ABŞ ilk növbədə xarizmasını bərpa etməyə çalışır

Savaşçı generalın müdafiə naziri olması müharibə riskini artırmayacaq



ABŞ-ın yeni seçilən Prezidenti Donald Tramp müdafiə nazirinin adını açıqlayıb.
Yeni nazir istefada olan general, hərbçilər arasında "quduz it” ləqəbi ilə məşhur olan Ceyms Mettisdir. Siyasi müşahidəçilər Mettisi təyin etməklə Trampın olduqca düşünülmüş addım atdığına diqqət çəkirlər.

Çünki Ceyms Mettis Trampı sevməyən və qəbul etməyən respublikaçılar və demokratlar arasında
xüsusi nüfuza malikdir. Mattis ABŞ dəniz piyadaları korpusunda həyatının 41 ilini keçirib.
"Davakar” generalın ulduzu 2001-ci ildə Əfqanıstanda parlayıb. Həmin vaxt o, ABŞ dəniz
piyadalarının 15-ci ekspedisiya korpusuna rəhbərlik edib. Mettisin tətbiq etdiyi taktika sayəsində
ABŞ ordusu bir həftə ərzində taliblər tərəfindən nəzarət olunan Qəndəhar şəhərinə desant çıxarıb. İş
yoldaşları da generalın savaşlardan, hərbi əməliyyatlardan zövq aldığını vurğulayıblar. Mettisin
siyasi baxışları o qədər də bəlli deyil. Çünki hər zaman general danışmaqdan daha çox döyüşməyə
üstünlük verib. Maraqlıdır ki, onun xarici siyasətdə mövqeyi Trampın fikirləri ilə ziddiyyət təşkil
edir. Mettis Yaxın Şərqdə ən böyük təhdidin İran olduğunu söyləsə də, 2015-ci ildə imzalanan
"nüvə sazişi”nin ləğv olunmasının əleyhinədir. Tramp isə İranla bütün razılaşmaların ləğvini istəyir.
Həmçinin, general Prezident Barak Obamanı Moskvaya qarşı qətiyyətsiz davranmaqda ittiham edən
hərbçilərdən biridir. Siyasi ekspertlərin fikrincə, Mettisin təyinatından Rusiya üçün xeyirli heç nə
gözləmək olmaz. Onların sözlərinə görə, Trampın ABŞ Müdafiə Nazirliyinə mülki deyil, məhz
döyüşkən səhra komandirini təyin etməsi bir çox mətləblərdən xəbər verir.

 Trampın seçimi ilə bağlıfikirlərini "Şərq”ə bölüşən politoloq Tofiq Abbasov deyib ki, Amerikada hərbiçilər siyasətçilərə tabedirlər və onlar adətən verilən əmri icra edirlər: 

"Yanvar ayından sonra ABŞ ordularının Ali Baş Komandanı Tramp olacaq. Ola bilsin, Tramp verdiyi bir sıra sərt bəyanatların arxasında durduğunu göstərmək üçün Mettisi müdafiə naziri seçib. Amma Amerikanın yeni rəhbəri bir sıra sahələrdə, o cümlədən Yaxın Şərqdə vəziyyətin fərqli olacağını deyirdi. Fərqin konkret nədən ibarət olacağını yaxın aylarda görəcəyik. Əgər Tramp vəd etdiyi kimi ABŞ siyasətində güc amilini geri çəkərsə, o zaman savaşçı generalın müdafiə naziri olması müharibə riskini artırmayacaq. İnanmıram ki,
Trampın dövründə Yaxın Şərqdə və digər qaynar nöqtələrdə buraxılan ciddi səhvlər təkrarlanacaq.
Hazırda Ağ Ev incə diplomatiyaya ehtiyac duyur. Çünki ABŞ-ın nüfuzu mənfiyə doğru dəyişib.
Yeni Prezidentin əsas məqsədi ölkənin əvvəlki nüfuzunu bərpa etməkdir. Bunun hansı yollarla,
nəyin bahasına baş verəcəyini söyləmək isə çətindir”. T.Abbasov bildirib ki, təyinatlar müəyyən
mənada gələcəkdə görüləcək işlərə işarə verir. Amma ümumi siyasətin nə dərəcədə sərtləşəcəyini
dəqiq proqnozlaşdırmaq mümkün deyil: "Nəzərə alaq ki, bütün məsələlər təkcə Amerikanın
istəyindən və iradəsindən asılı deyil. İndi bir çox dövlətlər, hətta üçüncü dərəcəli ölkələr belə
Vaşinqtonun yeritdiyi siyasəti ciddi şəkildə tənqid edirlər. ABŞ ilk növbədə ölkənin xarizmasını
qurtarmalıdır. Tramp ağıllı siyasət yeridərsə, qarşısına qoyduğu məqsədə nail ola bilər. Əks halda
insanlar "yağışdan çıxıb yağmura düşəcəklər”.

İsmayıl