ABŞ-da seçkilər poçt qutularında həll olunur
Amerika cəmiyyəti ədalət axtarır
Tramp amerikalıların 41 faizinin etimadını qazanırsa, ona qeyri-ciddi adam deməyin özü qeyri-ciddi səslənir
ABŞ-da seçkilər poçt qutularında həll olunur
ABŞ-da seçkilər poçt qutularında həll olunur
27 ştatda seçicilər öz seçimlərini poçt vasitəsi ilə bir həftə öncə məntəqələrə göndərir
ABŞ-da prezident seçkiləri hər dörd ildən bir dünyanın diqqət mərkəzində olan hadisəyə çevrilir və əsas qlobal siyasi proses kimi qəbul olunur. Ancaq 8 noyabr tarixində bu fövqəldövlətdə baş tutacaq 58-ci seçki barədə beynəlxalq müzakirələr heç də hansı namizədin qalib gələcəyi ilə bağlı deyil. Çünki gələcək prezidentin məhz Hillari Klinton olacağı hətta onun rəqibinə də aydındır.
İndi əsas mövzu bu seçkilərin gedişində ABŞ seçki sisteminin nöqsanlarının, kobud pozuntuların, korrupsiya hallarının artmasının daha qabarıq görünməsidir. Trampa olan etimad əslində ABŞ-ın xarici və daxili siyasətinə amerikalıların duyduğu etimadsızlıqdır. Ağ Ev özünü "demokratiyanın beşiyi” adlandırır və azadlıq, insan hüquqları kimi dəyərləri bütün dünyada yaymağı əsas vəzifələrindən biri kimi elan edir. Rəsmi Vaşinqtonun özünü necə adlandırmasından asılı olmayaraq, müasir reallıq, ən əsası isə "azadlıq ixracı” pərdəsi altında Şərq-müsəlman dünyasına gətirdiyi savaş və iflas ABŞ-ın demokratiyanın təməl prinsiplərindən tam uzaqlaşdığını, xalqların suverenlik və seçim hüququna qənim kəsildiyini göstərir. "Demokratikləşmə dalğası”nın əslində yeni ekspansiya hərəkatı və müasir müstəmləkəçilik siyasəti olduğunu bilmək üçün hansısa xüsusi araşdırmalara da lüzum yoxdur. Misirdən Suriyaya, Liviyadan İraqadək partlayan hər bir bomba, qətlə yetirilən hər bir insan məhz ABŞ "demokratiyasının” məhsuludur.
"ABŞ-da demokratiyanın iflasa uğradığını söyləyənlər amerikalılardır”
Son 25 ildə postsovet məkanını, Şərq coğrafiyasını "azadlıq” nağılı ilə nəzarətə götürməyə çalışan ABŞ-ın Avrasiya bölgəsinə bəxş etdiyi "demokratiya” nə qədər qanlı və faciəlidirsə, öz ölkəsində tətbiq etdiyi sistem də bir o qədər nöqsanlı, problemlidir. Dünya xalqlarını öz müqəddəratını təyinetmə hüququndan zorakılıqla məhrum edən bu fövqəlgüc elə öz vətəndaşlarının da normal seçim etmə imkanını minimuma endirib. Real fikri səsləndirən, konkret faktları təqdim edən insanlar artıq okeanın bu tayında yaşayanlar deyillər. ABŞ-ın seçki sistemini ifşa edən, bu ölkədə demokratiya elementlərinin tam olaraq iflasa uğradığını təsdiqləyən şəxs bu fövqəldövlətin prezidentliyi uğrunda yarışan Donald Trampdır. Ağ Ev bu şəxsin qeyri-ciddi obrazını yaratmağa çalışsa da, Tramp özünün ciddi siyasi liderlik keyfiyyətlərini, birləşdiricilik xüsusiyyətlərini, Amerika üçün yeni ümid ola bilmək ehtimalını ötən bir il ərzində dönə-dönə sübut etdi. O, "mafiyalaşmış dövlət aparatı” dediyi siyasi sistemə qarşı mübarizə apardığını söylədiyindən elə özünün mənsub olduğu Respublikaçılar Partiyasının da arzuolunmayan namizədinə çevrildi. Yəni siyasətdə cəmi bir il ərzində peyda olan, öz partiyasının nəinki dəstəyini, əksinə, maneəsini görən, heç bir siyasi təşkilatlanmaya malik olmayan bu milyarder qısa müddət ərzində ali vəzifə uğrunda iki namizəddən birinə çevrilirsə və hazırda amerikalıların 41 faizinin etimadını qazanırsa, ona qeyri-ciddi adam deməyin özü qeyri-ciddi səslənir. Trampın qısa müddətdə belə möhtəşəm rəğbət qazanması elə Amerika cəmiyyətinin öz hakimiyyətlərinin siyasətindən, Ağ Evin transmilli korporasiyaların lobbi mərkəzinə çevrilməsindən duyduqları narahatlıqdır. Yəni Trampa olan etimad əslində ABŞ-ın xarici və daxili siyasətinə amerikalıların duyduğu etimadsızlıqdır!
