Trampın Ərdoğan haqqında xoş ifadə işlətməsi ABŞ liderinin şəxsi münasibətindən irəli gəlir
"ABŞ və Türkiyə heç vaxt olmadıqları qədər yaxındır”. Bunu Amerika Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkda görüşü zamanı deyib. Tramp Vaşinqton ilə Ankara arasında əlaqələrin normal olduğunu iddia edib:
"Ərdoğan artıq mənim dostumdur, onun liderliyi çox yüksək qiymətləndirilir”. Məlumdur ki, Türkiyə ilə ABŞ arasında həm Fətullah Gülən, həm də kürd terrorçularına silahlı yardım kimi bir neçə çözülməmiş məsələlər var. Bəzi ekspertlər iddia edirlər ki, Trampın Ərdoğana bu cür yanaşması və xoş ifadələr səsləndirməsi iki dövlət arasında münasibətlərin düzəlməsinə gətirib çıxara bilər.
Liderlərin görüşünü "Şərq”ə şərh edən politoloq İlqar Vəlizadə deyib ki, Tramp diplomatik gedişlərdən istifadə edir.
Ekspertin sözlərinə görə, Türkiyə rəhbəri haqqında söylənən xoş ifadələr Trampın şəxsi münasibətindən irəli gəlir. Əslində isə ABŞ və Türkiyə arasında müəyyən problemlər mövcuddur:
"Amerika Suriyada döyüşən və PKK-yaxınlığı ilə bilinən kürd terrorçularına dəstəyini davam etdirir. Bu məsələ tərəflər arasında soyuqluq yaradan ən böyük problemdir. Digər tərəfdən Türkiyəyə qatı düşmən olan FETÖ lideri və onun yardımçıları da hazırda Amerikada məskunlaşıblar. Ankaranın israrlı tələblərinə baxmayaraq, hələ də Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsində razılıq yoxdur. Tərəflər arasında yeganə ortaq məqam İraqdakı kürd muxtariyyətinin referendum tələbidir. Həm ABŞ, həm də Türkiyə referendumun keçirilməsinə qarşı çıxır. Lakin o da bəllidir ki, Vaşinqton uzun illərdir kürd muxtariyyətini dəstəkləyib. Ola bilər, bundan sonra Ağ Ev Bərzaniyə təzyiq göstərsin, ancaq köklü siyasət dəyişikliyi gözlənilmir. Bildiyimiz kimi ABŞ qoşunları Kərkükə daxil olublar. Kərkük türkmənlərin yaşadığı bölgədir. Əslində türklərin yaşadığı əraziyə istənilən təhlükəli vəziyyətdə Türkiyə qoşunları girməlidir. Bu addımın özü növbəti ziddiyyətə səbəb ola bilər”.
Ekspertin fikrincə, ABŞ-ın NATO çərçivəsi daxilində müttəfiqi Türkiyəyə dəstəyi əvvəlki dönəmlərdə daha çox idi. Hazırda dəstək çox zəifdir:
"Türkiyə hökuməti ABŞ və digər NATO ölkələrinə dəfələrlə müraciət edərək onlardan zenit-raket kompleksləri istəyib. Ancaq heç bir dövlət Ankaranın təklifini qəbul etməyib. Ona görə də Türkiyə məcbur olub Rusiyaya üz tutdu. Halbuki ABŞ istəsəydi, Türkiyəyə raket verilməsi ilə bağlı Avropa ölkələrinə təzyiq göstərə bilərdi. Belə vəziyyətdə hansısa yaxınlaşmanın olacağını iddia etmək mümkün deyil. Görüşdən sonra dəyişiklik olub-olmayacağını isə zaman göstərəcək”.
İsmayıl