Donald Trampın İlham Əliyevə ünvanladığı məktubda Qarabağın sülh yolu ilə həlli xüsusi vurğulanır
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda vurğulanıb ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək, sıx tərəfdaşlıq edirlər:
"Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il zirvəyə yüksəlib. Həmçinin, Tramp bəyan edib ki, qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq: "ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”.
ABŞ rəhbərinin məktubunu və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyan etdiyi mövqeyi "Şərq”ə dəyərləndirən politoloq Zaur İbrahimli vurğulayıb ki, Trampın məktubunda yer alan fikirlər bir daha göstərir ki, Vaşinqton ölkəmizin əsas təşəbbüskarı və tərəfdaşı olduğu regional enerji layihələrinə dəstəyini davam etdirəcək:
"Bu həm region, həm Azərbaycan, həm də tərəfdaşlarımız üçün çox vacibdir və əhəmiyyətli töhvədir. Vaşinqtonun açıq dəstəyi bu layihələri yalnız iqtisadi baxımdan cəlbedici etmir. Eyni zamanda siyasi risklərdən sığorta təminatı verir. Beləliklə, bu layihələrin həyata keçməsi üçün zəruri olan etimad və inam mühiti yaradır. Azərbaycan da öz növbəsində etibarlı tərəfdaş kimi hazırda çox aktual olan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına əməli töhfə verir. Cənub Qaz dəhlizi, TANAP, TAP qaz boru kəmərlərinin çəkilməsi Avropa İttifaqı üçün alternativ təchizat imkanları yaradır. Bu isə hazırda Brüssel üçün strateji xarakterə malikdir”.
Analitik bildirib ki, Trampın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri Vaşinqtonun niyyəti, Qarabağ nizamlanmasına baxışı kimi qəbul edilməlidir:
"Regiondakı vəziyyət, xüsusən Ermənistanda baş verənləri nəzərə alsaq, yaxın perspektivdə hər hansı irəliləyiş gözləməyə dəyməz. Bununla belə, prezident Trampdan Qarabağ nizamlanması ilə bağlı nikbin mesajlar eşitmək maraqlıdır. Ümid edək ki, ABŞ-ın Qarabağ nizamlanmasındakı son illər müşahidə olunan passivlik və seyirçi yanaşması fəal vasitəçi mövqeyi ilə əvəz olunacaq”.
İsmayıl