“...3 qardaşdan heç birinin məzarı yoxdur” - Yusif Vəzir Çəmənzəminlinin yadigarı “Şərq”də

Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, mətbuatına, ümumilikdə xalqın tarixinə əvəzsiz töhfələr vermiş görkəmli ziyalı, mütəfəkkir Yusif Vəzir Çəmənzəmənlinin nəvəsi, böyük oğlu Orxanın qızı, filologiya elmləri doktoru Leyla xanım Vəzirovanın redaksiyamıza gəlişi "şərqçi”lər üçün gözlənilməz olduğu qədər də sevindirici idi. Çəmənzəminli kimi dühanın yadigarının "Şərq”in redaksiyasında yaradılmış milli mətbuat tarixi qalereyasını ziyarəti Azərbaycan tarixinə, milli-mənəvi sərvətlərimizə yüksək sayğının təzahürüdür.
Leyla xanımı qarşılayan "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Çəmənzəminli yadigarını redaksiyasında qarşılamaqdan məmnunluq duyduğunu bildirdi.
Öz növbəsində Leyla xanım da redaksiyada milli mətbuat tarixi qalereyası yaradılması haqqında xəbərin onu yaxşı mənada heyrətləndirdiyini dedi:
- Mənim üçün çox maraqlı oldu bu xəbər. Eşidəndə ki, redaksiyada belə bir qalereya yaradılıb və orada mətbuat tariximizin görkəmli simalarına aid portretlər, sənədlər toplanıb, mütləq buranı ziyarət etmək qərarına gəldim. Bunu hər kəs bilir ki, Yusif Vəzir Çəmənzəminli unikal bir şəxsiyyət olub. Babamın həyatı Azərbaycan tarixi və Azərbaycan xalqı ilə nəhayətsiz dərəcədə bağlıdır. Bu insan Azərbaycan tarixini tədqiq edib, ədəbiyyatı tədqiq edib, adət-ənənələri, milli mədəniyyəti, mifologiyanı, yəni Azərbaycanla bağlı elə bir sahə yoxdur ki, Çəmənzəminli tədqiq etməmiş olsun. Çəmənzəminli həm də diplomat idi. Bir neçə xarici dil bilirdi.
A.Aşırlı:
- Çəmənzəminlinin silsilə məqalələri oxumuşam. Ədəbiyyatımız, mədəniyyətimiz, tariximiz, mətbuatla bağlı hamısı çox dəyərli məqalələrdir. Həmçinin, bir diplomat kimi siyasi fikirləri də çox dəyərlidir. Azərbaycanın müstəqilliyinin ilk dönəmində o dövrün siyasi mənzərəsini necə gözəl analiz edib. Ölkədə baş verən əhəmiyyətli hadisələrə Çəmənzəminli dərhal münasibət bildirirdi. O zaman "İşıq” qəzeti nəşrə başlayıb və Çəmənzəminli bu münasibətlə "Arvad məsələsi” adlı məqalə ilə çıxış edir. Maraqlı fikirlər bildirir. "Açıq söz” qəzetində məqalələrlə çıxış edib... Yusif Vəzir Çəmənzəminlinin ümumilikdə Azərbaycan xalqının tarixində tutduğu yer şəksiz ki, möhtəşəmdir.
Leyla xanım Vəzirova milli mətbuat tarixi qalereyasına Çəmənzəminli nəsli adından bir neçə dəyərli sənədləri hədiyyə gətirdiyini də söylədi. Bunlar Çəmənzəminlinin müxtəlif illərdə çəkdirdiyi fotolar, ailə şəkilləri və hüquqşünas ixtisasına yiyələndiyini təsdiq edən diplomun surəti idi.
