300 rəqəmi hələ dəqiq deyil

Suriyadakı, İraqdakı azərbaycanlı uşaq və qadınların ölkəyə qaytarılması çətin işdir




Suriya və İraqda radikal dini təsirlərə məruz qalmış 300-dən artıq azərbaycanlı uşaq və qadının olduğu müəyyənləşdirilib. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. Heydərov bəyan edib ki, bir uşaq artıq ölkəyə gətirilib və reabilitasiya prosesinə cəlb olunub.

Onun sözlərinə görə, 19 uşaq da müəyyənləşdirilib, yaxın vaxtlarda onlar ölkəyə gətirilərək psixoloq, ilahiyyatçı və digər mütəxəssislərin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunacaqlar. Suriya və İraqda sahibsiz qalan azərbaycanlı qadın və uşaqların ölkəyə gətirilməsi ictimaiyyət tərəfindən maraqla izlənilir. Bir müddət əvvəl Azərbaycana gətirilən uşaq müəyyən yoxlamalardan keçirildikdən sonra yaxınlarına təhvil verildi və bu hadisə cəmiyyət tərəfindən təqdirəlayiq hesab olundu. Lakin bəzi narahatlıqlar da var. 

Xüsusən, həmin şəxslərin ölkəyə gətirilməsi prosesinin ləng getməsi bir sıra şəxslərdə narazılığa səbəbiyyət verib. Ancaq ekspertlər hesab edir ki, 300-dən çox azərbaycanlı qadın və uşağın kütləvi şəkildə, terrorçularla ələqələri dəqiq yoxlanılmadan ölkəyə gətirilməsi ciddi problemlərə rəvac verə bilər.

Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə deyib ki, Suriya və İraqda 300-dən çox qadın və uşağın olması dəqiq rəqəm deyil: 

"Orada qalan azərbaycanlıların ölkəyə gətirilməsi sadə prosedurlarla görülən bir iş deyil. Bu işlə aiddiyyəti dövlət qurumları məşğul olur. Etiraf etmək lazımdır ki, xüsusi xidmət orqanları və hüquq-mühafizə qurumları bu istiqamətdə ciddi çalışırlar. Terrorçularla birgə Suriya və İraqa gedən qadın və uşaqların yerlərinin müəyyənləşməsi, oradakı fəaliyyətlərinin araşdırılması, peşmançılıq və təhlükəlilik dərəcələrinin təyin edilməsi və digər zəruri tədbirlərin görülməsi olduqca mühümdür. Radikal qruplaşmalara qoşulan şəxslər və onların ailə üzvləri çox yaxşı bilirdilər ki, ölkəyə qayıtdıqda qanuna uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar. 

Ölkəyə geri dönmələrinə icazə verilən şəxslər həqiqətən peşmanlıq duyan və məsuliyyətə cəlb olunduqdan sonra cəmiyyətə adaptasiya olan adamlardır. Digərləri isə radikal fəaliyyətlərini davam etdirmək üçün Azərbaycana qayıtmaq, yaxud da digər ölkələrə sığınmaq istəyirlər. Ona görə də Yaxın Şərqdəki azərbaycanlıların yerlərinin müəyyən edilməsi və onların ölkəyə gətirilməsi işini ən yüksək şəkildə təhlükəsizlik xidməti görür”.

"Suriya və İraqdan qaytarılan vətəndaşlar ciddi yoxlanılmalıdırlar”

"Suriyadakı kimsəsiz qeyri-müəyyən duruma düşmüş bir-neçə yüz azərbaycanlının ölkəyə qaytarılması elə də asan məsələ deyil”. Bunu isə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib. Onun sözlərinə görə, burada problem yaradan bir neçə hüquqi, psixoloji, sosial, tibbi və s. kimi əngəllər var: "Əvvəla bu qadınların vaxtilə çoxunun oraya girən kimi pasportu alınıb və kimliyi, vətəndaşlığı dəqiq rəsmi müəyyən deyil. Uşaqların çoxunun atasının naməlum olması kimi faktlar onların kimliyini şübhə altında qoyur. 

İkincisi, bu qadınların oraya necə gedib düşməsi, nə ilə məşğul olması, qanunsuz silahlı dəstələrə qoşulub, cinayət əməli törətməməsi ayırd olunmalıdır. Onların içində qayıdarkən dövlətə və cəmiyyətə qarşı təxribat məqsədli göndəriləni ola bilməsi təhlükəsizlik orqanı tərəfindən yoxlanmalıdır. Həmçinin, antisanitar və buraxma şəraitdə infeksion epidemik, ağır venerik (SPID ve s.) xəstəliyi ehtimalı yerində müayinə edilib, ayırd olunmalıdır. Qalır adaptasiya məsələsi ki, o cür müharibə qırğın, xaoslu mühitdən sabit ölkəyə gələn dərhal uyğunlaşa bilmir. Bu da psixoloqların öhdəsindədir. O qadınların çoxunun burada ev eşiyi yoxdur, yaxud bəziləri doğmaları tərəfindən qəbul edilməyəcəklər. 

Onlar dövlət tərəfindən yaşayış üçün sığınacaqla təmin olunmalıdır. Bütün bu sadalanan ağrılı, çoxsaylı problemlərin həlli üçün düşünürəm ki, xüsusi komissiya təşkil olunub, xüsusi yanaşma ortaya qoyulmalıdır. Ancaq bu halda proses dövlətin öz vətəndaşına sahib çıxması, ölkənin imicinə zərər gəlməməsi ilə bitsin. Digər tərəfdən isə, bu geriyə gətirilmə dövlətə və cəmiyyətə ziyansız ötüşsün”.

İsmayıl