Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər

İranın Böyük Britaniyadakı Feyrford aviabazasında baş verən insidentlə əlaqəsi ola bilər.

APA xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında bildirib.

“Biz müəyyən dərəcədə əminliklə hesab edirik ki, iranlılar… Bilirsiniz, onlar İran dövlətinin 49 ildir etdiyi işi görməyə çalışırlar. Yəni ABŞ-a və bir çox digər insanlara qarşı terror aktları törədirlər”, – Vens Feyrford bazasındakı insidenti şərh edərkən deyib.

ABŞ vitse-prezidenti həmçinin Feyrford bazasında yerləşən B-1 strateji bombardmançılarının ABŞ-a qaytarılmasının baş verən insidentlə əlaqəli olduğunu faktiki olaraq təsdiqləyib. Bununla da o, ABŞ dövlət katibi Marko Rubionun daha əvvəl səsləndirdiyi açıqlamadan fərqli mövqe ifadə edib.

“Ehtiyat tədbiri olaraq. Hərbçilərimizi qorumaq məqsədilə”, – Vens təyyarələrin ABŞ-a qaytarılmasını şərh edərkən bildirib.

Pentaqon oktyabrın 4-də Feyrford bazasında yerləşən bütün B-1 bombardmançılarının ABŞ-a qaytarıldığını təsdiqləyib.

Bununla yanaşı, Vens Vaşinqtonun “Flydubai” aviaşirkətinin reysində bir neçə gün əvvəl baş verən hadisədə İranın mümkün iştirakına dair konkret məlumatının olmadığını bildirib.

“İranın iştirakı məsələsinə gəldikdə, bunu şərh etmək hüququnu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffə və kəşfiyyat nümayəndələrinə buraxacağam. Hadisələri qabaqlamaq istəmirəm. Əlbəttə, bunu araşdırırıq. Ancaq deyərdim ki, hələlik birmənalı nəsə görməmişəm”, – Vens qeyd edib.

O əlavə edib ki, ABŞ oxşar halların ölkə daxilində baş verməsinin qarşısını almaq üçün müvafiq yoxlamalar aparır.

“Biz, şübhəsiz ki, hava nəqliyyatı üçün risk yaradan şəxslərin təyyarənin sükanı arxasına keçməməsini təmin etmək məqsədilə ABŞ daxilindəki prosedurlarımızı nəzərdən keçiririk”, – vitse-prezident vurğulayıb.