Aldadıcı başlıqlar...

Məmməd Gülməmmədov: “Heç bir halda oxucunu aldatmaq olmaz”Anar İmanov: “21-ci əsrdə informasiyalar o qədərdir ki, oxucuya başlıq maraqlı gəlməsə, xəbər oxunmayacaq”
Elçin Zahiroğlu: "Biz məcburuq ki, ziyalımızı da oxucumuz edək, fəhləmizi də, şou-biznes əhlini də”
Naibə Qurbanova: "Dünyanın bir çox ölkələrində xəbər başlıqları ilə məşğul olan xüsusi şöbələr fəaliyyət göstərir”
(Əvvəli ötən sayda)
Azərbaycanda xeyli sayda qəzet, jurnal və xəbər saytları fəaliyyət göstərir. Hər bir yazılı medianın, informasiya agentliyinin, xəbər portallarının da öz oxucu auditoriyası var. Mətbu orqanlarda oxucuların diqqətini çəkən ilk və əsas amil isə yazılara qoyulan uğurlu və ya uğursuz, doğru və ya aldadıcı başlıqlardır. Məlumdur ki, sərlövhələr yazıların çox oxunmasını təmin edən başlıca şərtlərdən biri, bəlkə də birincisidir. Bu gün media orqanlarında gedən yazılara baxdıqda müxtəlif formada başlıqlara rast gəlirik. Bəzən elə olur ki, xəbər başlığı informasiyanın özündən daha maraqlı olur.
Bir sıra hallarda isə seçilən başlıqlar oxucuları aldatmaq məqsədi daşıyır. Sərlövhə gözəl olsa da, oxucu yazıda başlığa aid heç nə tapa bilmir. Ekspertlər də hesab edirlər ki, yaxşı və cəlbedici başlıq yazının maraqlı olması ilə sıx bağlıdır. Məsələnin digər tərəfi isə mediada gedən yazılara kimin başlıq seçməsidir. Dünyanın əksər ölkələrində media qurumlarında yazıya başlıq seçən şəxslər redaktorlardır. Amma bəzən peşəkar və təcrübəli jurnalistlər yazılarına özləri başlıq seçirlər. Məsələn, köşə yazarları məqalələrinə başqalarının sərlövhə qoymasını "xoş” qarşılamırlar. 
Onların necə və hansı üsullarla başlıq seçməsi isə özlərindən asılıdır. Yəni, əvvəlcə yazını yazıb sonra başlıq seçən də var, sərlövhə qoyub, ona uyğun yazı yazanlar da. Media nümayəndələri başlığı yazının "qapısı” sayırlar. Hesab edirlər ki, başlıq oxucuya qarmaq atmaqdır. Lakin yazını oxutdurmaq naminə mövzuya məzmununa aid olmayan başlıq qoymaq qəbuledilməzdir. Şit və məzmuna yad başlıqlar yazını gözdən salır, aldadıcı başlıqlar isə oxucu itkisinə səbəb olur. Redaktorların fikrincə, hər yazının içində onu ən yaxşı səviyyədə oxutdura biləcək bir başlıq olur. Əgər yoxdursa, deməli, yazı "iki qəpiklik”dir.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov başlıq məsələsinin müasir elektron mətbuatın ciddi problemlərindən biri olduğunu deyib. Onun sözlərinə görə, həqiqətən bəzi saytlarda ciddi başlıq problemi var: 
"Bilmirəm, bu, redaktorun səriştəsizliyindən qaynaqlanır, yoxsa sırf İP toplamaq məqsədi güdür? Amma düşünürəm ki, əksər hallarda səriştəsizlikdən qaynaqlana bilər. Özüm sayt rəhbəri olduğum üçün gün ərzində bir çox portallara baxıram, bəzən başlıqlar məni dəhşətə gətirir. Başlıq qısa, lakonik, cəlbedici olmalıdır. Bəzən elə xəbər olur ki, orada başlıq bir az uzun alınır. Amma bir neçə cümləlik, bəzən xəbərin özündən çox başlıq nəyə lazımdır?
