Addım-addım qələbəyə...

General həm də gərək əsgərlə səngərdə dayansın




Ordu ilə ictimaiyyət əlaqələrini dəyərləndirmək üçün bir neçə il əvvələ- sabiq müdafiə naziri Səfər Əbiyev dönəmini yada salmaq kifayətdir. Ordu qapılarının ictimaiyyətin üzünə bağlı olması minlərlə əsgərə canı bahasına başa gəldi. İntihar sayını itirmişdik. Kimisini günvurma, kimisini də ehtiyatsızlıqdan açılan atəş qurbanı kimi valideynlərinə təhvil verirdilər. Tibbi ekspertizanın cavabları isə naməlum olaraq qalırdı.

Ordu ilə ictimaiyyətin vəhdətini biz ancaq general-polkovnik Zakir Həsənov müdafiə naziri kürsüsünə təyin olunandan sonra müşahidə etdik. Ordu ilə cəmiyyət arasında geniş əlaqələr quruldu.

Ordu ilə ictimaiyyət arasında münasibətlərin nə səviyyədə şəffaf olduğunu Zakir Həsənovun müvafiq əmri ilə keçirilən "Açıq qapı” günü kimi gərəkli tədbirlər də təsdiqləyir.
"Açıq qapı” günləri ilə əsgərlərin, valideynlərin, ümumilikdə Azərbaycan cəmiyyətinin üzünə gün doğdu. Əsgərlərimizin bağlı qapılar arxasında işgəncə faktları sona çatdı. "Açıq qapı” günü, adından da göründüyü kimi, ictimaiyyətin ordu mühiti ilə hərtərəfli tanışlığına şərait yaradır. Həmin gün tədbirə gələnlər əsgərlərə yaradılmış şəraitlə tanış olur, hamı əsgərlərin istifadəsində olan silahları, sursatları görür, hərbi hissənin zabitləri onların istismar xüsusiyyətləri, təyinatları ilə bağlı verilən sualları əhatəli cavablandırırlar.

İndi valideynlər birbaşa övladlarının xidmət etdiyi hərbi hissələrə gedib, onların yataq, yemək şəraiti ilə tanış olur, ictimaiyyətin nümayəndələri, müxtəlif qəzetləri, televiziyaları, saytları təmsil edən jurnalistlər də həmçinin.... Xalq son 5 ildə Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatları görür və onun mahiyyətini yüksək dəyərləndirir.

Bu, ordu ilə ictimaiyyət arasında münasibətin səviyyəsinin, ordunun ictimaiyyət üçün qapalı olmadığının təsdiqi deyil?

Şəxsən müdafiə nazirinin özü sıravi əsgərlərlə bir süfrə arxasında oturur. 5 il bundan əvvəl əlindəki tikəsinə göz dikilən Azərbaycan əsgərinə bu gün nazir özü əlindəki tikəsini bölüb verir. Budur, hərbi vətənpərvərlik ruhu, budur döyüş şücaəti. Kabinetdə oturub xəritəyə baxmaqla müharibə şəraitində olan ölkə idarə olunmur. Addım-addım, qarış-qarış xəritədə göstərilən dislokasiya yerlərini gəzmək, əsgərlərlə səngərdə dayanmaq lazımdır.

Müdafiə nazirinin təsdiqlədiyi plana müvafiq keçirilən "Xalq ordunun, ordu xalqın dayağı”, "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!”, "Qarabağa yaz gələcək!”, ... kimi kütləvi vətənpərvərlik tədbirləri də bu münasibətin dönməzliyini təsdiqləyir və hər tədbir əvvəlkinin məntiqi davamı kimi yüksək dəyərləndirilir.

Gəncə Qarnizonu Zabitlər Evinin "Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi "Əsgərə məktub” layihəsi də ictimaiyyətin ordu ilə birliyini və əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək məqsədi üçün Azərbaycanın müxtəlif regionlarında davam etdirilir. 

Layihənin məqsədi cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq, əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdir. Yaşadığın evdən, ailəndən, yaxınlarından uzaqlaşıb vətənin hər hansı bölgəsində xidmət etmək bəzən insana çətin gələ bilər. Məhz belə bir layihənin keçirilməsi çox güman ki, əsgərlərimizin daha da həvəslənməsinə, onlarda ruh yüksəkliyinə səbəb olacaq. Bu cür layihələr ordu və cəmiyyət arasında əlaqələrin qurulmasında mühüm rol oynayır.

Bu təsdiq ictimaiyyət - ordu münasibətinin düsturu deyil?

