Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun "Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında yer alan tapşırıqlara uyğun olaraq hazırladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın əsas maddələri açıqlanıb.
Tədbirlər planında bir sıra yeniliklərin tətbiqi, eləcə də jurnalistlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Təklif müəllifləri hesab edir ki, media əməkdaşlarının mütəmadi şəkildə attestasiyadan keçirilməsi ədəbi dil normalarına riayət baxımından mövcud problemlərin tədricən də olsa aradan qaldırılmasına kömək edə bilər.
Məsələ ilə bağlı "Sherg.az”a danışan "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ali təhsili olmayan insanların jurnalistikaya soxulması dilimizin saflığına, düzgünlüyünə xələl gətirir. Baş yazarın qənaətincə, söhbət peşəkar, sağlam jurnalistdən gedirsə, onlar kifayət qədər Azərbaycan dilinin normalarına bələddirlər və sözlərin harada, necə işlədilməsini çox gözəl bilirlər:
"Hazırda Azərbaycan jurnalistikasına soxulmuş, bu sahəyə aidiyyəti olmayan çoxlu sayda ünsürlər var. Və biz onları tərkibimizdən təmizləmək üçün Mətbuat Şurası olaraq ortaya davamlı şəkildə prinsipial mövqe qoyub, mübarizə aparırıq. Lakin düşünürəm ki, əsl jurnalistlərin attestasiyadan keçirilməsinə lüzum yoxdur. Çünki onlar öz işlərini çox yaxşı şəkildə bilirlər və bu sahədə hər hansısa kiçik bir səhv etdikdə onlar mənəvi əziyyət çəkirlər. Lakin bunlar çox az olur.
Qəzetimdə belə hallar olanda onu birmənalı şəkildə qəbul etmirəm. O istiqamətdə prinsipial mövqeyimi ortaya qoyuram. Bəzi televiziyalarımızda Azərbaycan dilinin normalarını pozan verlişləri çox müşahidə edirik. Məncə, əsas işləri bu sahədə aparmaq lazımdır. Lakin peşəkar jurnalistlərin attestasiyadan keçirilməsini doğru addım kimi qiymətləndirmirəm. Çünki onlar dilimizin saflığının qorunmasının keşiyində durmalıdırlar və müəyyən formada da dururlar.
Fikrimcə, bu sahədə sağlam olmayan insanların jurnalistikadan təmizlənməsi qarşıya məqsəd kimi qoyulmalıdır. Həmin insanların biliyi, əməyi düzgün deyilsə, o hardasa bunu göstərəcək. Amma "Azərbaycan”, "Xalq”, "Şərq”, "İki sahil” qəzetlərinin heç bir peşəkar nümayəndəsi istəməz ki, ana dilimizin normaları pozulsun, ona xələl gəlsin. Bu kimi məsələlərlə bağlı bu günə kimi mübarizə aparmışıq və bundan sonra da arzuolunmaz hallara yol verməyəcəyik. Son vaxtlar dilin saflığının qorunması ilə bağlı komissiyalar yaradıldı. Onlar bütün sahələr kimi mediada nəzarət edir. Hansı qəzet dilin normalarını pozub, hansılar buna yol verməyib, bu kimi məsələləri nəzərə çatdıraraq öz mövqelərini ortaya qoyurlar. Ona görə də jurnalistikanı dərindən bilən nümayəndələrin attestasiyadan keçirilməsinə lüzum görmürəm”.
V.Rəhimzadə onu da nəzərə çatdırıb ki, son zamanlar jurnalistika ilə əlaqəsi olmayan saytlar çoxalıb:
"Başqa ixtisaslardan, hətta heç bir ali təhsili olmayan insanların mediaya soxulması jurnalistikaya xələl gətirir. Məncə, bu sahəni onlardan təmizləmək lazımdır. Onlar jurnalistika ilə yanaşı dilimizə də ləkədir. Təmizləmə işləri sırf bu sahəyə doğru yönləndirilməlidir. Həmin insanlar öz işləri ilə məşğul olmalıdır. Hərəsi bir yox, bir neçə sayt yaradıb. Azərbaycan dilinin saflığı və normalarının qorunması onların yadına düşmür, zorla jurnalistikaya soxulanlar tamam başqa məqsəd güdür. Bu mənada onları təmizləmək lazımdır. Peşəkar jurnalistlər öz işlərini çox yaxşı bilirlər və daim dilimizin normalarını, saflığını qoruyurlar. Düşünürəm ki, bu sahədən uzaq olan, "reket” jurnalistika ilə məşğul olanları bu sahədən uzaqlaşdırmaq lazımdır. Mətbuat Şurasının vəzifələrindən biri də bundan ibarətdir”.
Kənan Eynuroğlu