ABŞ üçün Saakaşvili və Ukrayna ikinci plana keçib

İlqar Vəlizadə: "Ukrayna siyasi hakimiyyəti də elə bu zamanı gözləyirdi ki, Saakaşvilini işdən çıxartsın, amma hələ də Saakaşvilinin potensialı var və qüvvələri səhnədən uzaqlaşmayıb"
"Saakaşvili həm Gürcüstan, həm də postsovet məkanı üçün çox işlər görüb”.
Bunu "Sherg.az”a Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin sentyabrın 10-da Ukraynaya qayıdacağına dair bəyanatını şərh edərkən politoloq İlqar Vəlizadə deyib. 
O xatırladıb ki, M.Saakaşvili Gürcüstan, Ukrayna və digər cəmiyyətlərə yeni idarəetmə formalarını təqdim edib və nəticədə illərlə formalaşan sistemin əleyhinə çıxıb:
"Hakimiyyət xalq münasibətlərini möhkəmləndirən bir lider kimi Saakaşvilinin fəaliyyəti müsbətdir. Ona görə, həm Gürcüstanda, həm də Ukraynada hakim dairələr bundan narazı idi və Saakaşvilini səhnədən götürmək üçün zaman gözləyirdilər.
Digər tərəfdən Saakaşvili ilk növbədə siyasətçidir. Onun fəaliyyət prinsipləri siyasi formalara, metodlara arxalanır. Siyasətçinin əsas resursu odur ki, hər zaman gündəmdə qalsın. Belə olmasa, siyasətçi unudulur. İndiki məqamda gündəmdə qalmaq da bir bacarıq tələb edir”.
İ.Vəlizadənin sözlərinə görə, Saakaşvili tək deyil, onun arxasında Qərbin siyasi dairələri dayanır:
"Belə olmasaydı, indiyə qədər ona qarşı müəyyən addımlar atılar, yaxud İnterpol vasitəsi ilə tutulardı. Onu Ukraynaya Barak Obamanın hakimiyyəti dövrünün siyasi qüvvələri gətirdilər.
Amerikada hakimiyyət dəyişdikdə isə onun əsas havadarları meydandan çıxdı. Donald Trampın başı  başqa məsələlərə qarışıb və Saakaşvili və Ukrayna ikinci plana keçib. Ukrayna siyasi hakimiyyəti də elə bu zamanı gözləyirdi ki, Saakaşvilini işdən çıxartsın.
Pyotr Poraşenkonun və ailəsinin xüsusi biznesi var və onlar ənənəvi siyasəti inkar etmirlər. Saakaşvili isə bu partiya-oliqarx münasibətlərini ifşa edirdi. Ona görə, qubernatoru uzaqlaşdırdılar. Lakin hələ də Saakaşvilinin potensialı var və gündəmdə qalmağa çalışır. Onun arxasındakı qüvvələr də tam şəkildə səhnədən uzaqlaşmayıb. Onlar istəyərdi ki, Saakaşvili gündəmdə olsun və beləliklə, həm Ukraynanın, həm də Gürcüstanın daxili siyasətinə təsir göstərsinlər. Saakaşvili bunu bilir və istifadə edir. Ona görə, keçmiş prezidentin dəyişmək istədiyi sistem ona qarşı müqavimət göstərir”.
Qeyd edək ki, M.Saakaşvili iyulun 26-da prezident P.Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib. Hazırda M.Saakaşvili Avropa İttifaqı ölkələrində səyahət edir.
Aysel Aslan