Məsələn, Qərb mətbuatında, söhbət elektron mətbuatdan gedir, başlıq üçün xüsusi redaktorlar var. Bu insanların işi xəbəri oxuyub başlıq seçməkdir. Düşünürəm ki, zamanla Azərbaycan mətbuatı da bu səviyyəyə gəlib çatar. Başlığı seçərkən əsas hədəf xəbərin içindəki vurğunu ortaya qoymaqdır. Xəbərdəki əsas mesajı hədəfə çatdırmaq üçün yaxşı, cəlbedici başlıq seçilməlidir. Amma heç bir halda oxucunu aldatmaq olmaz. Bu, qətiyyən yolverilməzdir. Məsələn, Uqandada hansısa nazirin həbsini "nazir həbs edildi” başlıqla verib, oxucunu aldatmaq olmaz. Başlıqda söhbətin sırf elə Uqandadan getdiyini bildirmək, vurğulamaq lazımdır. Yuxarıda da qeyd etdim, əksər xəbər başlığı qısa və lakonik olmalıdır. Amma elə xəbərlər var ki, onun başlığını bir az uzun yazmaq məcburiyyəti yaranır”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov bildirib ki, aldadıcı başlıqlardan mətbuatımızda çox istifadə olunur və bu, böyük bəladır: 
"Sırf bu başlıqlara görə, KİV-lərə, xüsusən də onlayn mediaya inam, etibar azalır. Daha çox aldadıcı başlıqlar elə saytlarda istifadə olunur. Amma bir şeyi də başa düşmək lazımdır ki, bu cür fəaliyyət göstərmək, yəni aldadıcı başlıqlar və İP-lərə görə oxucunu aldatmaq nəticədə o saytlar üçün və ümumiyyətlə bütün saytlar üçün fəlakətdir. Çünki bu hal əks-effekt verir, oxucunu iyrəndirir, çəkindirir. Bəziləri bunu başa düşsəydi, onların da, bizim də işimiz daha rahat olardı. O ki qaldı başlıqlara, nə qədər qısa olsa, bir o qədər yaxşıdır. İnternet dövründə, 21-ci əsrdə informasiyalar o qədərdir ki, oxucuya başlıq maraqlı gəlməsə, xəbər oxunmayacaq. Amma bu da o anlama gəlmir ki, sən mütləq oxucunu aldatmalısan. Qısa başlıqlar yormur və maksimum nəticəyə, yəni oxunmağa səbəb olur. Bu məsələ təkcə bizim bəlamız deyil. Bütün dünyada həmin problemlər var. Mən bizim saytlara yalançı başlıqlardan qaçmağı məsləhət görərdim. Çünki oxucular diqqəti aldadıcı başlıqlar istifadə etməyən KİV-lərə yönəldirlər”.
"Bakipost.az” saytının rəhbəri Elçin Zahiroğlu da vurğulayıb ki, uğurlu başlıq informasiya üçün vacib elementdir, nəfəslikdir: 
"Uğurlu başlıq seçimi edə bilməyən, yaxud bunu vacib hesab etməyən KİV-lər heç vaxt uzun ömürlü ola, ictimai fikrə təsir edən və tanınan bir mətbu orqana çevrilə bilməz. Elə buna görə də dünyada nüfuzlu media orqanlarında sərlövhələrlə bağlı ayrıca şöbələr fəaliyyət göstərir, bu işlə bir komanda məşğul olur. Bizdə isə bir çox məsələlər kimi bu işlər də redaktorların və ya adminlərin üzərinə düşür. Amma problem təkcə bununla bağlı deyil. Doğrudan da, saytlarımızda, bəzən hətta ciddi adamların nəzarət etdiyi saytlarda mövzuya aid olmayan sərlövhələrə, "durğun” bir xəbərdə "təlatümlü” başlıqlara rast gəlirik. Bir çox hallarda bu sərlövhələr sosial şəbəkələrdə müzakirələrə çıxarılır; kimisi tənqid edir, kimisi isə xəbəri oxutdurmaq naminə atılan bu addımları indiki məqamda lazımlı hesab edir. Hesab edirəm ki, peşəkar adamlar heç vaxt oxucunu aldatmaq istəməzlər. Amma nəzərə almaq lazımdır ki, indi yazını oxutmaq, informasiyanı daha geniş auditoriyaya çatdırma özü də peşəkarlıqdı. Peşəkar media nümayəndəsi imkan qədər qayda-qanunlara riayət etməklə xəbəri oxutduran redaktordur, jurnalistdir. Amma bu, kifayət qədər çətin məsələdir”.
