"Azərbaycan müdafiə sənayesi kompleksinin inkişaf etməsi silahlı qüvvələrin imkanlarının genişlənməsinə, milli texnika və silah arsenalının formalaşmasına təkan verir”.
Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda keçirilən 3-cü "ADEX-2018” beynəlxalq müdafiə sərgisi ölkəmizin milli müdafiə sənayesinin inkişaf etdirilməsini stimullaşdırır:
"Sərgi Azərbaycan müdafiə sənayesinə məxsus şirkətlərin bu sahədə satınalmalar həyata keçirməsinə şərait yaradır. Ən vacib məqamlardan biri isə Azərbaycanın beynəlxalq müdafiə sənayesi sahəsində bazar rolunu oynamasıdır.

Ölkəmiz bir bazar və bu sahədə peşəkarlaşmış şirkətlərin təmas nöqtəsi kimi əhəmiyyətli mərkəz halına gəlir.
Müharibə vəziyyətində olmağımıza baxmayaraq, ölkəmizdə bu tipli sərgilərin keçirilməsi və beynəlxalq silah ticarəti sahəsində inkişaf etmiş və ixtisaslaşmış ölkələrin sərgiyə qatılması çox təqdirəlayiqdir. Bu o deməkdir ki, Azərbaycan beynəlxalq aləmdə hərbi nüfuzunu qorumaqla yanaşı həm də sürətli inkişaf etdirmək əzmindədir”.
Qeyd edək ki, Bakıda 3-cü "ADEX-2018” beynəlxalq müdafiə sərgisi başlayıb. Bakı Ekspo Mərkəzində keçirilən sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edib. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr "ADEX 2018” sərgisinə qatılıblar. Sərgidə digər sektorlarla yanaşı, hərbi-aviasiya sənayesi də geniş təqdim olunacaq. Sərgi sentyabrın 27-də başa çatacaq.
İsmayıl