Trampın və Pompeonun Bakıya ünvanladıqları təbrik məktubu bunu söyləməyə əsas verir
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verilən mesajlar regionda ABŞ-Rusiya siyasi qarşıdurmasının olacağını göstərir
ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo Cümhuriyyətin 100 illiyi münasibəti ilə Prezident İlham Əliyevə göndərdikləri məktublarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi məqamlara toxunublar. ABŞ-ın hər iki rəsmisi dövlət başçısı İlham Əliyevlə işləməyi səbirsizliklə gözlədiklərini deyiblər. Tramp vurğulayıb ki, qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq.
Bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. Dövlət katibi də məktubunda Qarabağ münaqişəsinə təmas edib. Pompeo bildirib ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır və tərəfləri intensiv danışıqları tezliklə bərpa etməyə çağırır.
Tramp administrasiyası seçkidən sonra ilk dəfədir ki, Dağlıq Qarabağ mövzusunda açıq fikir bildirir. Əslində Ağ Evin bu istiqamətdə hansı addımları atacağı yönündə şübhələr var idi. Lakin Tramp və Pompeonun Bakıya göndərdikləri məktublar göstərdi ki, ABŞ bu məsələ ilə yaxından məşğul olacaq.
ABŞ-ın dəyişən mövqeyi ilə bağlı "Şərq”ə danışan "Cənubi Qafqaz” Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Amerika Cənubi Qafqaza xüsusi diqqəti artırır. Onun fikrincə, Trampın və Pompeonun prezident İlham Əliyevə ünvanladıqları təbrik məktubu bunu söyləməyə əsas verir:
"ABŞ-ın Ermənistandakı yeni hökumətə maliyyə və siyasi dəstək verməsi, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı tam dəstəyin ifadə olunması, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verilən mesajlar regionda ABŞ-Rusiya siyasi qarşıdurmasının olacağını göstərir.
Görünən odur ki, Amerika bölgədə Rusiyanı tədricən sıxışdırmağa başlayır və həlledici siyasi mərhələyə başlamağı planlayır. Ona görə də Qarabağ konfliktinin həllini önə çəkir. Ağ Ev Tiflis və İrəvanda Rusiyadan kənar fərqli siyasilərin hakimiyyətdə olmasına diqqət çəkir, çalışır ki, münaqişələrin həllinə töhfə versin. Eyni zamanda ölkəmizin manevr siyasəti ABŞ-ın regionda Bakı ilə sıx işləməsinə imkan yaradır.
Vaşinqtonda hesab edirlər ki, Cənubi Qafqazda güclənmək üçün ilk növbədə burada konfliktlərin ədalətli həllini sürətləndirmək lazımdır. Bu məqsədlə Paşinyan hökumətinə böyük maliyyə dəstəyi göstərməklə Rusiyanın təsirini azaltmağa səy göstərirlər. Lakin Vaşinqtonun hazırkı məqamda işğalçı ölkəyə böyük maliyyə dəstəyi münaqişənin həllinə ciddi maneə yaradır və rəsmi İrəvanın sərt ritorikasına kompromissiz mövqe ortaya qoyulmasını şərtləndirir. Ona görə də ABŞ-ın təcavüzkar bir ölkəyə maliyyə yardımı səhv addımdır. Rəsmi Bakı Vaşinqtonla diplomatik danışıqlar aparmalıdır. İzah etməlidir ki, maliyyə yardımı İrəvanın işğal olunmuş ərazilərlə bağlı ədalətli danışıqlara başlamasından sonra verilməlidir.
Əgər Ağ Evin maliyyə yardımı regionda Rusiyanın təsirini zəiflətməzsə, Qarabağ konfliktinin həllinə aparmazsa, başqa neqativlərə səbəb olacaq”. Ekspertin sözlərinə görə, ABŞ Cənubi Qafqazda möhkəmlənmək kursu götürübsə, ilk növbədə Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmalıdır: "Rusiyanı regionda Ermənistanın işğal faktoru saxlayır. Hər halda ABŞ rəsmiləri bunu bilir. Çox güman ki, indiki siyasi hərəkətlilik də bundan irəli gəlir”.
İsmayıl