 Baş redaktorun sözlərinə görə, media rəhbərləri materialları, sərlövhələri oxucuların zövqünə uyğun hazırlamağa məcburdurlar: 
"İndi biz nə edək ki, başlıqda hansısa sözü fərqləndirəndə, ora "İlginc” və ya "Şok” sözləri yazanda informasiyanı daha çox adam oxuyur. Balaca bir auditoriyamız var və bu auditoriyada informasiyaya münasibəti, informasiya duyumu olan hər cür insan var. Biz məcburuq ki, ziyalımızı da oxucumuz edək, fəhləmizi də, şou-biznes əhlini də. Necə edək ki, seçdiyimiz sərlövhəni ziyalı da bəyənsin, savadsız kəsim də? Ona görə də elə etməliyik ki, ağıllı insanlar qoyduğumuz başlıqlara gülməsinlər, başlıq onlarda qıcıq yaratmasın. Eyni zamanda şou axtaran, feysbukda hansısa cümləyə ilişib qalan oxucular da bizim yazılarla tanış olsunlar. Onlar da xəbərlərimizin mahiyyətini başa düşsünlər”. 
E.Zahiroğlu bildirib ki, başlıqlarla bağlı narazılıq edənlərin bir qismi mətnin içərisində sərlövhəni tapa bilməyənlərdir: 
"Araşdırmalar göstərir ki, narazılıqların çoxu insanlarımızın informasiya hazırlığının olmaması, bir sıra mövzularla bağlı az bilgilərə sahib olması ilə bağlıdır. Bəzən sərlövhələrlə xəbərin mahiyyətini verməyə, mətnin ümumi tezisini qısa şəkildə təqdim etməyə çalışırıq. Yəni təqdim etdiyimiz materialın ümumi məzmununu başlıqlarda əks etdirməyə səy göstəririk. Bununla oxucunun yükünü bir qədər azaldırıq. Bundan daha çox qanun layihələrinin təqdim edilməsində, hansısa qurumun hesabatlarında da bu üsuldan istifadə edirik. Qanun layihəsini olduğu kimi təqdim edirik, amma mahiyyətini sərlövhədə veririk. Oxucu isə həmin başlığı mətnin içərisində tapa bilməyəndə bizə irad bildirir. Əslində, bu, bizim günahımız deyil, oxucunun məsələ ilə bağlı məlumatsız olması ilə bağlıdır”.
Baş redaktorun fikrincə, mətnin başlığa uyğun olmaması hallarına ciddi media orqanlarında da rast gəlinir: "Ola bilər, uyğunsuz başlıqlı məqalə əməkdaşın özfəaliyyəti ilə bağlıdır. Ümumiyyətlə, media rəhbərləri, özünə hörmət edən redaktorlar heç vaxt oxucunu aldadan, onu öz xəbərini oxumağa təhrik edən başlıqlardan istifadə etməzlər.
 Etiraf edək ki, bütün bu cəhdlərin, yəni başlıqlarla oxucunun diqqətini cəlb etməyin səbəbi oxucu azlığı ilə bağlıdır. Media sahəsində çalışan adamlar müxtəlif üsullarla oxucuları cəlb etməyə cəhd göstərirlər.
