Ağacları məhv edənlərə qarşı ciddi ölçü götürülməlidir

Bu məsuliyyətsizlik ekoloji problemləri yaradan və onu genişləndirən məqamdır



Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında deyib ki, təbiəti qorumaq təkcə hüquq-mühafizə orqanlarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, hər hansı bir məmurdan asılı olmamalıdır. Onun sözlərinə görə, ağacı kəsərək maşına yükləyib gizli şəkildə gətirən şəbəkə üzvləri elə sıravi vətəndaşlardır: 

"Burada tərbiyə və dəyərlərdən söhbət gedə bilər”.

Nazir bildirib ki, iş adamları da şüurlu düşünməli və yaşıllıq olan ərazilərdə iş görməməlidir: "Nazirlik bu kimi qanunsuz halların qarşısını öz səlahiyyətləri çərçivəsində alır. Aşkar olunan faktları törədən şəxslərin kimliyi məlum olmayanda bu məsələ polis orqanlarına təqdim olunur. Onlar da tədqiqat apararaq günahkarı tapıb cəzalandırırlar. Son 2 ildə vurulan ziyanlarla bağlı əhəmiyyətli dərəcədə sərt cəzalar verilməyə başlanılıb”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı diametri 20-24 sm olan 1 ədəd tut ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Qaradağ rayonu, Sahil qəsəbə sakini Kamil Paşayev tərəfindən kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli isə deyib ki, faktlar aşkarlandıqca, məsələyə reaksiya verilməli və mövcud problem aradan qaldırılmalıdır.

Ağacların kəsilməsinin hüquqi həllinə toxunan V.Tofiqli qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə məsələlərə ciddi yanaşır və bununla bağlı hüquq-mühafizə orqanları daha ətraflı tədbirlər görə bilər: "Müxtəlif obyektlər tikilərkən ağacların qırılması ciddi məsuliyyətsizlik göstəricisidir. İnzibati qaydada məsələ həllini tapmalıdır. Bu məsuliyyətsizlik ekoloji problemləri yaradan və onu genişləndirən məqamdır. Bunun qarşısını ictimai qüvvələr almalıdır. Problemin ictimailəşdirilməsi ilə aidiyyəti qurumların, yuxarı dairələrin bu məsələlərə diqqətini cəlb etmək olar”.

Ekspert hesab edir ki, ağacları məhv edənlərə qarşı ciddi ölçü götürülməlidir. "Rəsmi qaydada, qanun çərçivəsində, istər mülki məcəllədə, istərsə də cinayət məcəlləsində bununla bağlı tədbirlər görülməlidir. Prosesləri nəzarətdə saxlamaq üçün bunlara artıq zərurət yaranıb. 

Bakının müxtəlif ərazilərində belə hadisələr baş verir. Ağacların kim tərəfindən kəsildiyini, bu proseslərin necə həyata keçirilməsinə dair həm icra, həm digər strukturlarda məlumatlar var. Ona görə də, ciddi addımlar atılsın ki, problem kökündən həll olunsun. Qanunvericilikdə dəyişikliyin edilməsi, cəzaların verilməsi və ya cərimələrin artırılması güman edirəm ki, nisbətən qayda-qanun yarada bilər”.

Şəymən