ilə əlaqədar olduğunu düşünürəm. 28 mayda əfv olmayacağını düşünmürəm. Çünki bununla bağlı çağırışlar kifayət qədər çoxdur. İnsanların gözünü yolda qoyacaq hadisənin baş verəcəyinə inanmıram”.

Şəymən