Hikmət Babaoğlu: "Beynəlxalq münasibətlərdə iki ölkənin maraqları üst-üstə düşə bilməz..."
"Rusiya-ABŞ münasibətlərinin keyfiyyəti və əhatə dairəsi beynəlxalq münasibətlərdə çoxsaylı milli aktorların davranışlarına da təsir göstərir”.
Bunu Sherg.az-a Rusiya-ABŞ münasibətlərinin hazırkı durumundan danışarkən Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu, dolayısıyla müasir beynəlxalq münasibətlərin əsas paradiqmalarını müəyyənləşdirən münasibətdir:

"Ona görə, Azərbaycan mediasının buna maraq göstərməsi təbii haldır. İki ölkə arasında münasibətlər hər şeydən öncə ölkələrin milli maraqlarına söykənir. Nəzərə alsaq ki, beynəlxalq münasibətlərdə iki ölkənin maraqları üst-üstə düşə bilməz, onda biz bu münasibətlərdə müxtəlif əhval-ruhiyyələrin olduğunu müşahidə edə bilərik. Hazırkı mərhələdə yeni keyfiyyət dəyişikliyi baş verir.
ABŞ və Rusiya prezidentlərinin görüşlərinin proqnozlaşdırıldığından çox çəkdiyinin şahidi olduq. İki vacib lider arasında görüş 35 dəqiqə müəyyən edilir və 2 saat 15 dəqiqə davam edirsə, deməli, müzakirə etməyə nə isə var. Bu göstəricinin özü iki lider arasında siyasi göstəricinin və dialoqun olduğunu göstərir.
Düşünürəm ki, tək buna söykənməklə Rusiya və ABŞ münasibətlərinin beynəlxalq münasibətlərdə normal səciyyələndirmək olar. Baxmayaraq ki, xüsusilə Amerika mediası zaman-zaman bu iki lider, yaxud iki ölkə arasında fərqli məsələlərdən danışırlar. Bəzən ittiham səsləndirilir. Lakin dialoqun olması yaxşıdır. Çünki bizim də din və mənəvi baxımdan bağlı olduğumuz Yaxın Şərq regionunda vəziyyətin sabitləşməsi həm də iki ölkə arasındakı münasibətlərin keyfiyyətindən asılı olacaq”.
Qeyd edək ki, son günlər ABŞ və Rusiya rəsmiləri bir-birininin ardınca gah münasibətlərin yaxınlaşmasına, gah da əlaqələrin zəiflədilməsinə yönəlik bəyanatlar səslədirirlər. Belə ki, bəzi ABŞ rəsmisi Vaşinqtonun Moskva ilə yaxınlaşmaqda maraqlı olduğunu söyləyir. Əksəriyyəti isə bu yaxınlaşmanın Rusiyanın Suriya və Ukraynadan əl götürməsindən sonra baş tuta biləcəyini iddia edir. Bundan başqa Rusiya tərəfi isə hələ ABŞ-ın 35 rusiyalı diplomatı öz ölkəsindən qovmasına cavab barədə düşündüyünü bəyan edir.
Aysel Aslan