Ağ Evin sistemi sadə amerikalılara qənim kəsilib...
Donald Tramp rəqibi Hillari Klintonu oliqarxların təmsilçisi sayır, onu sadə vətəndaşların maraqlarını qorumamaqda günahlandırır, korrupsiyalaşmış sistemin mənafeyini ifadə etdiyini faktlarla göstərir. Respublikaçı namizədin "mən Klintona qarşı mübarizə aparmıram, mən bu qadının simasında oliqarxlara, hərbi-sənaye korporasiyalarına, xalqı soyan banklara, Sorosun siyasi fırıldaqçılarına qarşı döyüşürəm və bu döyüşdə xalqım mənimlədir” bəyanatı onun məğlubiyyətini əvvəlcədən məlum edir. Tramp deyir ki, ABŞ sərhədlərindən kənarda apardığımız savaşlar milli maraqlarımızın qorunmasına, beynəlxalq terrorizmin ləğvinə, təhlükəsizliyimizin təmininə yönəlməyib: "Bu savaşlar yalnız iri korporasiyaların dünyanın sərvətlərini bölüşdürməsinə, onların varlanmasına yönəlib. Amerikalıların cibindən savaşlara axan milyonlar dayandırılmalıdır. Bizə savaş yox, sabitlik və Rusiya ilə müttəfiqlik lazımdır. Mən bu sistemin nə olduğunu, hansı rəzalətdə olduğunu çox yaxşı bilirəm. Çünki uzun illər özüm onun tərkib hissəsi olmuşam. Yaxşı bilirəm ki, bu sistem sadə amerikalılara qənim kəsilib və onlarla pis oyun oynayır”.
ABŞ demokratiyasının ən "parlaq” göstəricisi...
Milyarder namizədin ABŞ-ın seçki sistemindəki qüsurları, daha doğrusu, total saxtakarlığa əlverişli şərait yaradan boşluqları gündəmə gətirməsi əslində yenilik olmadı. Çünki bu faktlar dünya ictimaiyyətinə məlum idi. Hər bir ölkədə keçirilən seçkiləri təftiş etməyi, onu qiymətləndirməyi özünə "müqəddəs borc” bilən Ağ Ev rəhbərliyi öz dövlətində baş verən seçki pozuntularını, nöqsanları gizlədir. Bunları açıqlayanlar isə dərhal "qara siyahı”ya salınır. Məsələn, sonuncu prezident seçkilərində Barak Obamanın qazandığı qələbəni şübhə altına alacaq, yaxud da seçkilərin nəticələrinin tanınmaması üçün hüquqi zəmin yaradacaq yetərincə faktlar olsa da, onlar heç araşdırılmaya da qəbul edilmədi. Amerikasayağı ört-basdır edildi. Belə ki, bəzi seçki məntəqələrində Respublikaçılar Partiyasının nümayəndələri heç bir əsas gətirilmədən seçki prosesinin izlənməsindən kənarlaşdırılmış və nəticədə həmin məntəqələrdə Obamanın qələbəsi 95-99 faiz aralığında olmuşdu. Yaxud da Klivlendin 21 məntəqəsində o, səslərin 100 faizini qazanmışdı ki, burada da respublikaçı müşahidəçilərin fəaliyyətinə qadağa qoyulmuşdu. Nəticədə demokratların namizədi 108 faizlik "xalis qələbə” qazanmışdı. Corc Buş və A.Qor arasında 16 il öncəki seçki yarışı da unudulmayıb. C.Buşun məğlubiyyətinin qaçılmaz olduğu anlaşılarkən, onun qardaşının qubernator olduğu Florida ştatında səslər yenidən sayılmağa başlanıldı. Səslərin sayılması yekunlaşmadan Qor Corc Buşa uduzduruldu.
ABŞ-da 2 milyon "ölü can” seçkilərdə "dirilir”
"Soros-Rotşild hegemonluğu” adını almış iqtisadi-siyasi fövqəlgüc yeni namizədin qələbəsini təmin etmək üçün budəfəki seçkilərə xüsusi "maya qoyur”. Seçki qanunvericiliyində məqsədli şəkildə yaradılan süni boşluqlar perspektiv saxtakarlıqlar üçün münbit şərait yaradır. Ən böyük problem odur ki, ABŞ-da seçkilər mərkəzləşdirilmiş qaydada baş vermir. Hər bir ştatın özünəməxsus seçki komissiyası yaratma qaydası, səsvermə və səssayma proseduru var. Onlar da hər dörd ildən bir "lazımi düzəlişlərə” ehtiyac duyur. Yəni hər bir qubernator ştatındakı seçki prosedurunu mənsub olduğu partiyanın namizədinin mənafeyi üçün mütəmadi "tənzimləyir”. ABŞ-da vətəndaşların 20 faizə yaxın hissəsinin adı seçici siyahısına düşmür. 3 milyondan artıq seçici isə bir neçə fərqli şəhərdə qeydiyyatdadır ki, onların da hər birində səs verə bilər. Bundan əlavə, vəfat etmiş 2 milyondan artıq seçicinin adı hələ də siyahılardadır və müstəqil ekspertlərin fikrincə, bu "ölü canlar” saxtakarlıq üçün mükəmməl vasitədir. ABŞ-ın 19 ştatında vətəndaşlardan seçki məntəqəsində yalnız adı öyrənilir və adın şəxsiyyəti təsdiq edən vəsiqə vasitəsilə təsdiqinə ehtiyac duyulmur. 16 ştatda isə vəsiqəyə baxılır, amma bu sənəddə şəklin olması mütləq deyil. Qalan 15 ştatda isə şəkilli sənəd tələb olunsa da, seçki məntəqəsinə həmin vətəndaşı səsvermədən kənarlaşdırmaq səlahiyyəti verilib. Seçki saxtakarlığının daha geniş miqyas aldığı məqam erkən səsvermə ilə bağlıdır. Vətəndaşlar bu hüquqdan 32 ştatda yararlana bilərlər, 27 ştatda seçicilər poçt vasitəsilə öz seçimlərini göndərmək imkanındadırlar. Bu prosedur isə ciddi pozuntularla müşayiət olunur. Onu da qeyd edək ki, ABŞ-da seçkilərin qəribəliyinin biri də Oreqon və Vaşinqton ştatlarında səsvermənin yalnız poçt vasitəsilə aparılmasıdır. Yəni vətəndaşlar seçkilərdən 1 həftə öncədən etibarən məktub vasitəsilə seçki məntəqəsinə öz seçimlərini yollayır. Məktubların necə qorunması və oxunması isə Amerika "ədalətinin” öhdəsindədir.
İsmayıl