Bu üç ölkənin tarixi yaxınlaşması Qarabağ münaqişəsinin həllində pozitiv rol oynaya bilər
ABŞ bölgədən çıxarılır
Türkiyə-Rusiya-İran formatı real gücə çevrilir
Bu üç ölkənin tarixi yaxınlaşması Qarabağ münaqişəsinin həllində pozitiv rol oynaya bilər
Bu üç ölkənin tarixi yaxınlaşması Qarabağ münaqişəsinin həllində pozitiv rol oynaya bilər
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada baş tutan üçtərəfli görüşü dünyanın diqqətlə izlədiyi mühüm hadisə kimi tarixə düşdü. Üç liderin görüşü 1 saat 40 dəqiqə davam etdi. Suriyadakı vəziyyət və bu ölkənin taleyi ilə bağlı danışıqlarda Astana və Soçi görüşlərinin nəticələri ilə yanaşı, qəbul olunan qərarların icrası müzakirə edildi. İran, Rusiya və Türkiyə Yaxın Şərqin yeni konturlarını cızdılar.
Görüşdən sonra ilk məlumatı "Reuters” agentliyi yaydı. Bildirildi ki, İran Prezidenti Həsən Ruhani danışıqlar zamanı Afrin məsələsinə toxunub. Bəyan edib ki, Afrindəki əməliyyatlar Suriyanın ərazi bütövlüyünə zidd olmadığı halda faydalı olacaq. Bundan əlavə bölgədə idarəetmənin Suriya ordusuna verilməsinin vacibliyi vurğulanıb. Mətbuata qapalı keçirilən görüşdən sonra üç ölkənin prezidenti jurnalistlərin qarşısına çıxaraq mətbuat konfransı keçiriblər. Ərdoğan çıxışında deyib ki, Suriyada sülh olmadan Türkiyə hüzur tapa bilməz. Rusiya lideri də zirvə görüşünün uğurlu keçdiyini söyləyib. Ümumilikdə hər üç prezident Suriyanın terrorçulardan təmizlənməsi, ölkədə sülhün bərpa edilməsi və insanlara yardımın edilməsi üçün dəstək olacaqlarını bəyan ediblər.
Ərdoğan, Putin və Ruhani görüşü dünya mediasında...
Ankara sammiti dünya mediasının əsas xəbərinə çevrilib. CNN-dən "Nyu York Tayms”a kimi nüfuzlu ABŞ media orqanları Türkiyədə baş tutan görüşə xüsusi yer veriblər. İsrailin "Haaretz” qəzeti Türkiyə və Rusiya arasındakı münasibətlərin daha indiyə kimi heç olmadığı qədər gücləndiyini vurğulayaraq, ABŞ-ın Yaxın Şərqdən adətən çıxarıldığını yazıb. "Vaşinqton Post” bu görüşdə əsas diqqətini Suriyanın gələcəyi barədə müzakirələrə ayırıb. "CNN İnternational” isə Rusiya, İran və Türkiyənin bu cəhdlərinin Suriyadakı müharibənin sona çatmasına kömək etməyəcəyini qeyd edib. Dünyanın ən məşhur xəbər telekanalı ABŞ-ın bölgədən çəkiləcəyi halda, Suriyadakı terrorçuların Əsəd rejimiylə razılaşmaq məcburiyyətində qala biləcəyi şərhini də edib.
"Tarixdə ilk dəfə Türkiyə bizim dostumuz oldu”
Rusiya mediası isə "Tarixdə ilk dəfə Türkiyə bizim dostumuz oldu” fikirlərini önə çıxarıb. Rusiya dövlət telekanalı "Rossiya 1” ziyarəti "tarixi” adlandıraraq, bunun iki ölkənin ən böyük yaxınlaşması olduğunu vurğulayıb. Rusiyanın NTV kanalı isə Putinin Ankara üçün "ən maraqlı ziyarətçi” olduğunu və bu ziyarətin Putinin yeni prezidentlik dönəmindəki ilk rəsmi xarici səfəri olduğunu bildirib. Məşhur rusiyalı aparıcı Kirill Keimyonov Rusiya ilə Türkiyənin yüz illərdir "Qərb istədiyi üçün” düşmən olduğunu söyləyib və əlavə edib: "Öncə İngiltərə, sonra Almaniya və ardınca da NATO-nun "sahibi” ABŞ bu iki ölkənin düşmən olmağını istədi. Amma indi tarixdə ilk dəfə Türkiyə bizim dostumuz və bölgədə ən önəmli tərəfdaşımızdır”.
"Ərdoğan, Putin və Ruhani Suriya probleminin daimi həllinə nail ola bilməz”
Ankara görüşü ilə bağlı danışan Almaniyanın Türkiyədəki səfiri Martin Erdman deyib ki, Rusiya, İran və Türkiyə liderlərinin təması Qərb tərəfindən ciddi qəbul olunmur. Onun sözlərinə görə, bu sammit Suriya məsələsində daimi həll tapmaq imkanında deyil: "Problem BMT-də həll edilməlidir. Afrin əməliyyatı ilə bağlı Almaniya hökumətindən çox az açıqlama eşitmisiniz. Berlinin mövqeyi budur ki, Türkiyə terror hücumlarına qarşı özünü müdafiə haqqına sahibdir. Afrin hərəkatının terrorla mübarizənin bir parçası ola biləcəyini düşünürük. Türkiyədən əsas gözləntimiz mülki vətəndaşlara münasibətdə həssas davranması və Suriyanın ərazi bütövlüyünün qorunmasıdır. Hərəkat sona çatdıqdan sonra hərbçilərin geri çəkilməsi lazımdır”.
