Şagirdlərin təhsilinin başa çatdırılmasına şərait yaradılmalıdır
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 9-cu siniflərin buraxılış imtahanları ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, 9-cu sinfin buraxılış imtahanlarından sonra təxminən 30 faiz şagird tədris prosesindən ayrılıb, 10-cu sinfə keçmir.
Belə olduğu halda buraxılış imtahanından kəsilən şagirdlər kütləvi şəkildə təhsil prosesindən yayınırlar. Onların sonrakı talelərinin necə olduğunu düşünmək isə olduqca çətindir. Bəs bu problem öz həllini necə tapa bilər? 10-cu sinfə keçə bilməyən şagirdlərin peşə sahibi olması üçün nə kimi tədbirlər görülməlidir?
Azərbaycan Təhsil Şurasının sədri, təhsil mütəxəsisi Əjdər Ağayevin iddiasına görə, 30 faizin statistik rəqəm olaraq nə dərəcədə düzgün olduğunu söyləmək çətindir. Bu rəqəmin dəqiqliyini öyrənmək üçün xüsusi hesabat lazımdır. Ekspert bildirib ki, imtahanda kəsilən şagirdlərin hansısa sənət sahibi olması üçün peşə məktəbləri və bir sıra kurslar var. Onlar kurslara yazılaraq müvafiq peşəyə yiyələnə bilərlər. Ümumilikdə isə imtahandan kəsilən şagirdlərin təhsilini davam etdirməsi üçün lazımlı şərait yaradılmalıdır:
"Şagirdlər kurslarda 5-6 ay oxuyub, sertifikat alırlar. Daha sonra isə müvafiq yerdə işləməyə başlayırlar. 30 faiz şagirdin təhsildən yayınmasının nə dərəcədə dəqiq olduğuna inanmıram. Həmin şagirdlərin tam olaraq nə qədər olduğunu bilmək üçün xüsusi yoxlamalar aparılmalıdır. Çünki bizdə hələ də peşə məktəbləri var və həmin məktəblərə qəbul lazımlı səviyyədə həyata keçirilir”.
Ə.Ağayevin sözlərinə görə, ola bilər ki, 9-cu sinif imtahanından kəsilən uşaqlar peşə məktəbinə və ya hansısa kursa getməsin. Belə olduğu təqdirdə uşaqlarla ilk növbədə valideyn maraqlanmalıdır:
"Valideyn öz uşağının avara həyat keçirməsini istəməz. Valideyn övladı ilə məşğul olmalı və onun üçün sənət tapmalıdır. Lakin 9-cu sinif imtahanından sonra uşaqların 10-cu sinfə qəbulunu məhdudlaşdırmaq lazım deyil. Heç olmasa, onlar 10-11-ci sinifdə təhsil alsınlar və orta məktəbi bitirsinlər. Bunun yeganə yolu odur ki, şagirdlərin növbəti sinfə qəbulu ilə bağlı məhdudlaşdırma aradan qaldırılsın. Kim istəyirsə 9-cu sinifdən sonra peşə məktəbinə və ya kursa getsin, digərləri isə təhsilini davam etdirsin. Bununla biz şagirdlərin təhsilinin başa çatdırılmasına şərait yarada bilərik. Başqa bir yol yoxdur, hansısa peşə məktəbinin sayını artırmaqla məsələ həll olunmur. Narahatlıq yaradan odur ki, 9-cu sinifdən sonra uşaqlar zorla məktəbdən atılır. Belə faklar var, bununla bağlı çoxlu şikayətlər eşitmişəm. Valideyn övladını 10-cu sinifdə oxutmaq istəyir, amma direktor şagird imtahandan kəsildiyi üçün onu növbəti sinfə qəbul etmir. Bu məsələ ilə Təhsil Nazirliyi məşğul olmalıdır. Peşə məktəbinə və kurslara getməyənlər 10-cu sinifdə təhsilini davam etməlidir. Əgər buna şərait yaradılsa, bəzi məktəb direktorlarının "görüm-baxım” və təmənnalı xahişlərlə icraçılığı sıradan çıxa bilər”.
Yeganə Bayramova