ABŞ və Rusiya ordusunun qərargah rəsilərinin görüşü nə vəd edir? - Dünya Müharibəsi riski





"ABŞ və Rusiyanın Hərbi Qüvvələrinin Baş Qərargah rəislərinin görüşünün mövzusu ənənəvi olacaq”.

Bunu "Sherg.az”a ABŞ Hərbi Qüvvələrinin Baş Qərargah rəisləri Komitəsinin rəhbəri general Cozef Danfordla Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Valeri Gerasimov arasında keçiriləcək görüşdən gözləntilərini açıqlayarkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu söyləyib. 

O bildirib ki, nümayəndələr arasındakı danışıqların əsasını Ukrayna və Suriya problemi, ABŞ və Rusiya arasında toqquşma risklərinin yaranmasının qarşısını almaq, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması ilə bağlı problemlər təşkil edəcək:

"Cənubi Qafqazda təhlükəsizlik problemləri də müzakirə edilə bilər, lakin Qarabağ münaqişəsinə diqqət ayrılacağına inanmıram. Bu görüş daha çox Üçüncü Dünya Müharibəsi riskinin qarşısını almaq məqsədi daşıyır. Bu gün iki supergüc arasında əsəb müharibəsi davam edir. 

Buna səbəb hər iki tərəfin aqressiyasıdır. Əgər Rusiya qonşularına qarşı öz aqressiyasından əl çəkməsə, NATO-nun çevik qüvvələri tədricən Ukraynada yerləşdiriləcək. Məhz, Alyansın nəzərdə tutduğu 30 minlik çevik qüvvə Ukraynanın yaxın perspektivdə Rusiyanın işğalından qorumaqdır. 

Kreml növbəti illərdə NATO və ABŞ-la Soyuq Müharibəni davam etdirməkdə artıq əvvəlki kimi israrlı görünmür. İrana qarşı sanksiyalar, Ukrayna böhranı və Suriya münaqişəsi ABŞ-Rusiya qarşıdurmasını dərinləşdirir, lakin tərəfləri danışıqlara da vadar edir”.

Qeyd edək ki, tərəflər iyunun 8-də, Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər. Görüşün mövzusu barədə hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Cozef Danfordla Valeri Gerasimov sonuncu dəfə bu il aprelin 19-da Bakıda görüşüb.

Aysel Aslan