"Qərbin 60 ildir Türkiyəyə vermədiyi nüvəni Rusiya verdi...”
Rusiya ilə Türkiyə arasında tarixi yaxınlaşmaya diqqət çəkən türkiyəli siyasi ekspert Məsud Haqqı Çaşqın bildirib ki, Qərbin 60 ildir Türkiyəyə vermədiyi nüvəni Rusiya verdi: "Türkiyə və Rusiya arasında enerji əməkdaşlığı qaz və neftdən sonra nüvə sahəsinə də qədəm qoydu. Əlaqələr daha da möhkəmləndi. Rusiyanın bu sahədə atdığı addım olduqca mühümdür. Ötən gün Türkiyə üçün tarixi gün oldu. Bu layihə "Cənub axını” layihəsini sürətləndirəcək”.
"3 ölkə arasındakı yaxınlıq artacaq”
Politoloq Elxan Şahinoğlu da bildirib ki, Moskva və Ankara Rusiya-Türkiyə münasibətləri tarixində indiki qədər bir-birinə yaxın olmayıb: "Moskva Vaşinqtondan fərqli olaraq, Türkiyə ordusunun Suriyada hərbi əməliyyatına mane olmaq istəmir. Bu da Ankara üçün vacibdir. Putin ortaq mətbuat konfransında PYD və YPG-ni terrorçu təşkilat adlandırmasa da, Türkiyə ordusunun bu iki terrorçu qruplaşmanı Suriya ərazisində neytrallaşdırmasına mane olmur. Putinin Ankaraya səfərinin ikinci günü İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən üçtərəfli format ancaq Suriyanı müzakirə edib. Rusiya-Türkiyə-İran formatı Suriyada real əməkdaşlıq edir, biri-birlərinə mane olmurlar. Hətta Ərdoğan Putinə və Ruhaniyə təklif etdi ki, Suriyada infrastruktur çalışmalarını da 3 ölkə birgə həyata keçirsin. Fikrimcə, Putin və Ruhani Ərdoğanın bu təklifinə dəstək versələr, 3 ölkə arasındakı yaxınlıq bir az daha artacaq”.
Türkiyə-Rusiya-İran formatı Qarabağ münaqişəsinin həlli ilə məşğul ola bilərmi?
Analitik bildirib ki, Rusiya və Türkiyə bölgədə sülhün və stabilliyin bərqərar olması istiqamətində birgə intensiv işi davam etdirəcəklər: "Ərdoğan istəyir ki, Türkiyə-Rusiya siyasi əməkdaşlığı yalnız Suriya ilə kifayətlənməsin, gələcəkdə başqa regional mövzular ətrafında da fikir mübadiləsi aparılsın. Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir. Azərbaycanın bu 3 ölkənin hər biri ilə quru sərhədi var. Bu baxımdan Azərbaycan mövcud üçlü formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır. Onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir. Digər tərəfdən Türkiyə və İran danışıqlar prosesinin kənarda qalmasından narazıdırlar. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləyici rol oynaya bilər. Ancaq bunun üçün iki şərt yerinə yetirilməlidir. Suriyada müharibə bitərsə, Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərilə bilər. Rusiya üçlü formatın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasına razılıq verməlidir. Çünki Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasını istəmir. Rusiya Ermənistanı yola gətirməlidir”. "Türkiyə-Rusiya münasibətlərinə siyasi, iqtisadi və hərbi prizmadan baxsaq, hər iki dövlət üçün əhəmiyyətli məqamları görərik”. Bu barədə "Shegr.az”a Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərini şərh edərkən analitik Arzu Nağıyev bildirib. O qeyd edib ki, tətbiq edilən bu qədər sanksiyaların əksinə Türkiyənin Rusiyaya imkanlar yaratması təşəkkürə layiq məqamdır: "İqtisadi cəhətdən demək olar, hərtərəfli "embarqo”ya məruz qalan Rusiya "Akkuyu” kimi böyük nüvə layihəsini məhz Türkiyə sahəsində həyata keçirir. Bundan əlavə, qaz satışı, kənd təsərrüfatı və s. sahələrlə bağlı layihələrdə də Rusiya Türkiyəni vacib tərəfdaş kimi görür. Siyasi cəhətdən də regionda eyni prizmadan çıxış etmək üçün Türkiyə Rusiyanın vacib tərəfdaşıdır. Çünki qardaş ölkə NATO-nun üzvüdür, ərəb ölkələrində, regionda özünün nüfuzu olan dövlətdir. Hərbi cəhətdən Rusiya və Türkiyə eyni platformada təmsil oluna bilməz. İkili, üçlü platformalarda Rusiyanın təmsilçiliyi özünün təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Rusiyadan silahların alınması, Türkiyənin bu silahları Suriyada, İraqda və digər bölgələrdə tətbiq etmək fikri də Rusiyanın hərbi potensialına müsbət təsir göstərən amillərdir”. Analitik onu da diqqətə çatdırıb ki, Rusiya Türkiyə üçün böyük bazar rolunu oynayır: "Problemli məsələ isə Rusiya-Türkiyə yaxınlaşmasının Qərbə - Amerikaya mənfi təsir etməsidir. ABŞ və Türkiyə eyni blokda təmsil olunsa da, bu yaxınlaşma Vaşinqton üçün narahatedici məqam kimi qiymətləndirilir. Düşünürəm ki, Türkiyə və Rusiyanın həm regionda, həm də regiondan kənarda ümumi maraqları var. Bu münasibətlərin yaxınlaşması Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün prioritet olduğuna görə, qonşu ölkələrin bir-biri ilə yaxşı münasibəti münaqişənin həllində müsbət dönüş yarada bilər”.
İsmayıl