ABŞ-ın bölgədəki əsas tərəfdaşı Azərbaycandır: Boltonun bəyanatları bunun sübutudur

Zahid Oruc: "Biz Boltonun Ermənistanda dediklərinə baxmalıyıq" "Amerika rəsmisi Yeravanda erməni rəsmilərinin üzünə dedi ki..."
Bu günlərdə ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfər etdi, müxtəlif bəyanatlar səsləndirdi. Maraqlı məqam ondan ibarətdir ki, səfərin yekunları ilə bağlı açıqlamalarında Bolton daha çox Azərbaycanın adını çəkdi, öz Tvitter hesabında da Azərbaycana və Azərbaycan preizdenti İlham Əliyevə xüsusi təşəkkür etdi.
Keçirdiyi mətbuat konfranslarında, müsahibələrində Con Bolton Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğuladı. Xüsusən də Amerika rəsmisi Azərbaycanı ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırdı.
Bolton Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşşı mübarizədə, regional sülhün qorunmasında, siyasi, iqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli ölkə kimi xarakterizə etdi. O, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq, ABŞ hökumətinin Azərbaycanla enerji, beynəlxalq terrorizmə, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu dedi.
Əsas məqamlardan biri də, Boltonun Azərbaycana səfəri zamanı müxalifət nümayəndələri ilə görüşmək təşəbbüsündə olmamasıdır. Bu da müxalifətin mövcud vəziyyətinə ABŞ və Qərb tərəfindən verilmiş qiymət kimi dəyərləndirilir. Görünən odur ki, artıq müxalifətin real qüvvəyə malik və Azərbaycandakı daxili proseslərə, ictimai rəyə heç bir təsir olmadığı Qərb tərəfindən nəzər alınır və onlar bütün əməkdaşlıq perspektivlərini Azərbaycan iqtidarı ilə bağlayırlar.
Boltonunun açıqlamalarında Qərbin bəzi institutları tərəfindən digər ölklərə təzyiq vasitəsi kimi istifadə edilən "demokratiya”, "insan haqları”, "söz azadlığı” kimi klişelərdən istifadə etməməsi də diqqət çəkən məqamlardandır. Əksinə o, mənsub olduğu administrasiyanın başqa ölkələrinin seçimlərinə və suverenliyinə hörmətlə yanaşdığını qeyd etdi, öz ölkəsinin kiməsə mühazirə oxumaq fikrində olmadıqlarını bildirdi. Bu, əvvəlki ABŞ iqtidarlarının digər ölklərə demokratiya ixrac etmək, dərs keçmək iddialarından kəskin fərqlənən, beynəlxalq əlaqələrdə qarşılıqlı hörmətə və hüquqa söykənən prinsip kimi təqdir olunmalıdır.
Siyasilər də, bu qənaətlərimizi bölüşürlər. Boltonun səfəri, verdiyi bəyanatlarla bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib ki, uzun illərdir ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətindəki strateji xətti görmək çox çətin idi. Onun sözlərinə görə, Tramp Obamadan hakimiyyəti götürdükdən sonra, Amerikanın ənənəvi siyasəti davam etdirilmədi: 
"Sanki ABŞ-ın beyin mərkəzləri, idarəedici inistitutları Cənubi Qafqazla bağlı planlarına bir qədər fasilə verərək, dünyanın qaynar nöqtələrinə yönəldilər. İndi Trampın ətrafında olan Con Bolton kimi yüksək rütbəli ABŞ rəsmisinin regiona səfəri əhəmiyyətli hadisədir. Həm də bu səfərin Rusiya səfərindən sonra gerçəkləşməsində də önəmli məqamlar var”.
"Bolton region ölkələrində ABŞ hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı danışıqlara gəlmişdi” fikirlərinin yanlış olduğunu deyən deputatın qənaətində, Amerikanın nə Azərbaycandan, nə Gürcüstandan, nə də ki, Ermənistandan qonşu ölkələrə qarşı istifadə etmək niyyəti var: 
"Məncə burada iki mühüm məsələ var. Birinci növbədə, Bolton açıq şəkildə dilə gətirdi ki, "biz bölgə dövlətlərinin İranla əlaqələrindən narahatıq”. İkincisi, Tehrana qarşı sanksiyalar olacağı təqdirdə, bölgədəki vəziyyət necə olacaq sualı idi. Məsələn Gürcüstanın son dönəmdə İranla ticarət dövriyyəsi kəskin artıb. Bu da Ağ ev adminstrasiyasında xoş qarşılanmır. Yeravanda və Tiflisdə verilən bəyanatlar, İranla bağlı söylənənlər Bakıda deyilmədi. Və Azərbaycan-İran əlaqələləri ilə bağlı etiraz bildirilmədi. Bunun da səbəbi odur ki, rəsmi Bakı Qərblə iqtisadi və siyasi əlaqələrini güclü şəkildə qurub. Bizim Avropa birliyi ilə ticarət əlaqələrimiz yüksəkdir. Bunu Ağ ev anlayır. Cənab İlham Əliyevin apardığı siyasət, bölgə dövlətləri ilə münasibətlər önəmlidir. Bunu Ağ ev bizə diktə edə bilməz. Səfərdə digər məsələ həm Gürcüstanda, həm də Ermənistanda seçki dönəmidir. Bolton səfər fonunda bu məsələləri dəqiqləşdirmiş oldu. Bizim üçün maraqlı olan ABŞ rəsmisinin Yeravanda verdiyi açıqlamalardır. Məncə biz Boltonun Ermənistanda dediklərinə baxmalıyıq. Amerika rəsmisi Yeravanda erməni rəsmilərinin üzünə dedi ki, əgər Qarabağ məsələsi həll olunsa, bu sizin müstəqilliyinizi qoruyacaq. Əks halda, münaqişə həllini tapmasa Ermənistan müstəqilliyi ilə vidalaşacaq. Bolton işğalçı Ermənistana sətraltı da olsa dedi ki, Ermənistanın inkişafını dayandıran, başqa ölkələrlə münasibətini korlayan məsələ məhz Qarabağın işğalda saxlanmasıdır”.
Z.Oruc hesab edir ki, bu gün ABŞ açıq şəkildə Ermənistana təzyiq etməyəcək: 
"Bolton bildirdi ki, tərəflər həllə nail olmalıdırlar, münaqişə sülhlə həllini tapmalıdır. Bunun özü məncə Ermənistana təsirdir”. Millət vəkili bildirib ki, səfərin ən böyük nəticəsi, 25 ildən artıqdır ki, bölgəyə tətbiq edilən silah embarqosunun götürüləcəyi anonsudur: "Bolton burada "907-ci düzəliş”in aradan qaldırıla biləcəyini söylədi. Bu çox önəmli bir məsələdir”. Azərbaycan müxalif düşərgəsi ilə görüşə Boltonun maraq göstərməməsinə gəldikdə isə, Z.Oruc hesab edir ki, rəsmi Vaşinqton dərk edir ki, Azərbaycan müxalifəti zəif və miskin durumdadır: "Səfərdən öncə rəsmilərə ölkələrin ictimai-siyasi vəziyyəti ilə bağlı məlumat verilir. Bolton Azərbaycanda siyasi sabitliyin olduğunu dərk etdiyi üçün, hansısa müxalif qüvvə ilə görüşməyi lüzumsuz bildi. Daha çox Ağ evin Azərbaycan iqtidarı ilə əməkdaşlıq istəyi səfər əsnasında məlum oldu. Ümumilikdə Boltonun regiona və Azərbaycana səfərini, verdiyi bəyanatları uğurlu saymaq olar”.
Anar Bayramoğlu