Xırdalan şəhərində, AAAF Park Yaşayış Kompleksinin nəzdində yerləşən "Limuforest" İstirahət və Əyləncə Mərkəzində qəribə qaydalar müəyyənləşdirilib. Belə ki, restoran rəhbərliyi müştərilərə "həftəsonu 10 manatdan aşağı sifariş olmaz” şərtini diktə edir. Bu qaydadan narahat olan bəzi müştərilər, sosial şəbəkədə etiraz edib, belə məhdudiyyət tətbiq etməyin düzgün olmadığını ifadə ediblər.
Restoran rəhbərliyinin bu biabırçı tələbi barədə "Sherg.az”a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, əslində sahibkarlar fərdi biznes qurumlarında istənilən qayda-qanunu, şərti qoya bilər. Onun fikrincə, buna baxmayaraq, restoranda istehlakçıya məhdudiyyət qoymaq, məkana daxil oldunsa, 10 manatlıq sifariş verməlisən demək, nadan biznesin əlamətidir:"Qanun bunu qadağan etmir. Adətən, restoranlar piarını qurmaq üçün əks variantdan istifadə edir, limitsiz xidmət, yemək təklif etməklə müştəri cəlb etməyə çalışır. Azərbaycanda aparılan islahatlar, turizmin inkişafı fonunda restoranların istehlakçıya məhdudiyyət tətbiq etməsi, xoş qarşılanan addım deyil. Bu istehlakçıların hüquqlarının pozulması deməkdir”.
Millət vəkili Tahir Kərimli isə belə restoranların az olduğunu deyir. O xatırladıb ki, şəhid ailələrinə, əlillərə güzəştlər tətbiq edən restoranlar olub:"Sahibkarlar əslində burada hansısa qanunu pozmuş sayılmır. Amma restoranın bu addımı istehlakçının da müəyyən məhdudiyyətlə qarşılaşmasına səbəb olur. Əslində istehlakçı narazıdırsa, məhkəməyə müraciət edə bilər. Məhkəmə obyekt rəhbərliyinə xəbərdarlıq ünvanlayar. Lakin həmin restoran sahibinin məsuliyyətə cəlb edilməsi mümkün deyil.
İstənilən halda bu restoranların məhdudiyyət tətbiq etməsi tənqid olunmalıdır. Bələdiyyələr, icra orqanları və ictimai iaşə obyektlərinə nəzarət edən qurumlar bu məsələni araşdırmalı, restoranlara qayda qoymalıdır. Xüsusilə, turistik bölgədə istehlakçıların hüquqlarını məhdudlaşdıran restoranın fəaliyyət göstərməsi, turizmin imicinə də zərbədir. Çalışmaq lazımdır, istehlakçıların hüquqları təmin edilsin”.
Aysel Aslan