4 milyard dollar vəsait tələb olunur
Dəqiq hesablamalar aparılmalıdır ki, tibbi sığortanın tətbiqində problemlər yaşanmasın
"Avtomobil qəzasına düşən, müxtəlif faciələrlə üzləşən, ümumiyyətlə, kəskin tibbi xidmətə ehtiyacı olan xəstələrə icbari tibbi sığorta tam pulsuz olmalıdır"
Gələn ildən etibarən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur. Hətta işləyən və işsizlər üçün icbari tibbi sığorta haqqı dəqiqləşib. Həmçinin yeni sığorta paketi hazırlanıb və paketə 1806 növ tibbi xidmət daxil edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və aktuari departamentinin direktoru Araz Nəsirovun dediyinə görə, artıq icbari tibbi sığorta haqqının məbləği müəyyənləşdirilib. Bu haqq muzdlu işçilərin əmək haqqından tutulacaq. Əmək haqqının 2 faizi işçidən, 1 faizi isə işəgötürəndən olmaqla cəmi 3 faiz ödəniş tələb ediləcək. İşləməyən vətəndaşlar isə illik 120 manat ödəməklə sığorta paketini əldə edə biləcəklər.
Agentlik rəsmisi bildirib ki, bir sıra kateqoriyalardan olan vətəndaşların icbari tibbi sığortası tam olaraq dövlət hesabına təmin ediləcək. Bunlar 18 yaşadək uşaqlar, əyani təhsil alan tələbələr, pensiyaçılar, sosial müavinət alanlar, hamilə qadınlar və digərləridir.
Genefondun sağlamlığı üçün nəzərdə tutulan icbari tibbi sığortanın tətbiqi təbii ki, vətəndaşlar üçün əlverişlidir. Bu gün təcili əməliyyata ehtiyacı olan xəstələr var ki, onlar məhz maddi durumları aşağı olduğu üçün tibbi proseduralardan keçə bilmirlər. Çox güman ki, yeni layihə vətəndaşların sağlamlığı istiqamətinə yönəlib və bu proses maksimum olaraq şəffaf keçiriləcək.
Ölkəmizdə icbari tibbi sığortanın çoxdan tətbiq edilməli olduğunu deyən iqtisadçı-ekspert Əkrəm Həsənov "Şərq”ə bildirib ki, hazırda heç bir tibbi xidmət pulsuz deyil:
"İcbari tibbi sığorta zamanı həkim bilir ki, hətta o, dövlət hesabına görə çalışırsa, hər bir xəstə üçün ona müəyyən ödəniş gəlir. Ümumiyyətlə, Azərbaycanda savadlı və savadsız həkimlər fərqləndirilir. Təbii ki, hamı işini yaxşı bilən həkimə müraciət etmək istəyir. İcbari tibbi sığorta olduğu üçün də vətəndaş xərcləri öz cibində verməyəcək, bu artıq dövlətin hesabınadır”.
İqtisadçı deyib ki, bu gün Azərbaycanda özəl klinikalar var və bu klinikalarda savadlı həkimlər də fəaliyyət göstərir. Hər kəs çalışır ki, həmin həkimlərin qəbuluna getsin: "Lakin pulu olmayan xəstələrin həmin həkimlərin yanına getməyə imkanı yoxdur. İcbari tibbi sığorta isə bu baxımdan imkan yaradacaq ki, xəstələr lazımlı əməliyyatlardan və müayinələrdən keçə bilsinlər. İcbari tibbi sığorta həm xalqımızın sağlamlığı, həm həkimlərin inkişafı baxımından müsbət layihədir. Yaxşı pul qazanan həkim öz üzərində daha çox çalışacaq və bu, bütövlükdə iqtisadiyyatı daha da şəffaf edəcək. Çünki layihə korrupsiyanın qarşısını ala bilər. Ümid edirəm ki, sistem düzgün tətbiq olunacaq”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, icbari tibbi sığorta ilə bağlı 1999-cu ildən prezident fərmanı var. Amma bu günə kimi sığorta ilə bağlı ortada real bir fakt yoxdur: "Yevlax və Mingəçevirdə icbari tibbi sığorta pilot layihə olaraq həyata keçirilib. İndi isə bu layihəni bütün respublika üzrə həyata keçirmək lazımdır.
İcbari tibbi sığorta üçün lazım olan xərcləri təxmini hesablamışıq. Azərbaycanda ümumi statistikanı götürəndə optimal icbari tibbi sığorta üçün 4 milyard dollar vəsait tələb olunur. Amma səhiyyəyə bu qədər pul ayrılmayıb. İlkin siyahıda qiymətlər göstərilib, tibbi proseduraların hər birinin qiyməti də qeyd olunub”.
İcbari tibbi sığortanın effektiv həyata keçirilməsi üçün dünya təcrübəsinə müraciət etməyin vacibliyini deyən professor tibbi sığortanın ilk növbədə doğuş və təxirəsalınmaz yardımı əhatə etməli olduğunu da vurğuladı: "Avtomobil qəzasına düşən, müxtəlif faciələrlə üzləşən, ümumiyyətlə, kəskin tibbi xidmətə ehtiyacı olan xəstələrə icbari tibbi sığorta tam pulsuz olmalıdır.
Gəlirləri müəyyən səviyyədə olan və ya heç olmayan şəxslər, məsələn, qazandıqları adi yaşayışlarına güclə çatan vətəndaşlardan icbari tibbi sığorta ödəməsi götürülmür və birbaşa dövlət büdcəsi hesabına maliyyələşir. Tələbələr, təkuşaqlı anaların da icbari tibbi sığorta xərcləri dövlət büdcəsindən ödənilir. İşləyən biznesmenlər, dövlət məmurları isə xüsusi qaydada sığortanı əmək haqlarından ödəyirlər. Amma bizdə əmək haqları sığorta üçün yetərli deyil.
Ona görə də effektiv sistem yaratmaq üçün ən azı Türkiyə təcrübəsi ilə getsək daha yaxşı olardı. Çünki dəqiq hesablamalar aparılmalıdır ki, işin gedişində problem yaşanmasın. Yəni, icbari tibbi sığorta həm həkimləri, həm də xəstələri qane etməlidir. Ümumiyyətlə, bu layihə genefondun sağlamlığı üçün nəzərdə tutulan bir situasiyadır və xidmət növü effektiv olmalıdır”.
Yeganə Bayramova