"5 yaşlı Zeynəbi dişləyən it ölməyibsə, onda xəstəlik yoxdur" - Vaksinə baxılsın !

Adil Qeybulla: "Bu zaman uşağın ölüm səbəbinə tək variant vaksin göstərilə bilər. Amma it ölübsə, vaksin də, uşağın immun sistemi də zəif olub"


"Əgər quduz it dişləyən şəxsə vaxtında vaksin vurulursa, heç bir halda problem olmamalıdır”.

Bunu "Sherg.az”a Sumqayıtda 5 yaşlı qızın it dişləməsi nəticəsində həkim müdaxiləsinə baxmayaraq dünyasını dəyişməsinin səbəblərini izah edərkən tibb elmləri doktoru Adil Qeybulla deyib. 

Həkimin sözlərinə görə, ola bilər, vaksin həmin xəstəyə düzgün vurulmayıb:

"Hadisəni daha dəqiq araşdırmaq və ölümün səbəbini üzə çıxarmaq lazımdır. Quduzluq virusu denaktivasiya olunmuş virusdur. Virus əleyhinə vurulan vaksin özü 1 faiz hallarda quduzluq yarada bilər. Xüsusilə, immuniteti zəif insanlarda bunun baş verməsi mümkündür. Ona görə, ciddi araşdırılma aparılmalıdır. Eyni vaksin vurulan digər xəstələrdə ölüm halı baş verməyibsə və dişləyən it də ölməyibsə, deməli, itdə xəstəlik yoxdur. Bu zaman uşağın ölüm səbəbinə tək variant vaksin göstərilə bilər. Amma it ölübsə, onda vaksin də, uşağın immun sistemi də zəif olub. Nəticədə uşaq virusun güclü şəkildə yayılmasından dünyasını dəyişib”.

Qeyd edək ki, iyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını başından dişləyib. Həkimlərin bütün səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, həmin gün 10 və 11-ci mikrorayon ərazisində 10 nəfəri it dişəyib. Sumqayıt şəhər səhiyyə şöbəsindən isə bildirilib ki, onların hamısına vaksin vurulub, heç birində quduzluq əlaməti yoxdur.

Aysel Aslan