"ABŞ və İran münasibətləri gərginləşməkdə davam edə bilər, çünki..."

"İran özünə müttəfiq olaraq Qərbi deyil, yenidən Rusiya və Çini seçdi"


"İndiki şəraitdə ABŞ və İran arasındakı münasibətlər gərginləşməkdə davam edə bilər".

Bunu Sherg.az-a "Orta Doğu" Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib. 

O xatırladıb ki, Donald Trampın and içməsindən əvvəl Obama administrasiyasının son günlərində İrana qarşı sanksiyaların daha 10 il müddətində uzadılacağı məsələsi ortalığa çıxmışdı:

"ABŞ-ın yeni prezidenti Donald Tramp isə bəyan etdi ki, 6-lıq ölkələri ilə İran arasında artıq nüvə proqramı barəsində razılaşmaya yenidən baxılmalıdır. Üstəgəl bu ilin yanvarın 27-də 7 müsəlman ölkəsinin vətəndaşlara 3 ay müddətinə Amerikaya giriş üçün viza verilməsinin dayandırılması, İranın Suriya, İraqdakı fəaliyyəti, ABŞ-a müttəfiq olan başqa ölkələrin ərazisində davranışı ABŞ-la İran arasındakı münasibətlərin tezliklə normallaşmayacağından xəbər verir. Sanksiyanın 10 il müddətinə uzadılması göstərir ki, yaxın 10 ildə ABŞ-la İran arasındakı gərginliyin qalacağı ehtimalı böyükdür. Çünki İran özünə müttəfiq olaraq Qərbi deyil, yenidən Rusiya və Çini seçdi. Bununla ABŞ-a və NATO qarşı olan xarici siyasətinin qüvvədə olduğunu bir daha sübut etmiş oldu. Rəsmi Tehran Avropanın demokratik dəyərlərinə qarşı da eyni siyasətda olduğunu nümayiş etdirir. İnsan haqlarının, milli haqların tapdanması siyasəti İran tərəfindən qüvvədə saxlanılır. Bu isə pratiktik və nəzəri baxımdan Qərbə qarşı çıxmaqdır. Ona görə, Yaxın Şərqdə Rusiyanın Ruhani hökumətinin əli ilə qarışıqlıq yaradacağı müddətdə, ABŞ və İran arasında vəziyyət gərgin olaraq qalacaq. El dilində desək, onların ulduzları yaxın dönəmdə barışmayacaq".

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinnin bəyanatına görə, rəsmi Vaşinqton İranın raket sınaqlarını pisləyir, bu addımın regionda təhlükəsizlik və sabitliyin pozulması kimi qiymətləndirir.

Aysel Aslan