Ağır xəstəliklə çarpışan yazıçı İŞSİZDİR : "Taksovatlıq" eləmək məcburiyyətindəyəm"





"Nəyə nail olmuşamsa, təkbaşına, dişimlə-dırnağımla nail olmuşam. Arxam-dayağım olmayıb heç vaxt. Çox gənc yaşımda valideynlərimi itirmişəm. Evin tək uşağı olduğum üçün hələ o vaxt anladım ki, mən hər şeyi öz gücümlə əldə edəcəyəm. Ağır məhrumiyyətlərdən keçib dözdüm və bu yerə gəlib çıxdım. Ədəbiyyatda Kənan Hacı adlı imza varsa, bu, mənim fasiləsiz, gecə-gündüz çalışmalarımın nəticəsidir".

Bu sözləri Sherg.az -a uzun illərdir Hepatit C virusundan əziyyət çəkən tanınmış yazıçı Kənan Hacı deyib. O, qeyd edib ki, sonuncu qəpiyini çörəyə yox, kitaba verən adam olub: 

"Məni tanıyanların hamısı bunu təsdiqləyə bilər. Amma dözümün də bir limiti var. Artıq hər şeydən bezmişəm, yorulmuşam. Bu yaşa, bu səviyyəyə çatmışam, yazılarıma görə mənim minimum ehtiyaclarımı ödəməyə yetəcək qonorarı verən yoxdu. Ağır xəstəliklə çarpışdığım bir vaxtda işdən də uzaqlaşdırdılar. Başqa nə deyim? Səhhətim imkan vermir ki, gedib fiziki işlə məşğul olum. Kreditə götürdüyüm maşının pulunu ödəməkdən ötrü "taksovatlıq" eləmək məcburiyyətində qalmışam".

Əvvəllər Tərcümə Mərkəzinin qəzetində çalışdığını deyən yazıçı qeyd edib ki, məlum qərardan sonra qəzet bağlanıb və ona "işdən çıxarılmısınız" deyiblər: "

Belə məsləhət bilinib. Başqa nə deyim. Qəzetin bağlanmağına çox təəssüf edirəm. Bilirsiniz ki, hörmətli xalq yazıçımız Elçin müəllimin köməyi sayəsində müalicə alıram. Fürsətdən istifadə edib ona bir daha sonsuz təşəkkürümü bildirirəm. İndi müalicə aldığım bir zamanda işsiz qalmağın nə demək olduğunu təsəvvür edin. Allah heç kimə göstərməsin".

Ayyət Əhməd