AMİP-in beynəlxalq əlaqələrinin geniş olduğunu söyləyən Ə.Oruclu qeyd edib ki, 80-dən çox ölkənin 100-dən çox sağ-mərkəzçi partiyasını birləşdirən Beynəlxalq Demokrat İttifaqının 1997-ci ildən bərabər hüquqlu üzvüdürlər:
AMİP-in yaranmasından 25 il ötür - Keçilən tarixi, siyasi yola NƏZƏR
Əli Oruclu: "AMİP indiyə qədər Azərbaycan siyasi həyatında müəyyən rol oynayıb və müəyyən dövrlərdə ölkənin ana müxalifət funksiyasını öz üzərinə götürüb"
AMİP-in beynəlxalq əlaqələrinin geniş olduğunu söyləyən Ə.Oruclu qeyd edib ki, 80-dən çox ölkənin 100-dən çox sağ-mərkəzçi partiyasını birləşdirən Beynəlxalq Demokrat İttifaqının 1997-ci ildən bərabər hüquqlu üzvüdürlər:
Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaranmasından 25 il ötür.
Belə ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 3-4 iyul 1992-ci ildə təsis edilib, 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiyadır. Bu partiyanın yaranması ilə müasir Azərbaycan tarixində 70 ildən sonra çoxpartiyalı sistemin əsası qoyulub.
Partiyanın hazırkı fəaliyyəti və 25 il ərzində əldə etdiyi nailiyyətləri haqqında Sherg.az-a danışan partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu partiyanın ölkənin ilk siyasi təşkilatı, Azərbaycan tarixində ilk siyasi partiya olduğunu vurğulayıb. AMİP-in keçdiyi tarixi yol haqqında qısa məlumat verən Ə. Oruclu deyib ki, müstəqilliyə yenicə qovuşduqda Azərbaycanda kommunist partiyası ləğv olunub və bu zaman partiya sistemində müəyyən bir boşluq yaranıb:
"Xalq hərəkatı var idi, Azərbaycan Xalq Cəbhəsi hərəkat idi. Lakin o, partiya deyildi. Bu boşluğu AMİP doldurdu. 1992-ci il 3 iyulda partiyanın təsis qurultayı keçirildi və partiya siyasi hakimiyyətə gəlmək iddiasını ortaya qoymuş oldu. AMİP indiyə qədər Azərbaycan siyasi həyatında müəyyən rol oynayıb və müəyyən dövrlərdə ölkənin ana müxalifət funksiyasını öz üzərinə götürüb.
Xüsusilə AMİP-in Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hakimiyyəti dövründə nüfuzu daha böyük idi və ölkədə bu partiya ilə hesablaşmamaq mümkün deyildi. Sonrakı dövrlərdə də təşkilatımız böyük sosial baza sahibi və nüfuz qazanmış partiyaya çevrildi. Bütün seçkilərdə iştirak edən partiya müəyyən dövrlərdə parlamentdə təmsil olunub".
AMİP-in beynəlxalq əlaqələrinin geniş olduğunu söyləyən Ə.Oruclu qeyd edib ki, 80-dən çox ölkənin 100-dən çox sağ-mərkəzçi partiyasını birləşdirən Beynəlxalq Demokrat İttifaqının 1997-ci ildən bərabər hüquqlu üzvüdürlər: "Təşkilatımız Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq partiyası ilə əməkdaşlıq edir və bu quruma da üzvlük ərəfəsindədir. Eyni zamanda partiyamızın digər xarici ölkələrlə ikitərəfli əməkdaşlığı da var. Bu partiya novator siyasi təşkilatdır və bir sıra işlərə, uğurlara imza atıb. Bu baxımdan indiki dövrdə də önəmi mühümdür. Partiya siyasi məktəb rolu oynayıb. Hakimiyyətdə də, müxalifət cəbhəsində də AMİP-in yetişdirdiyi kadrlar kifayət qədərdir.
