Açıq hava reklamları bələdiyyələrə həvalə olunmalıdır - Təklif

Natiq Cəfərli:" “Digər ölkələrdə bələdiyyələrin ən çox gəlir götürdüyü sahələrdən biri məhz açıq hava reklamlarıdır"



"Küçələrdə reklam yerləşdirilməsi məsələsində təhlükəsizlik, görüntünün məhdudlaşdırılması, rahat hərəkətə mane olmamaqla bağlı ümumi standartlar olmalıdır”.

Bunu "Sherg.az”a "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və "Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsindən danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O vurğulayıb ki, dünya praktikasında bu məsələ bələdiyyələr səviyyəsində həll olunur:

"Digər ölkələrdə bələdiyyələrin ən çox gəlir götürdüyü sahələrdən biri məhz açıq hava reklamlarıdır. Ölkəmizdə isə bələdiyyə institutu zəif olduğundan bunu mərkəzləşdirilmiş qaydada həyata keçirməyə çalışırlar. Bu da ümumi standartlara və qiymətlərə təsir göstərəcək.

Məsələn, qardaş Türkiyədə, İstanbul şəhərinin mərkəzində küçə reklamlarının qiyməti ilə daha uzaq küçədəki reklamlar arasında kəskin fərq var. Bələdiyyələrin reklam şirkətləri ilə danışıqları əsasında müqavilə imzalanır, qiymət müəyyən edilir.

Ona görə, standart qiymətlərin olması düzgün deyil. Düşünürəm ki, gələcəkdə bələdiyyələrə belə səlahiyyətlər verməklə onların gəlirlərinin artması, büdcələrinin formalaşmasında irəliləyiş əldə etmək olar. Bu, qiymətlərin tənzimlənməsinə də müsbət təsir edəcək”.

Qeyd edək ki, ölkə başçısının sözügedən qanunlar barədə fərmanına əsasən, Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; Bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Aysel Aslan