ABŞ-ın Luiziana ştatında suda və torpaqda rast gəlinən Acanthamoeba adlı amöbün törətdiyi infeksiyanın 10 halı qeydə alınıb. Yoluxanlardan beşi görmə qabiliyyətini həmişəlik itirib, bir nəfər isə həyatını itirib.
Sherg.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb.
Səhiyyə rəsmilərinin bildirdiyinə görə, 2024-cü ildən aşkarlanan 10 yoluxma halının səkkizində amöb gözün buynuz qişasını zədələyib. Həmin xəstələrdən yeddisi kontakt linza istifadəçisi olub.
İnfeksiya göz ağrısı, qızartı, bulanıq görmə, işığa həssaslıq və həddindən artıq yaşarma ilə müşayiət olunur. Vaxtında müalicə edilmədikdə daimi görmə itkisinə səbəb ola bilər. Digər iki xəstədə isə infeksiya burunətrafı cibləri və beyni zədələyib. Beyin infeksiyasına yoluxan şəxs vəfat edib.
Mütəxəssislər kontakt linzaların təmizlənməsi və saxlanılması zamanı kran suyundan istifadə etməməyi, burun yuyulması üçün isə steril, distillə edilmiş və ya qaynadılıb soyudulmuş sudan yararlanmağı tövsiyə edirlər.
Rəsmilər yoluxmanın birbaşa kran suyundan qaynaqlandığının hələ təsdiqlənmədiyini vurğulayıblar. Onların sözlərinə görə, əsas təhlükə suyun gözlə və ya burun boşluğu ilə birbaşa təmasıdır. Kran suyunu içməyin bu amöb növü ilə yoluxma riski yaratdığı düşünülmür.