"ABŞ-la Rusiya arasındakı gərginlik bir qədər səngiyib"

"Çünki artıq Suriyanın özündə gərginlik, qarşıdurma azalıb, genişmiqyaslı əməliyyatlar aparılmır"


"Trampın Putinlə görüşündən sonra gərginlik bir qədər səngiyib”.

Bunu Sherg.az-a ABŞ-ın Suriyada Bəşər Əsədə qarşı döyüşən qüvvələrə dəstəyini dayandırmasının səbəblərini izah edərkən politoloq Fikrət Sadıqov deyib. 

O xatırladıb ki, görüşdən əvvəl Donald Tramp hətta Rusiyaya qarşı sərt ifadələr də səsləndirmişdi:

"Görüşdən sonra isə bu gərginlik hiss olunmur. ABŞ bəyan etmişdi ki, Bəşər Əsədin hakimiyyətdən getməsi onların əsas məqsədləri deyil. Vaxtilə hər iki dövlət onun hakimiyyətdən getməsini istəyirdilər. İndi isə bu mövqe dəyişilib.

Vaşinqtonun Suriyaya qarşı münasibəti müəyyən mənada korrektə olunub. Düşünmürəm ki, Tramp bunu ancaq Rusiya xatirinə edir. Sadəcə olaraq, ABŞ başa düşür ki, Suriyada vəziyyət gərgindir, bundan sonra gərginləşdirmək lazım deyil. Orada müdafiə olunan qruplaşmalarından imtina etmir, amma başa düşür ki, onun köməklik göstərməsi müsbət nəticələrə gətirib çıxarmayacaq.

Digər tərəfdən, artıq Suriyanın özündə gərginlik, qarşıdurma azalıb, genişmiqyaslı əməliyyatlar aparılmır. İŞİD-in əsas paytaxtı Rakka şəhəri də boşalıb, digər şəhərlər azad olunub. İŞİD-in mövqeləri xeyli zəifləyib. Bu baxımdan ABŞ öz yardımını azalda bilər, çünki artıq güclü yardıma ehtiyac yoxdur”.

Qeyd edək ki, "Washington Post"un məlumatına görə, artıq 1 aya yaxındır, ABŞ B.Əsədə qarşı mübarizə aparan qüvvələrə göstərilən dəstəyin dayandırılması ilə bağlı qərar verib.

Bundan başqa qəzet yazır ki, D, Tramp bu addımı atmaqla Rusiya ilə işləməyin yollarını tapmağa çalışır.

Aysel Aslan