4 ildə beş dəfə baş nazir dəyişib

Gürcüstanda vəziyyət getdikcə mürəkkəbləşir
Gürcülər holdinq kimi idarə olunmaq istəmirlər, ona görə etiraz edirlər


Son zamanlar Gürcüstanda ictimai-siyasi vəziyyətin gərginləşdiyi müşahidə olunmaqdadır. Günlərdir davam edən etiraz aksiyalarında hökumətin istefası tələb olunur. Ötən həftə mitinqçilərin tələbləri qarşısında baş nazir istefa verdi. Zamanla digər rəsmilərin də vəzifədən əl çəkəcəyi ehtimal edilir. Lakin baş verənlərlə yanaşı qonşu ölkədə yaşayan azərbaycanlılarla bağlı da xoş olmayan proseslər yaşanmaqdadır. Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstan prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Marneuli şəhər meri azərbaycanlı Temur Abazov həbs olunub.

Daha sonra zorakılıq tətbiq etmək ittihamı ilə isə Gürcüstan parlamentinin üzvü, keçmiş prezident Mixail Saakaşvilinin "Vahid Milliyətçi Hərəkat” Partiyasının təmsilçisi Azər Süleymanova qarşı cinayət işi açılıb. Azər Süleymanovun sözlərinə görə, Gürcüstan getdikcə 1990-cı illərə qayıdır. Hakimiyyətdəkilər bir-biri ilə yola gedə bilmir: "Prezident, baş nazir və parlamentin sədri bir-birinə düşmən münasibətdədir. Belə ölkədə irəliləyiş mümkün deyil. Geriləmə, fiasko qaçılmazdır. Gürcüstanı bu problemdən xilas etmək lazımdır. Mixail Saakaşvilinin dövründə güclü və monolit komanda var idi. Ancaq indi ölkədə çox ciddi ictimai gərginlik hökm sürür. Bütün savadlı insanlar kənarda qalıb, hər vəzifəli şəxs öz qohum-əqrəbasını yanına işə cəlb edir. Kadr məsələsində savada, peşəkarlığa yox, qohumluğa üstünlük verilir. Ölkədə narkomaniya, cinayətkarlıq baş alıb gedir. Son zamanlar hökumət Gürcüstanda yaşayan azərbaycanlılara qarşı təzyiqləri də artırıb. Bir sözlə, Mixail Saakaşvilinin irəli apardığı Gürcüstanı indiki hakimiyyət geriyə aparır. 4 ildə beş dəfə baş nazir dəyişilib. İvanişvili hökuməti oyuncağa çevirib. Belə vəziyyət Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlişini labüd edir. Xalq Saakaşvili dönəminin xiffəti ilə yaşayır”.

Gürcüstanda baş verən olaylar və deputat A.Süleymanovun iddiaları ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə qonşu ölkədə vəziyyətin çox mürəkkəb olduğunu təsdiqləyib. Lakin bildirib ki, Gürcüstanda formalaşmış sistem hələ də tam oturuşmayıb. 2012-ci ildən davam edən siyasi islahatlar bugün də davam etməkdədir:

 "Ölkədə müxtəlif siyasi qruplara xidmət göstərən dairələr var. Bu da ciddi fəsadlara səbəb olur. Baxmayaraq ki, hakim "Gürcü Arzusu” son illər öz nüfuzunu birtəhər qoruyub saxlamağı bacarıb. Amma nəzərə alaq ki, bu nüfuz partiyanın kölgə rəhbəri Bidzina İvanişvilinin hesabına formalaşıb. İvanişvili Gürcüstanda informasiya və iqtisadi resurslara sahibdir. Məhz bunun müqabilində "Gürcü Arzusu” öz hakimiyyətini qoruyub saxlaya bilir”.

Analitik Gürcüstanda əks proseslərin getdiyini deyib: 

"Saakaşvili hakimiyyətdən gedəndən sonra Gürcüstan böyük koorporasiya kimi idarə olunmağa başlanılıb. İvanişvilinin yaxın adamları həm hökuməti, həm də biznesi idarə edirlər. Əlbəttə, bunlar cəmiyyəti narahat etməyə bilməz. Gürcülər holdinq kimi idarə olunmaq istəmirlər, konstitusion hüquqlarının bərpa olunmasını tələb edirlər. Problem ondadır ki, hakim partiya bu sistemlə ölkəni idarə etməkdə israr edir. Təbii olaraq müxalif partiyalar bununla razılaşmır və etiraz aksiyalarına siyasi dəstək verirlər”.

 İ.Vəlizadə soydaşlarımızla bağlı hökumətin xüsusi qərəzinin olduğunu düşünmür:

 "Mövcud hakimiyyətin o qədər səhvləri var ki, onların xətasından bütün Gürcüstan vətəndaşları əziyyət çəkir. Azərbaycanlıların üzləşdiyi təzyiqlər indiki hakimiyyətin səriştəsizliyindən qaynaqlanır. Məqsədyönlü şəkildə olduğunu zənn etmirəm. Məncə, qarışıq vəziyyətdən yararlanmağa çalışanlar arasında milliyətçi qruplar daha öndədir. Problem yaradan da budur”.

İsmayıl