"Şimali Koreya ABŞ və SSRİ arasındakı Soyuq müharibə dövründən qalan ocaqdır. Bu, bütün dövlətləri növbəti dünya müharibəsi ilə hədələyən yeganə ölkədir”.
Bunu "Sherg.az”a Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında imzalanan hərtərəfli əməkdaşlıq sənədindən danışarkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, keçmiş sovetlərdən qalan problemlər ya həll edilir, ya öz-özünə sıradan çıxır, ya da münaqişə vəziyyətindədir:
"Bu baxımdan Şimali Koreya məsələsi də belə problemlərdən biridir. Sovetlərdən qalma bu "miras”ın dağılması, dünyanı hədələyən müharibə ocağının sıradan çıxarılması üçün addım atıldı. Bu təməl perspektivdə həm bölgə, həm də dünya üçün müsbət nəticələr vəd edir. Hətta Koreya yarımadasındakı iki dövlət – Şimali və Cənubi Koreya birləşərək dövlət halına düşə bilər. Şimali Koreyanın qapılarının açılması onun inkişafına yardım göstərəcəkdir. Ən əsası dünyadakı diktatura rejimlərindən birinin azalması mümkündür”.
S.Soltan iki ölkə arasında formalaşdırılan münasibətlərin İran və ABŞ münasibətləri ilə müqayisə edilməsinə də münasibət bildirib. Politoloqun fikrincə, Şimali Koreyanı İranın aqibəti gözləmir:
"Çünki İran və ABŞ arasında prezidentlər səviyyəsində heç bir sənəd imzalanmayıb. Burada İranla "Altılıq ölkələri” ilə imzalanan razılaşmadan söhbət gedir və ABŞ İranın şərtlərə əməl etmədiyini əsas gətirib, müqavilədən çıxır. Şimali Koreya və ABŞ münasibətlərində isə sadəcə iki dövlət arasında sənəd imzalanıb. Bu razılaşmanın aqibətinin eyni olacağına inanmıram.
Şimali Koreya Qərblə daha sıx əməkdaşlıq edəcək, əlaqələr yaradacaq. Bu məsələdə vasitəçi dövlət isə onun cənub qardaşı Cənubi Koreya olacaq. Şimali Koreya üçün əngəl törədə biləcək ölkələr isə Rusiya və Çindir. Çin bu sammiti artıq alqışlayıb. Rusiyanın isə Şimali Koreya və ABŞ arasındakı görüşə qarşı çıxmağa əsası yoxdur.
ABŞ və Şimali Koreya münasibətlərindən narahat olan tərəf İrandır. İranın nüvə proqramı şübhəlidir. ABŞ Şimali Koreyanı İranın nüvə proqramında iştirakına görə tənqid edir. İndi isə Şimali Koreya İranın nüvə texnologiyasına yardım etməsi ilə bağlı missiyanı ABŞ-a verə bilər. Ona görə, İran bu yaxınlaşmadan ciddi narahatdır, mane ola bilər”.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası və ABŞ arasındakı sənəd Sinqapurda keçirilən görüşün yekunlarına dair imzalanıb. D. Tramp imzalanmadan sonra bildirib ki, bu, hərtərəfli əməkdaşlığa dair sənəddir: "Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətli addımlayırıq. Dünya və Şimali Koreya arasında münasibətlər bu sənədin imzalanmasından sonra tam dəyişəcək. Biz dünya üçün çox böyük və çox təhlükəli problemin həllinə çalışacağıq”.
Aysel Aslan