Sədərddin Soltan:"ABŞ və İsrail İranın dünyanı aldatdığını, Tehran isə əksini sübut etməlidir"
"Avropa İttifaqı öz müttəfiqləri İsrail və ABŞ-ın nüvə sazişi haqqında irəli sürdüyü iddiaların doğru olmadığına əsaslar axtarır”.
Bunu "Sherg.az”a ABŞ-ın nüvə razılaşmasından imtinasından sonra İranın öz maraqlarını təmin etmək məqsədilə Avropa ölkələrindən zəmanət istəməsinə münasibət bildirərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib.
Onun fikrincə, İsrail və ABŞ 60 gün müddətində iddia etdikləri sənədləri Qərbdəki müttəfiqlərinə təqdim edəcəklər:
"Amerika razılaşmadan çıxırsa, sazişə qədər İrana tətbiq edilən sanksiyalar qüvvəyə minəcək. Üstəlik, bu sanksiyalar daha da genişlənə bilər. Bir neçə gün əvvəl, İranın inqilab keşikçiləri qvardiyasının Qüds qoluna sanksiya tətbiq edildi.
Rəsmi Vaşinqtonun iddiaları 60 gün müddətinə təsdiqlənərsə, "altılıq” ölkələrindəki Amerika müttəfiqləri də həmin aksiyaya qoşulacaq. İran bu proseslərdən sonra atom-nüvə sahəsində fəaliyyətini davam etdirə bilər. ABŞ İranın nüvə silahı istehsal edəcəyini iddia edir. İran isə bunu qəbul etmir”.
S.Soltan vurğulayıb ki, 60 gün müddətinə tərəflər bir-birini nüvə proqramı ilə bağlı şəffaflığa inandırmalıdır:
"Burada iki məqam var: ABŞ və İsrail İranın dünyanı aldatdığını, İran isə əksini sübut etməlidir. Nəticədən olaraq, beynəlxalq vasitəçilər addım atacaqlar. Hesab edirəm ki, İranın bütün cəhdləri uğursuz olacaq. Çünki KİV-in məlumatına əsasən, rəsmi Tehran özünün hərbi obyektlərinin heç də hamısını Atom üzrə Beynəlxalq Enerji Agentliyinin müfəttişlərinə açmayıb. Bu isə Qərbdə, ilk növbədə, ABŞ-da şübhə yaradır.
Müzakirələrdən sonra ABŞ və İsrailin iddiaları doğru olarsa, müttəfiqlər yeni sanksiya sənədi də qəbul edə bilərlər. Bütün hallarda İran hakimiyyətinə təzyiqlər artacağı, vəziyyətin gərginləşəcəyinin söyləmək olar. İrana qarşı iddialar tək nüvə proqramı ilə bağlı deyil. Hətta nüvə sahəsində şəffaflıq sübut olunsa belə, vəziyyət dəyişməyəcək. İrana qarşı başqa iddialar da var. İran beynəlxalq terrorçuluğu himayə edir, ballsitik raket istehsal edir, insan haqlarını pozur. Bu iddialarla Tehrana təzyiqlər davam etdiriləcək”.
Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Abbas Araqçının açıqlamasına görə, avropalılar ABŞ-ın imtina səbəbindən yaranmış zərəri də kompensasiya etməlidirlər. O bildirib ki, 60 gün müddətində Avropa ölkələri zəmanət verməsə, İran lazımi qərarlar qəbul edəcək.
Aysel Aslan