 Hər halda məqsədimiz yazıları oxutdurmaqdır. Mən bu başlıq canfəşanlığını, sərlövhəyə uyğun olmayan, "çəkici” başlıq oyunlarını qəbul etməsəm də, bu işlərə görə kimlərinsə tənqid olunmasının da tərəfdarı deyiləm. Oxucunu aldadıb, cinayətə, hansısa bir neqativ işlərə yönləndirmirlər ki, oxumağa sövq edirlər. Oxumaqda isə yalnız fayda var. Biz insanları oxumağa dəvət edirik. Əgər daimi oxucular olarsa və saytların oxucu problemi qalmazsa, heç kim özündən başlıq kəşf eləməz”. Ekspertə görə, bu gün medianın əsas problemi başlıq yox, oxucu məsələsidir: "Bu problem həll olunarsa və insanlar oxumağı, ciddi informasiya almağı öyrənərsə, məncə, başlıq məsələsi heç vaxt müzakirə olunmayacaq. Azərbaycanda 10 milyon əhali olmasına baxmayaraq, ən tirajlı saytın uzaqbaşı 100 min oxucusu var. Bu rəqəm ölkədə oxuyanların sayının nə qədər az olmasını göstərir”.
"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova bildirib ki, başlıq yazının tam açılmayan mahiyyəti deməkdir. Sərlövhə elə olmalıdır ki, yazının nədən bəhs etdiyini göstərməklə yanaşı, həm də gizliliyini saxlasın:
"Oxucu yazını oxuduqca başlığın mahiyyətindən xəbər tutmalıdır. Başlığın cəlbedici və lakonik olması mütləqdir. İstənilən fikri yığcam şəkildə çatdırmaq istedad tələb etməklə yanaşı, həm də oxucunu yormur. Azərbaycan mətbuatında sanballı başlıqlara rast gəlmək olur, amma bu, tez-tez olmur. Bu mənada "ANS Press” nəşrlər evi daha peşəkar idi. Onların jurnallarında maraqlı sərlövhələrə tez-tez rast gəlmək olurdu. Sözü bir neçə mənada işlətməklə maraqlı başlıqlar qoyurdular. Sovet dönəmində oxucu sərt, quru başlıqlar oxumaqdan əziyyət çəkirdisə, 1990-cı illərdə aldadıcı sensasiya xarakterli sərlövhələrdən narazılıq yaranmağa başladı. İndi isə bu tendensiyanı seksist başlıqlar əvəz etməyə başlayıb. İş o yerə çatıb ki, hətta Xocalı boyda faciəmizdən bəhs edən yazıların da başlığına "zorladı”, "mənimlə cinsi əlaqədə oldu”, "cinsi orqanıma ağır alətlə zərbə endirdilər” kimi ifadələr çıxarmaqla oxucu toplayırlar. Bu qəbildən olan daha bir anormallıq qadın cinsinə yönələn xəbər başlıqlarıdır. Hansı ki, qadına qarşı hiddəti, seksizmi özündə daşıyır - "Metroda qadına qarşı nalayiq hərəkət”, "... rayonda qadın küçədə zorlandı”, "... rayonda qadın cinayəti” və sair. Daha bir xoşagəlməz məqam isə çox zaman başlığın bir cür və içindəki xəbərin isə ayrı cür olmasıdır. Yəni, başlıqla mətn qətiyyən uyğun gəlmir, oxucu başlıqda deyiləni mətndə tapa bilmir. 
Xəbər başlıqlarının əsas məqsədi təqdim olunan informasiyanın nədən ibarət olduğunu bildirməkdir. Problem ondadır ki, oxucunu özünə cəlb etmək üçün bizdə bir çoxları yalandan hay-küylü başlıqlar qoyurlar, amma xəbərin içi tamam başqa şey olur.
Dünyanın bir çox ölkələrində xəbər başlıqları ilə məşğul olan xüsusi şöbələr fəaliyyət göstərir. Düzdür, yazını hazırlayan müddətdə jurnalistin ağlına maraqlı başlıqlar gəlir və hətta ola bilər ki, yazıya başladığın ilk cümləni belə sonra başlıq etmək fikrinə düşə bilərsən. Yəni, yazını yazan özü beynindən keçirərək yazdığı mətnə hansı fikir uğur gətirə bilərsə, onu da başlıq seçir. Bununla belə, başlığı redaktorun qoyması daha münasib olar, çünki idarəçisi olduğu kütləvi informasiya vasitəsinin hansı oxucu kontingentini əhatə etdiyini redaktor daha yaxşı bilir.
İsmayıl Qocayev