Rusiya dünyanın super gücü ilə münaqişəyə girəcək gücdə deyil
Rusiya hökuməti ABŞ-ın sanksiyalarına cavab olaraq 30 Amerika diplomatını ölkədən xaric edərək əmlaklarını müsadirə etməyə hazırdır. Rusiyanın "İzvestiya” qəzetinin məlumatına görə, bu xəbərdarlıq yüksək rus rəsmiləri tərəfindən edilib.
Məlumdur ki, Obama administrasiyası 35 Rusiya diplomatı arzuolunmaz şəxs elan edərək ABŞ-dan xaric edib. Eyni zamanda rusların ABŞ-da yerləşən 2 kəşfiyyat mərkəzi bağlanıb. Bu addımlar Rusiyanın Amerikadakı prezident seçkisinə müdaxiləsindən sonra atılıb. Son olaraq Vaşinqton Rusiya diplomatlarına viza verməkdən imtina edib.
Tərəflər arasındakı "diplomat” gərginliyini "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, Amerikanın rus diplomatları ölkədən çıxarması iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Onun sözlərinə görə, münasibətlərin stabilləşəcəyi gözlənilərkən ABŞ-dan yeni sanksiyalar gəldi:
"Bu dəfə Rusiya Silahlı Qüvvələri Baş Qərargah İdarəsinin rəisi İqor Korobkov, onun müavinləri Vladimir Alekseyev, Sergey Qizunov və İqor Kostyukov, həmçinin, hakerlər Bilan Aleksey və Yevgeni Boqaçov "qara siyahı”ya salındılar. Bundan öncə 35 rusiyalı diplomatın ailələri ilə birlikdə Amerikadan qovulması barədə qərar qəbul edilib”. Ekspert bildirib ki, Rusiya xarici işlər naziri çılğınlıq nümayiş etdirərək bu addımın əvəzində 31 diplomatın ölkədən çıxarılmasını təklif edib: "Qara siyahıya salınacaq diplomatların adları açıqlanmayıb. Fikrimcə, tərəflərin mübarizəsi uşaqların kiçik yaşda oynadıqları "səndə qaldı” oyununu xatırladır.
ABŞ tərəfi konkret sübut olunmuş faktlar əsasında casus şəbəkəsini ifşa edərək, bu addımı atmaq məcburiyyətində qalıb. Rusiya tərəfinin analoji cavabı qeyri-etikdir və diplomatik qaydalara uyğun deyil. Əslində rusiyalı ekspertlər Trampın bu qərarını başadüşülən notda qəbul edilməsini təbliğ edirlər. Guya Trampın Rusiyaya qarşı bəslədiyi gizli məhəbbəti amerikalıların gözündə sığortalamaq üçün manevr etdiyini vurğulayırlar. Vaşinqton qarşısında acizliklərinə bəraət qazandırmaq istəyirlər. Barak Obama tərəfindən verilən bu qərarın üzərindən 6 ay keçəndən sonra Tramp sanksiyanı yenilədi. Rusiya dünyanın super gücü ilə münaqişəyə girəcək gücdə deyil. Bunun üçün Rusiyanın nə iqtisadi, nə də ki hərbi potensialı var”.
İsmayıl