Cəmiyyətin mühüm tərkib hissəsi olan orduya münasibətin səviyyəsi həmişə dövlətçiliyə münasibət kimi anlaşılıb. Vətəndaşlıq mövqeyinə söykənən bu münasibət qarşılıqlı inamdır, qarşılıqlı güvəncdir. Belə bir inam, belə bir güvənc Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında mühüm amillərdən biri olaraq, yeniyetmələrin, çağırış yaşlı gənclərin vətənpərvərlik duyğularının dövlətçilik baxımından formalaşmasını təmin edir. Orduya sevgi dövlətçiliyə sevgidir... 2016-cı ilin aprelində Azərbaycan Ordusu möhtəşəm qələbə qazandı. Bu döyüşlər ordumuzun gücünü, xalqla ordunun dönməz birliyini təsdiqlədi. Aprel döyüşləri Azərbaycanın hər bir vətəndaşının Vətən üçün əsgər olduğunu sübuta yetirdi. Bu təsdiq ictimaiyyət - ordu münasibətinin düsturu deyilmi?
Əvvəllər cəbhə xəttində baş verən gərginlik nəticəsində ölən əsgərlərimizin dəfn mərasiminə və xatirələrinin əbədiləşməsinə yetərincə diqqət göstərilmirdi. Bu sahədə çox ciddi boşluqlar vardı. Səngərdə, düşmənlə üzbəüz atışmada həlak olan şəhid cəsədlərinin evlərinə, valideynlərinin üstünə sanki səngərdə deyil, avtomobil qəzasında həlak olmuş adam kimi gətirilirdi.

Onda ictimaiyyət-ordu münasibəti dövlətçiliyə sədaqətin tərkib hissəsi olur

Amma indi hər şəhid Müdafiə Nazirliyinin təşkilatçılığıyla dəfn edilir. Öz torpağına göndərilən şəhid cənazəsini əli bayraqlı kütlə böyük izdihamla qarşılayır. Ordunun bir əsgərinin şücaəti, qəhrəmanlığı düşüncələrə hopur - yaşadılır. Bu, ictimaiyyətin orduya qədərsiz ehtiramıdı. Bu ehtiram xəlqi, milli-mənəvi dəyərlərdən biri kimi hər birimizin mənəvi borcunu müəyyənləşdirir. Bu borc ictimaiyyət-ordu münasibətinin tərkib hissəsidir. İctimaiyyət-ordu münasibətinə yanaşma həssaslıq, əsl vətəndaşlıq mövqeyi tələb edir. Unutmayaq ki, ordu müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. İctimai rəyə təsir edə biləsi informasiyanın ictimailəşdirilməsi "Mən azərbaycanlıyam! qürurunu yaşama, yaşatma” missiyasına söykənməlidir. Onda ictimaiyyət-ordu münasibəti dövlətçiliyə sədaqətin tərkib hissəsi olur. Bu gün ictimaiyyət-ordu münasibəti ictimai rəyi Mübarizləşdirib, Təbrizləşdirib, Muradlaşdırıb, Çingizləşdirib.

Azərbaycan Silahlı Qüvvələrində "Açıq qapı” gününün keçirilməsi və bunun bir ənənə şəklində, mütəmadi davam etdirilməsini ekspertlər də vacib hal kimi dəyərləndirir.

Ehtiyatda olan polkovnik-leytenant Abuzər Əbilovun sözlərinə görə, belə bir tədbirin təşkilini, ordunun qapılarını ictimaiyyətə açmasını ictimaiyyət illərdir gözləyib. Onun fikrincə, bu çox dəyərli və lazımlı bir hadisədir. Azərbaycan Ordusunun cəmiyyətlə sıx əlaqəsi üçün atılan böyük addımdır. Ən əsası, hərbi hissələrdə, qoşun növlərində belə tədbirlər orduya ictimai nəzarət baxımından önəm kəsb edir. Valideynlər də öz övladlarının hansı şəraitdə xidmət etdiklərini görür, şəraitlə yerində tanış olurlar.
A.Əbilovun sözlərinə görə, Zakir Həsənov hələ Daxili Qoşunların komandanı olduğu vaxt ilk olaraq bu praktikanı tətbiq edib. Eyni zamanda, Dövlət Sərhəd Xidmətində "açıq qapı” tədbirləri uzun müddətdir keçirilir və bu da öz pozitiv nəticəsini verib: "Hazırda bu tendensiyanı Silahlı Qüvvələrdə davam etdirmək ən doğru seçimdir. Çünki ictimaiyyət çox zaman orduda, qoşunlarda gedən pozitiv dəyişiklikləri yaxından izləyə bilmir, şayiə və yanlış məlumatların əsirinə çevrilirlər. Şəxsən mən belə tədbirləri alqışlayıram və bunun davamlı olmasına inanıram”.

