Nadir İsrafilov: " Təhsil naziri bununla əlaqədar Nazirlər Kabineti qarşısında məsələ qaldırmalıdır"
Təhsildən yayınma hallarının artması ciddi problemdir. Təhsil naziri Mikayıl Cabbarov bununla əlaqədar Nazirlər Kabineti qarşısında məsələ qaldırmalıdır.
Bunu Sherg.az-a DİM sədri Məleykə Abbaszadənin "IX sinifdə buraxılış imtahanını verən şagirdlərin 30%-i məktəbi atıb, əmək bazarına gedir" açıqlamasına münasibət bildirərkən, təhsil eksperti Nadir İsrafilov deyib.
Onun fikrincə, bu hal yalnız tək yuxarı siniflərdə deyil, elə birinci sinfdə də belə davam edir:
"Son iki ildə 30 minə qədər 6 yaşlı uşaqlar məktəbə cəlb olunmayıb. Buna müxtəlif sosial, mədəni səbəblər, məktəb mühitinin dağılması və repititorluğun inkişafı kimi mənfi hallar əsas göstərilir. Orta, aralıq siniflərdə də dəqiq rəqəmlə deyilməsə də, təhsildən yayınma halları var. Bu statistika yüz minlərlə ölçülür, statistika komitəsi bir rəqəm açıqlayır, Təhsil Nazirliyi (TN) başqa rəqəm deyir, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası isə tam fərqli bir rəqəm göstərir. Hər halda təhsildən yayınma halları kütləviləşib. Bu mənada hesab edirəm ki, həqiqətən həyəcan təbili çalınası bir məsələdir və həlli vacib olmalıdır. Məktəbəqədər təhsilə dair dövlət strategiyasında orta təhsil icbari təhsil hesab olunur. Məktəbəqədər təhsil haqqında qanun lahiyəsində isə bəyan edildi ki, bu zəruri təhsildir. Yəni burada da ziddiyyət yaranır ki, hansı daha düzgün hesab edilməlidir. Ona görə də,bu, kimi inzibati çatışmazlıqlar öncə düzəldilməlidir”.
Sovet dönəmində mövcud olan sistemdən misal gətirən N. İsrafilov deyib ki, həmin dövrdə məktəbdən yayınma hallarına görə ən ciddi cəzalar tətbiq edilirdi:
"Məktəb hesabatına ”Ümumməktəb Hesabatı nömrə bir" deyilirdi. Bunun hesabına gələn, gedən, dərsdən yayınan şagirdlər üzərində nəzarət o qədər ciddi idi ki, şagirdlər məktəbə gəlmədikdə məktəb direktorunu ən aşağı cəza olaraq tutduğu vəzifədən azad edirdilər. Ancaq indi təhsildən yayınma məsələlərinə diqqət yetirilmir. Nazirlik bəyan edir ki, təkcə bizim səlahiyyətimizdə olan məsələ deyil, valideynlər kömək etməli, ictimaiyyətin də rolu artırılmalıdır. Dünya təcrübəsində belə bir məsələ var ki, təhsildən yayınmaya görə, valideynlər inzibati məsuliyyətə cəlb olunmalıdır. Ölkəmizdə bu məsələ gündəmə gətirildikdə bəyan etdi ki, bunun inzibati orqanlarla həll edilməsini istəmir. Bunun şüurun inkişafıla bağlı olduğunu ortaya atdılar. Belə çıxır ki, biz şüurumuz nə vaxt formalaşacağını gözləməliyik. Təhsidən yayınma problemi sırf nazirliyin səlahiyyəti daxilində olmaya bilər. Lakin TN təhsilin dövlət siyasətinə cavabdeh orqan olduğuna görə,əlaqədar qurumlar, Nazirlər Kabineti qarşısında məsələ qaldırmalıdır. Təhsildən yayınanlar gənc , yetişməkdə olan nəsildir. Faiz artımının ildən-ilə yüksəlməsi ciddi problemlər yarada bilər. TN-də "Müasir İnsan Resusları” şöbəsi, Azərbaycan üzrə Təhsil İnstutu kimi strukturlar fəaliyyət göstərir. Həmin qurumlar məsələ ilə əlaqədar ciddi tədbirlərə başlamalıdır”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə IX sinifdə buraxılış imtahanını verən şagirdlərin 30%-nin X-XI sinfə keçmədiyini bildirib. O, qeyd edib ki, yuxarı sinif şagirdləri məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2% şagird gedir.
Ayyət Əhməd