İndiyə qədərki prezident seçkilərində AMİP ən böyük koalisiyalarla iştirak edib və demək olar ki, seçkilərin nəticələrinə görə ikinci, üçüncü yerləri tutub. AMİP-in bu gün də böyük nüfuzu və hörməti var. Partiyanın bütün rayonları əhatə edən strukturları mövcuddur. 1998-ci ildə AMİP-in prezidentliyə namizədi Etibar Məmmədova 1 milyon 600 min seçici səs verib. Bu protokolların nəticəsi böyük əhəmiyyət daşıyır".
AMİP-in Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açan Ə.Oruclu söyləyib ki, bu barədə çox danışmaq olar:
"Bu gün bizim üçün ən vacib məsələ ölkənin istiqlalını saxlamaq, milli dövlətçiliyi qorumaq, milli təhlükəsizliyə töhfə vermək, siyasi institutların möhkəmlənməsinə və demokratik inkişafa xidmət göstərilməsindən ibarətdir”.
Partiyanın hazırkı sosial bazasına gəldikdə isə şura sədri qeyd edib ki, sosial baza hər zaman dəyişkən olub:
"Bu dünya praktikasında da belədir. Müəyyən dövr üçün sosial baza arta da bilər, azala da bilər. Bu artıq həmin partiyanın fəaliyyətindən və ölkədəki siyasi proseslərdə fəaliyyətindən asılıdır. Mən iddia etmirəm ki, 1998-ci ildəki həmin sosial bazamız qalıb. Buna baxmayaraq, AMİP-in stabil sosial bazası var. inanıram ki, növbəti seçkilərdə də vurğuladığımız rəqəmə yaxın səs qazana bilərik”.
AMİP-in sağ-mərkəzçi və mühafizəkar partiya olduğunu diqqətə çatdıran Ə. Orucovun sözlərinə görə, siyasət insanların həyatının bir parçasıdır və istər-istəməz əhali siyasi proseslərin bir hissəsinə çevrilir, öz münasibətini ortaya qoyur:
"İnanmıram ki, Azərbaycanda kimsə siyasətlə maraqlanmasın. Sadəcə olaraq, insanlar iki halda siyasətə qarışmaqdan imtina edir. Birinci hal odur ki, çəkinirlər. Hansısa təzyiqlərdən, basqılardan qorxurlar. İkinci hal isə odur ki, Azərbaycanda professional siyasətçilər azdır, yaxud siyasəti peşə, sənət kimi özünə aid etməyib. Bu mənada insanlar var ki, siyasətə qarışmadığını, maraqlanmadığını deyir. Onlarla bir dəfə söhbət etdikdə apardıqları siyasətin hamısının siyasi müzakirələr olduğunu görərik. Məncə, bu yaxşı hal deyil. Demirəm ki, bütün Azərbaycan xalqı sənətini kənara qoyub, siyasətlə məşğul olsun.
Lakin nəzərə almalıyıq ki, Azərbaycan konstitusiyanın ilkin maddəsində "hakimiyyətin mənbəyi xalqdır” fikri öz əksini tapıb. Hakimiyyət mənbəyini xalqdan alırsa, xalq verdiyi hakimiyyətdən mükafat tələb etməli, onun gördüyü işləri, yürütdüyü siyasəti izləməlidir. Bu yoxdur. Siyasi sosiallaşma dövlətin inkişafı üçün lazımdır. Siyasətə qarışmamaq o deməkdir ki, həmin şəxslər öz qurduqları dövlətə, yaratdığı hakimiyyətə və öz gələcəklərinə biganə yanaşırlar. Bu biganəlik isə yaxşı olmayan sonuclara gətirib, çıxarır. Siyasətçilər və jurnalistlər üçün ən böyük problem ondan ibarətdir ki, ölkədə ictimai qınaq yaratmağa nail ola bilmirik. Bu vəziyyətə çata bilsək siyasət də özünə layiqli yer tutacaq, siyasətşünaslar da məsuliyyət hiss edəcək”.
Aysel Aslan