Bir neçə dərmanı eyni vaxtda qəbul etsəniz nə baş verə bilər?

Həkim nəzarəti olmadan bir neçə dərmanın eyni vaxtda qəbulu əlavə təsirlərin yaranması riskini artırır və müxtəlif orqanların fəaliyyətinə mənfi təsir göstərir.

Sherg.az xəbər verir ki, farmakoloq Konstantin Usovun sözlərinə görə, eyni vaxtda üçdən çox dərman qəbul edildikdə əlavə təsirlərin yaranma riski iki dəfə artır.

Mütəxəssis bildirib ki, bu zaman mədə-bağırsaq problemləri, hətta qastrit və xora, ürəkdöyünmənin sürətlənməsi və ya yavaşlaması, böyrəklərdə sidik ifrazının artması və ya azalması baş verə bilər.

Həkim qeyd edib ki, sidiyin həddindən artıq artması orqanizmdə sinir sisteminin fəaliyyəti üçün vacib olan elektrolitlərin itirilməsinə, sidik ifrazının azalması isə bədəndə ödem yaranmasına səbəb ola bilər.

Bundan başqa, çox sayda dərmanın qəbulu dərman mənşəli hepatitə səbəb ola bilər. Dərmanların nəzarətsiz istifadəsi asılılığın formalaşmasına da gətirib çıxara bilər.

Mütəxəssislər bir neçə dərmanı eyni vaxtda qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər.