Qulu Məhərrəmli:“Çünki gənclər kif basmış otaqlarda, susqunluq, ölgünlük çökmüş, aktiv fəaliyyəti olmayan mühitdə çalışmaq istəmirlər"
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sovet dövründə müəyyən uğurları olub. Akademiyaya yanaşma oradakı sistemin necə qurulmasından, işin təşkilindən asılıdır”.
Bu sözləri "Sherg.az”a AMEA-nın ləğv olunması, onun səlahiyyətinin universitetlərin elmi şuralarına verilməsi haqqında mülahizələrə münasibət bildirərkən əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli söyləyib.
Professor diqqətə çatdırıb ki, indiki halda akademiyanın bir çox istiqamətləri araşdırma, tədqiqat sahəsi kimi özünü doğrultmur:
"Bu qurumun Azərbaycan elminin sovet dövründə qazandığı uğurlarını davam etdirməsi üçün ciddi nailiyyətləri yoxdur. Doğrudur, orada yaxşı alimlər, çalışan şöbələr və institutlar var. Amma ümumən sistemin özü çox qüsurlu işləyir. İnsanlar uydurma plan işi, məqalə, kitab çapı ilə məşğuldurlar. Bütün bunların isə elmə faydası olmur. Bununla belə akademiyanın olması yaxşı haldır. Sadəcə orada çox islahatlar aparılmalıdır. İndiki sistemlə, strukturla bu vacib qurumu heç bir müsbət yönə aparmaq mümkün deyil".
İlk növbədə alimlərdə stimul yaradılmalıdır. Cüzi maaşla onlar heç nə edə bilmirlər. Gərəkli araşdırmaçılar nəsli yetişdirilməlidir. Dünya elminə uğurlu inteqrasiya üçün üstün olan istiqamətlər, konseptlər əsasında iş aparılmalıdır. Akademiyanı tamamilə gözdən salmaq olmaz, ciddi islahatlarla bu qurumun fəaliyyətini yüksəltmək mümkündür”.
Gənc alimlərin AMEA-da işləmək istəməməsinə gəlincə, Q.Məhərrəmli qeyd edib ki, AMEA mühitinin gənclər üçün heç bir cəlbedici tərəfi yoxdur:
"Çünki gənclər kif basmış otaqlarda, susqunluq, ölgünlük çökmüş, aktiv fəaliyyəti olmayan mühitdə çalışmaq istəmirlər. Elə yeni elmi istiqamətlər açılmalıdır ki, yalnız gənclər iş aparsın. Məsələn, İnformasiya və Kommunikasiya Texnologiyaları institutu ən nümunəvi institutdur. Rasim Əliquliyevin rəhbərlik etdiyi bu struktur tamamilə yeni havadır. Çalışanların əksəriyyəti gənclərdir, sistemə də uyğunlaşıblar. Başqa institutlarda bu abu-hava yoxdur. Elə strukturlar var, ancaq yaşlılar çalışır. Həmin sahələrə, xüsusən humanitar bölmələrə gəncləri cəlb etmək lazımdır.
Akademiyada irəliləmək, ciddi elmi uğur qazanmaq çətindir. Çünki çox ciddi maneələr var, bunları aşmaq hər oğulun işi deyil”.
Qeyd edək ki, Milli Məclisdə AMEA ətrafında aparılan müzakirələr zamanı deputatların bəziləri AMEA institutlarının bağlanmasını yaxud elmlə təhsilin birləşdirilməsini - akademiya institutlarının universitetlərin nəzdinə verilməsini təklif ediblər.
Aysel Aslan