9 kənd ayağa qalxıb

Gürcüstanda soydaşlarımız mal-qarasını otarmağa yer tapmır
Qapalı, hərrac keçirmədən soydaşlarımızı aldadıb onların torpaqlarını satıblar



Gürcüstanda Saqareco rayonunun azərbaycanlıların yaşadığı Yormuğanlı kəndində etiraz aksiyası keçirilib. Aksiyanın keçirilməsinin səbəbi 9 kənd sakininin otlaq sahələrindən istifadə edə bilməməsidir.

Vaxtilə 4 minə yaxın ailə təsərrüfatına məxsus 200 hektarlıq otlaq sahələri hazırda "Arik Group” investisiya şirkətinin mülkiyyətinə verilib. Şirkət mal-qaranın otlaq sahəsinə buraxılmasına icazə vermir. Kənd sakinlərinin də mal-qaranı başqa otlaq sahələrinə aparmaq imkanı olmadığından problemlərinin həll olunmasını tələb edirlər. Məsələ ilə bağlı hökumətə dəfələrlə müraciət edilsə də, Yormuğanlıların probleminə heç kəs diqqət yetirmir.

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, uzun illərdir Gürcüstandakı azərbaycanlıların mülkiyyət və toponim problemi həllsiz qalıb:

 "Toponimlərin bərpa olunmaması və torpaq üzərində mülkiyyət hüququnun zamanında məhdudlaşdırılması kimi problemlərin həlli ilə bağlı dəfələrlə müraciət etmişik. Kəndlilərin torpaq üzərindəki mülkiyyət haqqı tanınmalıdır ki, onlar öz ellərində təsərrüfat işləri ilə məşğul ola bilsin, mal-qara saxlaya bilsin. Bu, bir aksiomadır. Ancaq zamanında buraxılan xətaların hələ də aradan qaldırılmaması bu kimi məsələləri tez-tez aktuallaşdırır. Qapalı, hərrac keçirmədən soydaşlarımızı aldadıb onların torpaqlarını satıblar. Hansı ki, bu prosesdə bəzi həmyerlilərimiz də dəllallıq edib”.

Z.Məmmədlinin sözlərinə görə, Yormuğanlı kənd sakinlərinin öz torpaqları uğrunda aksiya keçirərək haqlarını tələb etməsi təqdirəlayiqdir. 

Özünü demokratik dövlət hesab edən və Avropaya inteqrasiya yolunu tutan Gürcüstan hökuməti Azərbaycan türklərinin probleminə diqqət ayırmalıdır. Demokratik dövlətlər içərisində yaşayan millətin mədəniyyətinə, dilinə, dininə və mülkiyyət hüquqlarına, tarixinə hörmətlə yanaşmalıdır: "Gürcüstanda azərbaycanlılara qarşı şovinist və bir az da ehtiyatlı yanaşmalar var ki, bu da siyasi rəhbərliyin qüsuru hesab olunur. Azərbaycan türkləri Gürcüstanın müstəqilliyi üçün heç zaman qorxu mənbəyi olmayıblar. Bundan sonra da olmaq niyyətləri yoxdur. Gürcü hökuməti osetin, abxaz, ermənilərdən aldığı zərbələrin əvəzini bizdən çıxmamalıdır. Əksinə, Azərbaycan türklərinə daha xoş münasibət sərgiləməlidir”.

Şəymən