Bahalaşma alkoqollu içkilərdə o qədər hiss olunmasa da, siqaretlərdə ciddi hiss olunacaq
Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan tütün pivə və alkoqollu içkilərə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb.
Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb. Dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, gələn il yanvarın 23-də qüvvəyə minir.
Tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Elçin Bayramlının sözlərinə görə, gündəlik tələbat məhsullarına vergi və gömrük rüsumlarının artırılması dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi ilə bağlıdır:
"Lakin bu addım həmin məhsulların yerli bazarda satış qiymətinin azı 10-15 faiz artmasına səbəb olacaq. Yəni aksiz vergisinin 3 dəfə artması çox böyük rəqəmdir və bunun qiymətə təsiri ciddi ölçüdə olacaq. Burda istehlakçılar uduzacaq, lakin dövlət büdcəsinin gəlirləri artacaq”.
Ekspertin sözlərinə görə, bu addım insanların zərərli məhsullardan istifadəsinin azalmasına heç bir təsir göstərə bilməz, ya da çox cüzi təsir göstərə bilər. Misal üçün, siqaret çəkən adam 1 manat olanda da alıb çəkəcək 1,2 manat olanda da:
"O məhsulların ki yerli istehsalı ölkənin daxili tələbatını ödəyir, onların idxal rüsumları artırılsın. Burada alkoqollu içkilərdə vəziyyət elədi - yerli istehsal ölkənin tələbatını ödəyə bilər lakin tütün məhsulları barədə bunu demək hələ tezdir. Çünki ölkədə satılan siqaretlərin böyük əksəriyyəti idxal məmulatlarıdır ki, onların da tütünü xaricdən gətirilir. Demək, bahalaşma alkoqollu içkilərdə o qədər hiss olunmasa da, siqaretlərdə ciddi hiss olunacaq. Ancaq tədricən tütünçülük inkişaf etsə, tütün istehsalı çoxalsa, idxaldan asılılıq ləğv oluna bilər. Necə ki artıq alkoqollu içkilərdə bu proses gedir. Yəni idxal məhsulları var, lakin onlar olmasa belə, yerli məhsullar tələbatı ödəyəcək gücdədir, hətta ixrac üçün də məhsul qalır.
E.Bayramlı hesab edir ki, idxal məhsullarının gömrük rüsumlarının artırılması ancaq o sahələrdə olmalıdır ki, yerli istehsal daxili tələbatı tam ödəmək iqtidarındadır.
Bu halda qiymətlərin artması baş verməyəcək. İndiki halda yerli istehsalın daxili tələbatı ödəmədiyi sahələrdə bu cür addımlar daxili istehsalı stimullaşdırsa da, digər tərəfdən qiymət artımına səbəb olacaq. Ona görə də yanaşma yerli istehsal həcminin və potensialının nəzərə alınması şəraitində olmalıdır.
Şəymən