Leyla xanım şəkilləri bir-bir əlinə alıb izah etməyə başladı:
- Bu şəkil Kiyevdə çəkilib. 1913-cü ildir. Bu, 1906-da. Bakı dövrü. Bu, Şuşada ailənin birgə çəkdirdiyi fotodur. Yusif Vəzirin özündən böyük və kiçik qardaşları olub. Böyük qardaşı Əbülhəsən 21 yaşında Şuşada vəfat edib. Bu ailə fotosunda Əbülhəsən yoxdur. Bəlkə də o zaman artıq vəfat edibmiş. Böyük qardaşının zəngin kitabxanası varmış. Qardaşı rəhmətə gedəndən sonra Yusif o kitabxanadan bəhrələnib. Kiçik qardaşı Mirabdulla isə Parisdə vərəm xəstəliyindən vəfat edib. Bu ailə fotosunda kiçik qardaş ailə üzvləri ilə birgədir, ailə üzvlərinin qarşısında yerdə uzanıb. Taleyin amansızlığına baxın ki, 3 qardaşdan heç birinin məzarı yoxdur. Əbülhəsənin məzarı Şuşada "qalıb”. Torpaqlarımızın işğalından öncə atam bizi tez-tez Şuşaya aparardı. Atasının, ailələrinin yaşadığı evi göstərərdi. Amma o zaman da mən xatırlamıram ki, Əbülhəsənin məzarını ziyarət etmiş olaq. Bilinmirdi, o harada dəfn olunub. Sonra da Şuşa işğal olundu. Qəbrin taleyi yenə müəmmalı qaldı. Babamın məzarı da Rusiyanın hansısa bölgəsində imiş. Belə eşitmişdik ki, məzar olan ərazi subasmaya məruz qalıb. Kiçik qardaşın məzarı isə Parisdə əcnəbilər qəbiristanlığında imiş. Oranın da belə adəti varmış ki, məzarın saxlanması üçün gərək müəyyən məbləğ ödəniləydi. Repressiyaya məruz qalmış bir ailədən bunu gözləmək, əlbəttə, mümkün deyildi.
Bu isə - diplom surətini göstərir - Çəmənzəminlinin Müqəddəs Vladimir universitetinin hüquq fakültəsini uğurla bitirməsini təsdiq edən sənəddir. Babam Kiyevdə hüquq təhsili alıb. Hazırda həmin universitet Şevçenko adına Kiyev Dövlət Universitetidir.
A.Aşırlı:
- Leyla xanım, Yusif Vəzir Çəmənzəminlinin də, onunla yanaşı xalqımızın taleyində əvəzisiz xidmətləri olmuş şəxslər Azərbaycan xalqının ürəyində əbədidir. Bu insanlar heç vaxt unudulmur, unudulmayacaqlar da.
Leyla xanım:
- Siz mətbuat tarixi qalereyasını yaratmaqla bunu təsdiq edirsiniz, əslində. Görün, burda nə qədər dahilər, işıqlı insanlar "var”...
Akif Aşırlı Leyla Vəzirovanı redaksiyadakı mətbuat tarixi qalereyası ilə tanış etdi və hər otaqda mətbuat tariximizin müəyyən bir dövrünə aid eksponatların nümayiş olunacağını dedi:
- Cümhuriyyət dövrü mətbuatına da ayrıca otaq ayırmışıq. Cümhuriyyət dövründə nəşr olunan qəzetlər, dərgilər, o dövrün yazarları, qələm əhli, dövrə aid eksponatlar bu otaqda qoyulacaq. Babanızın portretini də bu otağa yerləşdirəcəyik.
Bu xəbər Leyla xanımı çox sevindirdi:
- Nə gözəl, babamın da portreti olacaq?
A.Aşırlı:
- Təbii ki, Çəmənzəminlisiz Azərbaycan mətbuat tarixi ola bilərmi?
Çəmənzəminlinin "Azərbaycan ədəbiyyatına bir nəzər” kitabını da İstanbulda səfərdə olarkən almışam. Onu da dəyərli eksponat kimi nümayiş etdirəcəyik.
Leyla xanım:
- Çox şadam. Həqiqətən mənim üçün çox sevindiricidir ki, babama bu qədər dəyər verilir, hörmət göstərilir. Hərdən mənə elə gəlir ki, tariximizə biganəlik var, ziyalılarımız, görkəmli şəxsiyyətlər unudulur, amma sanki kimlərsə mənim bu bəd fikrə düşdüyümü hiss edir və dərhal hansısa bir görkəmli şəxsiyyətlə bağlı tədbirin, konfransın keçirildiyini, yaxud bir kitab nəşr olunduğunu, bir məqalə yazıldığını görürəm. Və sakitləşirəm. Bilirsiz, atasını itirəndə atamın 10 yaşı varmış. Biz gözümüzü açandan evimizdə babam haqqında danışıldığını eşitmişik. Repressiya dalğası başlayanda atam burada yaşamağın artıq çətinləşdiyini görüb, Özbəkistanın Ürgənc şəhərinə gedib. Bu da səbəbsiz olmayıb. Qəzetdə elan görüb ki, Ürgənc şəhərində müəllim yeri boşdur. Sənədlərini təqdim edib və müsabiqədən keçib. Bir müddət orda müəllim işləyib. Amma sonra görünür, ailə üçün darıxıb, həsrətə dözə bilməyib və Bakıya qayıdıb. Amma səhvi onda olub ki, Bakıya açıq şəkildə qayıdıb. Yəni, özünü, kimliyini gizlətməyib. Və həbs olunub. Bundan sonra da ailənin məşəqqətli günləri başlayıb. Atam memuar yazmışdı, adını da belə qoymuşdu; "Atam haqqında”. O kitabı göz yaşlarsız oxumaq olmur. Sonra atam o kitab üzərində təkrar işlədi.
