"İranda yayılan "quş qripi” təhlükəsi ilə əlaqədar ölkəmizdə broyler fabriklərində də epidemiya yayıla bilər”.
Bunu "Sherg.az”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib. Onun fikrincə, İrandan Azərbaycana quş əti gətirilir:

"Bu, sözsüz ki, "quş qripi”nin yayılmasına rəvac verə bilər. İnsanlar da bu təhlükə ilə üzbəüzdür. Xüsusilə, bu ölkədən diri quşların gətirilməsinə qadağa qoyulmalıdır. Açıq şəkildə satılan quşlarla bağlı araşdırma aparacağıq. Bunlar broyler şəraitində yetişdirilən, açıq şəkildə satılan quşlardır. Həmin məhsullarda təhlükə olub-olmaması barədə yoxlama aparırıq”.
Qeyd edək ki, İranda quşlar arasında "quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti də əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları "quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edib.
Aysel Aslan