Bu tendensiya orduya ictimai nəzarət funksiyasını formalaşdırır və valideynlərdə rahatlıq yaradır

Son illər həyata keçirilən müsbət təşəbbüslə bağlı hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli də açıqlama verib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən reallaşdırılan "Açıq qapı” ideyası olduqca təqdirəlayiqdir. Ekspertin sözlərinə görə, keçmiş rəhbərlik dövründə əsgər valideynləri və ictimaiyyət nümayəndələri bu məsələni dəfələrlə gündəmə gətiriblər. Tələb ediblər ki, hərbi hissələrə giriş imkanları məhdudlaşdırılmasın: "Əvvəlki dövrdə ordu ictimaiyyət üçün qapalı idi. Bu da çox ciddi problem yaradırdı. Xatırlayıram, o vaxt jurnalistlərin hərbi hissələrə getməsi böyük bir hadisə kimi qiymətləndirilirdi. 10 il bundan əvvəl bir qrup hərbiçi-jurnalistlər, o cümlədən mən cəbhə bölgəsində yerləşən hərbi hissələrə baş çəkdik. Əsgərlərin yataq və yemək şəraiti ilə tanış olduq. Bu hadisə mediada günlərlə müzakirə edildi. Müdafiə Nazirliyinin rəhbərliyi dəyişəndən sonra həmin məsələ yenidən gündəmə gəldi və konkret addımlar atıldı”. Ekspert bildirib ki, əsas məqam odur ki, belə görüşlərdə ictimaiyyətin müxtəlif təbəqələri ilə yanaşı, əsgər valideynləri də iştirak edirlər: "Övladlarının xidmət keçdiyi yer, oranın yemək-içməyi hər zaman valideynlər üçün maraqlı olur. Narahatlığı nəzərə alan nazirlik "Açıq qapı” günləri elan etdi və proses zamanla kütləvi hal aldı. Artıq xüsusi tarixi günlərdə, dini və milli bayramlarda valideynlər və ictimaiyyət nümayəndələri rahat şəkildə hərbi hissələrə daxil olur və bununla hərbi hissələrdəki şəraiti öz gözləri ilə görürlər. Fikrimcə, bu tendensiya orduya ictimai nəzarət funksiyasını formalaşdırır və valideynlərdə rahatlıq yaradır. Media da fürsətdən istifadə edərək hərbi hissələrə baş çəkməli, hərbiçilərlə görüşməli, mövcud vəziyyəti KİV-də işıqlandırmalıdır. Mən bu addımı alqışlayıram”.

Silahlı Qüvvələr rəhbərliyinin bu addımı ictimaiyyətin onlara etibarını və inamını yüksəldir

"AzeriDefence” hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov da Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrdə "Açıq qapı” günlərinin keçirilməsi istiqamətində atdığı addımları alqışlayır və Müdafiə Nazirliyinin bu cür tədbirləri davamlı keçirməsinin məqsədəuyğun olduğunu deyib: 

"Təəssüflər olsun ki, uzun illər Müdafiə Nazirliyinin sabiq rəhbərliyi bu tip tədbirlərə qarşı olub və maraq göstərməyib. Yalnız hansısa QHT səviyyəsində hərbi hissələrə jurnalistlərin və QHT rəhbərlərinin "tur”larının təşkili ilə kifayətlənib. Hesab edirəm ki, bu tədbir Silahlı Qüvvələrimiz və ictimaiyyət arasında daha səmimi münasibətin qurulmasına, ordu-cəmiyyət əlaqələrinin saf təməllər əsasında daha da güclənməsinə imkan verəcək. Valideynlər "övladım nə yeyir, hansı şəraitdə yatıb-durur, hansı şəraitdə xidmət edir” kimi sualların cavabını özləri bu tədbirlərdə tapırlar. Eyni zamanda, xalqın ordusuna güvəni daha da yüksələcək”.

R.Süleymanov bu tədbirdə ən önəmli məqam kimi müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əsgər valideynləri ilə şəxsən görüşməsi, valideynlərlə bir süfrə arxasında əyləşib söhbət etməsini xüsusi vurğulayıb: "Təəssüf hissi ilə demək istəyirəm ki, son 20-22 ildə Azərbaycanda müdafiə nazirinin əsgər valideynləri ilə görüşünə ilk dəfə şahidlik edirik. Uzun illər müdafiə naziri postunu tutmuş Səfər Əbiyevin valideynlərlə görüşünü xatırlaya bilmirəm. Eləcə də, qoşunların komandanları öz tabeçiliklərində olan hərbi hissələrdə valideynlərlə görüşürlər. Silahlı Qüvvələr rəhbərliyinin bu addımı ictimaiyyətin onlara etibarını və inamını yüksəldir. Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrində "Açıq qapı” gününün keçirilməsi və bunun bir ənənə şəklində, mütəmadi davam etdirilməsi vacibdir”.

Şəymən Bayramova

Yazı Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir