"Allahdan pul dilənməklə insan uzağa gedə bilməz"

Deputat və sosioloq baş redaktoru dəstəklədi
"Xalq Cəbhəsi”qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycan ictimaiyyətini ələbaxımlığı və köləliyi təbliğ edən ideyalardan imtina etməyə çağırıb. Bu barədə özünün feysbuk səhifəsində status paylaşan baş redaktor həmkarlarına və dostlarına xitabən "feodal dünyagörüşünü, həyat tərzini təbliğ edən qondarma hədisləri, bəsit ərəb nağıllarını paylaşıb insanları təhsildən, elmi-texniki tərəqqidən, müasir sosial və humanist anlayışlardan uzaqlaşdırmayın” deyib: 
" Ayıbdır! Bu nə sizin aldığınız təhsilə, nə cəmiyyətdəki mövqeyinizə, nə də mənsub olduğunuz millətin mədəniyyətinə yaraşır... Əcəbdir... "Kimsə əbaya bürünüb yolla keçirmiş, aclıqdan, səfalətdən üzülən kasıb birisini gördü və cibindəki çörək parçasını ona verdi..." Hə, nə olsun?!!! Bu cəfəngiyyat insanlara kiminsə onlara bir tikə çörək əta edəcəyini gözləməyi öyrədir. Bu humanizmin deyil, ələbaxımlılığın, köləliyin təbliğidir. Müasir sosial və humanist anlayışlar ədalətli qanunlarla idarə olunan cəmiyyətin təməlini təşkil edən İnsan amilinə, sosial ədalət prinsiplərinə söykənir. Bəşəriyyət sizin ərəb nağılları ilə təbliğ etdiyiniz feodal qaranlıqlarından böyük qurbanlar sayəsində qopub və bu günlərə gəlib. Mənə görə Tanrı elmin, təhsilin və mədəniyyətin yanındadır, cəhalətin yox...”
Elçin Mirzəbəylinin mövqeyini haqlı sayan millət vəkili Fazil Mustafa Sherg.az-a açıqlamasında deyib ki, biz də elə onun mübarizəsini aparırıq ki, islamı mövhumat, insanları təhsildən uzaqlaşdıran, onları köləliyə alışdıran bir din formasında təqdim olunması yanlış yanaşmadır: 
"Hörmətli alimimiz Firdovsiyyə Əhmədova bu günlərdə çox gözəl bir paylaşım edərək 100 il əvvəl görkəmli bir ziyalı vəfat edəndə onun xatirəsi üçün cəmiyyətdə necə faydalı işlər görüldüyünü cəmiyyətə təqdim edib.
1916-cı ildə Həşim bəy Vəzirov rəhmətə gedən zaman onun evini ziyarət edən ziyalılar ailəsinə baş sağlığı verdikdən sonra Təzə-Pirin həyətində toplaşıb mərhumun xatirəsini yad ediblər. Həşim bəyi dəfn edənə qədər cənazəsini onun işlədiyi binaların qarşısında saxlayaraq əməllərindən bəhs edib nitq söyləyiblər. Həşim bəy Vəzirovun maarifçiliklə bağlı gördüyü işləri nəzərə alaraq, dəfndə iştirak edən ziyalılarımızın hər biri bir xeyriyyə tədbiri görməyə boyun olublar. Sədayi-Qafqaz" qəzetinin redaksiyası qarşısında müsəlman mətbuatı adından çıxış edən M.Ə. Rəsulzadə Həşim bəyin fəaliyyətini dəyərləndirdikdən sonra mətbuat nümayəndələri adından bildirib ki, mərhumun xatirəsi üçün müharibədən zərər görmüş müsəlmanların nəfinə 50 rubl verirlər. "Səfa" cəmiyyətinin ilk sədri olmuş Həşim bəyin xatirəsi üçün cəmiyyət bir şagirdin tərbiyəsini öz üzərinə götürdüyünü bəyan edib.Bakı taciri Rzayev mərhuma xatirə olaraq ali təhsil müəssisəsində iki təqaüd təsis etdiyini bildirib. "Nicat" cəmiyyətinin yerləşdiyi Murtuza Muxtarovun evinin qarşısında Həşim bəyi ictimai xadim kimi səciyyələndirən natiq mərhuma minnətdarlıq nümunəsi kimi "Nicat" cəmiyyəti adından Həşim bəyin adına bir təqaüd təsis edildiyini bəyan edib. Daha sonra "İsmailiyyə" binası, şəhər duması qarşısında çıxışlar olub. Dəfn mərasiminin bir vida mərasimi, xeyriyyəçilik mərasimi kimi gerçəkləşməsi cəmiyyətə faydalı əməllər sahibinin xatirəsinə minnətdarlığın parlaq nümunəsidir. Sağlığında əməli-saleh sayılmış, faydalı əməllər sahibinin ruhu da onun xatirəsi yolunda edilmiş eyni məzmunlu əməllərlə şad ola bilər! Nəinki təmtəraqlı dəfn mərasimi düzəldib, şan-şöhrət naminə ehsan süfrələri açıb, ehtiyacı olmayan kürsü sahiblərinin, mənsəbpərəstlərin qarnını doyurmaq. Doğrudan da, tərəqqipərvər, millətsevər Həşim bəy Vəzirovun dəfn mərasimi örnək bir nümunədir”.
Millət vəkilinin sözlərinə görə, ölkənin aparıcı simaları, ziyalı insanları bu cür nümunələri təbliğ etməlidir: 
"Yoxsa ki, feodal qaranlıqlarını, mövhumatı yaymaqla insanlarımızı elmdən, təhsildən uzaqlaşdırmamalıyıq. Təbii ki, kiməsə yaxşılıq etmək xeyirxahlıqdır. Amma bu xeyirxahlıq elə bir səviyyədə edilməlidir ki, qarşındakı ələbaxan öyrənməsin. İki əlini yanına salıb, Allahdan pul dilənməklə insan uzağa gedə bilməz. Bu mənada Elçin bəyin bu paylaşımını təqdir edirəm və yerində gündəmə gətirildiyini düşünürəm”.
Sosioloq Əhməd Qəşəmoğlu da Elçin bəyin paylaşımını müsbət qiymətləndirdiyini deyib: 
" Dünyada qəbul olunmuş bir prinsip var ki idrakla iman yanaşı olmalı, bir- birini tamamlamalıdır. İmanın yanından idrak çəkiləndə artıq cəhalət, idrakın yanından iman əskik olanda da vəhşilik başlayır. Məhəmməd peyğəmbər özü də bunu çox gözəl bilirdi deyə, bütün müsəlman aləminə dünyəvi elmlərə yiyələnməyi diktə edib. Islam alimləri də dünyəvi elmləri ən qədim mənbələrdən tərcümə edərək müsəlman ölkələrində yayılmasına rəvac verdilər”.
Azərbaycanda təhsilin arzuolunan səviyyədə olmadığını vurğulayan sosioloqun sözlərinə görə, elmimiz də o gündədir: 
" Bu zaman da təbii olaraq əhalinin elmi- intelektual səviyyəsində müəyyən bir boşluq yaranır, cəhaləti gücləndirən amillər üçün münbit şərait yaranır. Elçin Mirzəbəylinin qeyd etdiyi statuslar isə cəhalətin ölkədə kök salması ilə nəticələnir. Mən də o fikirdəyəm ki, müasir Azərbaycanın ötən əsrin feodal dünyagörüşünə, fanatik həyat tərzinə köklənməyimiz həddindən artıq təhlükəli tendensiyadır. Fakitiki olaraq, elmlə- təhsillə bağlı Azərbaycan cəmiyyətində bir boşluq yaranıb və dini fanatiklər də bu boşluğu öz ideyaları hesabına doldurmağa çalışır. Elçin bəyin dediyi qondarma hədisləri, bəsit ərəb nağıllarını paylaşan insanlar da onlara kömək etmiş hesab olunur. Bir məsələni unutmayaq ki, əgər İslam aləmində elmin- təhsilin inkişafına şərait yaradılsaydı, yür üzündə bu qədər gərginlik olmazdı. Odur ki, biz müasir texnologiyanın, sosial şəbəkələrin imkanlarından istifadə edib, elm adamlarımızın, Azərbaycanın ictimai- siyasi həyatında əvəzedilməz rolu olan şəxsiyyətlərimizin fəaliyyətindən söz açmalı, onların fikirlərini, ideyalarını cəmiyyətə təbliğ etməli və insanları təhsilə, elmə yönləndirməliyik. "Quyu su tökməklə quyu dolmaz” prinsipindən çıxış edərək, əələbaxımlıqdan qaçmalı, yaşam uğurunda mübarizə aparmalıyıq”.
Şəymən