Analitik: "Ankara Kremlin strateji oyunlarında iştirak edə bilər" - NATO-ya güvənmir





"Türkiyə NATO-nun üzvüdür. Bu dövlət məhz Rusiyanın nüvə hücumundan qorunmaq məqsədi ilə NATO-ya üzv olub”.

Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə S-500 raket komplekslərinin birgə istehsalı barədə təklifinin nəticələrindən danışarkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyib. 

Onun fikrincə, Ankara artıq NATO-ya güvənmir və özünə əsas təhlükəni Rusiyadan deyil, Amerika Birləşmiş Ştatlarından görür:

"Lakin bu o demək deyil ki, Ankara Kremlin strateji oyunlarında iştirak edə bilər. Ərdoğanın təklifi zənnimcə, bir siyasi blefdir. Hazırki şəraitdə Türkiyə və Rusiyanın əməkdaşlığı bu qədər uzağa gedə bilməz. Çünki Türkiyə NATO sisteminə tamamilə inteqrasiya olunmuş, o cümlədən də NATO ölkələri ilə birgə hava hücum sistemi qurmuş ölkədir. Türkiyə-NATO ölkələrinin vahid koordinasiya mərkəzləri var və birgə təlimlər keçirilir. Türkiyənin Rusiya, Çin və başqa ölkələrlə də hərbi sahədə əməkdaşlığı var.

 Lakin bu əməkdaşlığın müəyyən çərçivələri var və Türkiyə bu çərçivələri aşa bilmir. İstənilən halda, Türkiyənin NATO ölkələri və Qərblə əməkdaşlığı daha real görünür. Türkiyənin Rusiya və başqa ölkələrlə yaxınlaşması başa düşüləndir. Amma Türkiyənin tamamilə ABŞ-dan, Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşması gözlənilən deyil. Türkiyə bu məsələlərdə öz strategiyasına uyğun manevrlər edir. Türkiyənin son manevrləri də özünü doğruldur. Raket kompleksi barədə deyilənlər də bu manevrlərin davamıdır”.

Qeyd edək ki, Türkiyə prezidenti TV 24 telekanalına müsahibəsində Rusiyanın Ankaraya S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim etdiyini bildirib:
"Növbəti mərhələlərdə isə birgə istehsala başlayacağıq. Mən Putinə S-500-ləri birlikdə istehsal etməyi təklif etdim”.

Aysel Aslan