A.Aşırlı:
- Çəmənzəminli nəsli onun yolunu, amallarını davam etdirib...
Leyla xanım:
- Elədir. Hərəmiz bir sahəni davam etdirmişik. Mən müəllim oldum, qardaşım Yusif Vəzirov diplomat. Mənim namizədlik işim "Çəmənzəminli publisistikası” idi. Doktorluq işini isə artıq dilçiliklə bağlı seçdim (xatırladaq ki, Leyla xanım Vəzirova hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dillər kafedrasının müəllimidir -red). Babamın bəzi əşyaları qalmışdı. İtib-batmasın deyə onları Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə təhvil verdik. İndi əşyalar orada qorunur. Evimizdə babama aid 3-4 böyük albom vardı. Orada babama aid sənədlər, haqqında yazılmış məqalələr toplanmışdı. Tədqiqatçılar bu fikirdədir ki, Mirzə Fətəli Axundovdan sonra ən səliqəli arxiv Yusif Vəzir Çəmənzəminlinindir. Bunun üçün də biz babamın qayınanasına minnətdar olmalıyıq. Məhz o qadın 1937-ci ildə Çəmənzəminliyə aid sənədləri qoruyub saxlaya bilmişdi. Babama yüksək dəyər verildiyindən danışdım. Bir faktı da deyim ki, 2015-ci ildə Şevçenko adına Kiyev Dövlət Universitetində Yusif Vəzir Çəmənzəminlinin həmin universiteti bitirməsinin 100 illiyi təntənəli şəkildə qeyd edildi. Babam universiteti 1915-ci ildə bitirib. Bu münasibətlə böyük konfrans düzənlənmişdi və bizi də konfransa dəvət etmişdilər. Biz ailə üzvləri universitet binası önündə xatirə şəkli də çəkdirdik. Babam rus dilində təhsil alıb. Rus dilini mükəmməl bilirmiş. İlk şeirini də rus dilində yazıb; "Jaloba” ("Giley”) Yazırmış ki, "mənə ədəbiyyatı Çexov sevdirdi”.
A.Aşırlı:
- Şübhəsiz, siz də məlumatlısınız ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Yubiley tədbirləri ilə bağlı hansı fikirləriniz var?
Leyla xanım:
- Əlbəttə, bu çox vacib bir sərəncamdır. Ölkə başçısına buna görə hamımız minnətdarıq. Sentyabrın 12-də Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illiyidir. Çox istərdim ki, dövlət səviyyəsində bir tədbir keçirilsin. 1987-ci ildə Çəmənzəminlinin 100 illiyi təntənəli şəkildə qeyd edildi. Artıq 30 il keçir. 130 il böyük bir tarixdir. Çox istərdim ki, bu tarixə diqqət göstərilsin.
- Yusif Vəzir Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, təşəkkül tapmasında və tanınmasında bir diplomat kimi də əvəzsiz xidmətlər göstərib. Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, adının çəkilməsinə bütün hallarda haqqı çatan bir şəxsiyyətdir.
Leyla xanım:
- Düşünürəm ki, Çəmənzəminlinin yubileyi indiki dönəmdə siyasi baxımdan da önəmli olardı. Yusif Vəzir şuşalıdır. Qarabağlıdır. Şuşa haqqında bir şeiri var. Şəhərin dumanlar əhatəsində olmasını incə bir məhəbbətlə təsvir edir. Qoy dünya bir daha görsün ki, Qarabağ Azərbaycanın ayrılmaz bir parçasıdır. Qarabağ, Şuşa necə ziyalılar bəxş edib bəşəriyyətə.
Hazırladı: Məlahət Rzayeva