Hədəf İran rejimini siyasi səhnədən uzaqlaşdırmaqdır
ABŞ dövlət katibi Maykl Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb. Dövlət katibi deyib ki, Tehran uranın zənginləşdirilməsi üzrə işləri dayandırmalı və heç vaxt pluton emalı ilə məşğul olmamalıdır. Pompeo İranın ballistik raketlərin hazırlanmasını dayandırmalı olduğunu da bildirib.
Eyni zamanda vurğulayıb ki, Tehran Yaxın Şərqdə fəaliyyət göstərən terrorçu qruplaşmalara maliyyə verməməlidir. Pompeonun sözlərinə görə, İran şərtləri qəbul edib, siyasətini dəyişməsə, ona qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək. İran Prezidenti Həsən Ruhani isə buna cavab olaraq deyib ki, rəsmi Vaşinqtonun Tehrana nəyisə diktə etməyə haqqı yoxdur: "ABŞ-ın müstəqil və suveren dövlətlər adından qərarlar almasını dünya qəbul etmir”. Analitiklərin sözlərinə görə, ABŞ tərəfindən irəli sürülən şərtlər Vaşinqtonun barışıq niyyətində olmadığını göstərir. Çünki tələb olunanlar İranın heç vaxt qəbul etməyəcəyi məsələlərdir.
Tərəflər arasındakı gərginliyi "Şərq”ə analiz edən politoloq Qabil Hüseynlinin fikrincə, ABŞ-ın şərtləri çox ağırdır və İranın əl-qolunu bağlamaq məqsədi daşıyır. Ekspertə görə, hədəf mövcud rejimi siyasi səhnədən uzaqlaşdırmaqdır:
"Sözsüz ki, İran bu şərtləri yerinə yetirməyəcək. Buna rəğmən ABŞ və İsrail öz aqressiv siyasətlərini israrla davam etdirir və lazım gələrsə, daha sərt addımlar atacağını bildirirlər. Nəzərdə tutulan daha sərt forma hərbi əməliyyatlardır. Ötən gün İsrailin baş naziri Netanyahu "İranın güc yolu ilə məhv edilməsinin” mümkünlüyündən danışdı. Təl-Əviv hökuməti israrla bəyan edir ki, İranın gizli laboratoriyalarında uranın saflaşdırılması prosesi gedir. Üstəlik, ballistik raketlərin təkmilləşdirilməsi istiqamətində iş aparılır. Raketlərin inkişafı o həddə çatdırılıb ki, hətta Amerika sahillərinə belə çata bilər. Lakin İranla nüvə anlaşması çərçivəsində ballistik raketlərlə bağlı heç bir müddəa yox idi. MAQATE-nin yeni heyəti İranın bütün ərazilərini yoxlamalı idi, amma bu da alınmadı. Nəticədə Amerika İranın uranı zənginləşdirməsi ilə bağlı əlində kəşfiyyat materialları olduğunu iddia edərək nüvə razılaşmasından imtina etdi”.
Politoloq hazırda vəziyyətin çox gərgin olduğunu deyib: "İsrail rəhbərliyi bildirir ki, onlar istədikləri vaxt İran xalqının rejimə qarşı ayağa qalxmasını təmin edə bilərlər.
ABŞ və İsrail İranı hər tərəfdən mühasirəyə almağa cəhd göstərir. Xüsusən, Şimali Koreya ilə gərginliyi donduran Vaşinqton bütün təzyiq gücünü Tehrana sərf edir. Məqsəd İran rejimini çökdürməkdir. Ancaq bunun reallaşacağını söyləmək mümkün deyil. Çünki Avropa ölkələri, o cümlədən Rusiya və Çin İranın təcrid olunmasına dəstək vermirlər. Hər halda İranın özü də nəsə etməli, müəyyən güzəştə getməlidir. Əks təqdirdə ABŞ və İsrail tərəflər arasındakı gərginliyi körükləməkdə davam edəcək. Biz istəmərik ki, qonşuluğumuzda hansısa qarşıdurma, müharibə olsun. Ona görə də Amerika və İsrailin təxribat xarakterli addımlarını dəstəkləmirik”.
İsmayıl